Ülvi Həsənlinin Penitensiar Xidmətdən və istintaq təcridxanasından şikayəti rədd edilib

Ülvi Həsənlinin Penitensiar Xidmətdən və istintaq təcridxanasından şikayəti rədd edilib Foto: sosial media
24 Oktyabr 2024
Mətni dəyiş

Vəkilin sözlərinə görə, “Abzas Media”nın direktoru təcridxanadakı problemlər haqda məlumatları yayandan sonra ölüm təhlükəsilə üz-üzə qalıb

"Abzas Media"nın direktoru, araşdırmaçı jurnalist Ülvi Həsənlinin Penitensiar Xidmətdən və 1 saylı Bakı İstintaq Təcridxanasından şikayəti rədd edilib. 

Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib. Vəkil bildirib ki, işə Xətai rayon Məhkəməsində baxılıb. Şikayət əsasən həbsdə saxlanılan şəxsin hüquqlarının pozulması, işgəncə görməsi, amansız rəftara məruz qalması halları ilə bağlı olub. 

"Məhkəməyə şikayətdə qeyd etmişdik ki, 1 saylı Bakı İstintaq Təcridxanasında su fasilələrlə, gündə 1-2 saat verilir, Həsənli 4 kvadratmetr yerdə saxlanılır, vəkillərlə görüşə gələrkən və görüşdən çıxarkən yoxlanılır, sorğu-suala tutulur. Telefon danışıqları dinlənilir", - deyə vəkil bildirib. 

Zibeydə Sadıqova həmçinin deyib ki, Ülvi Həsənli təcridxanada saxlanılan digər şəxslərə işgəncə verilməsilə bağlı məlumatları yaydıqdan sonra həyatına ciddi risk yaranıb. 

"O, ölüm təhlükəsilə üz-üzə qalıb. 11 sentyabrda onu Naib adlı əməkdaş vurub. 2 yaşlı uşağı ilə canlı görüşə icazə verilmir. Məhkəməyə qeyri-insani şəraitdə aparılıb-gətirilir", - vəkil şikayətdə qeyd edib. 

Sadıqova bildirib ki, qarşı tərəfdən heç kim məhkəmədə iştirak etməyib. Hakim Rəfail Sadıxov şikayəti rədd edib. 

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da jurnalist Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə reportyor Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

İyunun 1-də həbs olunan Fərid Mehralızadə də “Abzas Media işi” üzrə istintaqa cəlb olunub. Ancaq özü bu media orqanı ilə əlaqələrini inkar edir. “Abzas Media” redaksiyası da yaydığı bəyanatda iqtisadçı ilə heç bir əməkdaşlığın olmadığını açıqlayıb. 

Daha sonra “Abzas Media işi” üzrə həbs olunanlara qarşı yeddi əlavə maddə ilə daha ağır ittihamlar irəli sürülüb. İndi onlar Azərbaycan Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş gəlirləri leqallaşdırma), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 320.1 və 320.2-ci (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə), həmçinin 213.2.1-ci (qrup şəklində vergidən yayınma) maddələri ilə ittiham olunurlar.

Bu ittihamlarla onları əvvəlki kimi 8 ilədək deyil, 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Jurnalistlər bütün ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun