Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin peyvəndlə bağlı tender müsabiqələrində Milli Məclisin səhiyyə komitəsinin üzvü Kəmaləddin Qafarov və keçmiş səhiyyə nazirinin müavininə bağlı şirkətlər qalib gəlib. Hesablama Palatası isə ölkə üzrə sərf olunan peyvəndlərin yalnız 44,5 faizinin uşaqların peyvəndlənməsi üçün istifadə edildiyini, peyvənd dozalarının 51.1 faizinin isə yararsız hala düşərək itkiyə getdiyini açıqlayıb.
“Fevralın 4-də yuxudan oyananda gördüm ki qarın nahiyəsində qızartılar var. Bir gün əvvəl də qulağı ağrımağa başlamışdı. Səpkiləri görən kimi uşağı kənddəki uşaq həkiminə apardım ki, bu nədir? O da dedi, qızılcadır. Bir-iki vitamin yazdı və bizi rayon mərkəzinə – infeksiya şöbəsindəki həkimin yanına göndərdi”.
Astaranın Maşxan Kənd sakini Könül Əliyeva fevralın 8-də dünyasını dəyişən 5 yaşlı Yusifin anasıdır. Yusif Astara rayonundakı Ziya Bünyadov adına 2 saylı məktəbin rus bölməsinə məktəbəqədər hazırlığa gedirmiş. Anasının bildirdiyinə görə, qızılcaya da orada yoluxub.
Ekran görüntüsü: APA TV
Qızılcadan ölən uşağın anası: “Həkim dedi ki, seçkidəyəm, gələ bilmirəm”
“Fevralın 6-da gecə uşaqda ağrılar başladı, ayağı, qolu, bütün bədəni ağrıyırdı. Yata bilmirdi. Ayın 7-də səhər oyananda gördüm ki, uşağın bütün bədəni tutulub, tərpənə bilmir. Başını belə çevirib baxa bilmirdi. Zəng vurdum həkimə, yenə dedim ki, uşağı sizin yanınıza gətirirəm, baxın. Həkim dedi ki, seçkidəyəm, gələ bilmirəm. Həkimin biri Bakıda, digəri də rayonda seçkidə idi. Ayın 7-də prezident seçkisi keçirilirdi”, – Könül Əliyeva danışır.
Valideynləri həmin gün Yusifi Astara rayon Mərkəzi Xəstəxanasında infeksiya xəstəlikləri şöbəsinin müdiri həkim Tarzan Dadaşovun məsləhətilə Təcili Tibbi Yardım Xəstəxanasına aparıblar.
“Vəziyyəti pisləşəndə heç kim xəstəxanaya gətir demədi, telefonla resept yazdılar. Xəstəxanada yenidən sistem qoşuldu və ağrının kəsilməsi üçün 2 “smes” vuruldu. Ancaq uşağın ağrıları keçmədi. Elgün həkim zəng vurdu uşağın həkimlərinə, onlar da dedilər ki, apar evə, sabah gətir. Tarzan həkim demişdi ki, hərarəti yüksək deyilsə, qorxulu heç bir şey yoxdur”.
Fevralın 7-də xəstəxanadan evə gətirilən Yusif həmin günün səhəri vəfat edir.
Azərbaycanda qızılca Yusifin ölümündən bir neçə ay əvvəl – ötən ilin noyabrından sürətlə yayılmağa başlayıb.
Azərbaycan yoluxmaya görə Avropa regionunda 1-ci yerdə qərarlaşıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2023-cü ilin avqustundan bu ilin avqustunadək Azərbaycanda 30 379 qızılcaya yoluxma halı qeydə alınıb. Əhalinin hər 1 milyon nəfərinə düşən yoluxma sayına görə Azərbaycan Avropa regionu ölkələri arasında 1-ci yerdə qərarlaşıb. Təşkilat bəyan edib ki, qızılcaya yoluxmanın qarşısını hər iki pevənd dozasını vurmaqla almaq mümkündür. Bəs Azərbaycan infeksiya yayılmamışdan öncə bu tələbə tam əməl edibmi?
Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramına uşaqların vaksinasiyasının tam və vaxtında əhatə olunması daxildir. Profilaktik peyvənd təqviminə görə, doğulduğu gündən 6 yaşadək uşaqlara 9 dəfə peyvəndlənir. Qızılca, məxmərək və parotitə qarşı vaksinasiya körpələr 12 aylıq və 6 yaşda olanda həyata keçirilir.
2016–2022-ci illərdə uşaqların yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində baş tutub. 2023-2024-cü illərdə yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair həyata keçirilən proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi də bu quruma həvalə olunub.
Ölkədə qızılca əleyhinə ən az peyvəndləmə 2020-ci ildə – COVID19 pandemiyası ilə bağlı məhdudiyyətlər tətbiq olunan zaman qeydə alınıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, həmin il birinci doza ilə peyvəndlənən uşaqlar 82,3 faiz, ikinci doza ilə isə 78,9 faiz təşkil edib. 2023-cü ildə isə 1-2 yaşlı uşaqlar arasında qızılca, məxmərək və epidemik parotitə qarşı peyvəndləmə 96,2 faiz, 6 yaşa qədər uşaqlar arasında isə 93,2 faiz olub.
Hesablama Palatası: Mallar yerli şirkətlərdən baha qiymətlərlə alınıb
Hesablama Palatasının uşaqların yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikasına dair apardığı auditin nəticələri isə rəsmi qurumların vaksinasiya ilə bağlı açıqlamalarını alt-üst edir. Audit nəticəsində məlum olub ki, 2016-2022-cı illərdə ölkə üzrə sərf olunan peyvəndlərin yalnız 44,5 faizi uşaqların peyvəndlənməsi üçün istifadə edilib, peyvənd dozalarının 51.1 faizi isə yararsız hala düşərək itkiyə gedib. Bu, İnnovasiya və Təchizat Mərkəzində (İTM) peyvəndlərin saxlanma şəraitinin tələblərə uyğun olmaması səbəbindən baş verib.
Auditdə peyvəndləməyə cəlb olunan tibb müəssisələri və həkim-pediatrların sayı ilə bağlı çatışmazlıq da öz əksini tapıb. Qeyd olunur ki, “Pediatriya” və “Yoluxucu xəstəliklər” ixtisasları üzrə kadr təyinatları əsasən, Bakı üzrə həyata keçirilib. Ölkə boyu 74 Epidemioloji Mərkəzdə 144 həkim-epidemioloq ştatının təxminən yarısı boş qalıb.
Hesablama Palatasının boş qalan yerlərlə bağlı tərtib etdiyi sorğu pediatr və epidemioloqlara verilən əmək haqqının az olmasını üzə çıxarıb ki, bu da uşaqların faktiki həkimsiz qalmasına səbəb olub. Peyvəndlərin orta hesabla 44,6 faizi vaxtında vurulmayıb.
Dövlət satınalmalarının saytında bu istiqamətdə olan tenderləri monitorinq edəndə məlum olur ki, auditin əhatə etdiyi dövrdə “UNİCEF”dən təqribən 20 milyon manat dəyərində vaksin və tibbi təyinatlı vasitələr alınıb. 42 milyon manatlıq vəsaitin nəticələrini araşdıran Hesablama Palatası qeyd edib ki, qurumlar “UNICEF”lə əməkdaşlıq imkanlarından tam istifadə etməyiblər, nəticədə mallar yerli şirkətlərdən baha qiymətlərlə satın alınıb. Bunlar hansı şirkətlər olub?
Keçmiş nazir müavininə bağlı “Zeytun Pharmaceuticals” MMC
Səhiyyə Nazirliyi peyvənd gətirən şirkətlərin adlarını açıqlamayıb. Amma Hesablama Palatasının yoxlamaya daxil etdiyi 2016-2022-ci illərdə elan olunan dövlət satınalmalarına dair tender siyahısında “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rast gəlinir.
Dərman vasitələrinin topdan və pərakəndə satışını həyata keçirən bu şirkət Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin elan etdiyi tenderlərin qalibi olub. Şirkət 2017-ci ildə ölkəyə 304194 manat, 2018-ci ildə isə bir dəfə 305 473 manat, ikinci dəfə 1 255 269 manat, 2019-cu ildə isə 1 296 782 manat dəyərində vaksinlər, diaqnostikumlar və tibbi təyinatlı vasitələr gətirib.
“Zeytun Pharmaceuticals” MMC Səhiyyənin Təminat Mərkəzinin bu il elan etdiyi tender müsabiqəsinin də qalibi olub. Şirkətlə qurum arasında 396 480 manat dəyərində bağlanan müqavilədə qızılca və məxmərək infeksiyasına qarşı vaksinlərin satın alınması nəzərdə tutulub.
2024-cü ilin iyulunda dərc edilən satınalma müqaviləsinə görə, şirkət Səhiyyənin Təminat Mərkəzini qızılca və məxmərəyə qarşı 396 480 manat dəyərində olan peyvəndlə təmin edib.
Qızılca peyvəndini satın alan şirkət
Satınalan qurum |
İl |
Məbləğ (manat) |
Qalib müəssisə |
Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi |
06.04.2017 |
304.194,6 |
“Zeytun Pharmaceuticals” MMC |
Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi |
22.02.2018 |
305.473,68 |
“Zeytun Pharmaceuticals” MMC |
Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi |
22.02.2018 |
1. 255. 268, 66 |
“Zeytun Pharmaceuticals” MMC |
Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəz |
30.01.2019 |
1. 296. 782, 24 |
“Zeytun Pharmaceuticals” MMC |
Səhiyyənin Təminat Mərkəzi |
04.07.2024 |
396. 480 |
“Zeytun Pharmaceuticals” MMC |
Cəmi: |
3. 558. 198, 64 |
“Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə Səbail rayonu, Niyazi küçəsi ev 5, mənzil 15 ünvanında qeydiyyatdan keçib. Bu Səhiyyə Nazirliyinin Analitik Ekspertizası Mərkəzinin keçmiş direktoru və sabiq səhiyyə naziri Oqtay Şirəliyevin müavini olmuş Əbülfəz Abdullazadənin rəsmi qeydiyyat ünvan olub. Şirkət 2016-ci ilin iyulunadək bu ünvanda qeydiyyatda görünüb.
“Səhiyyə orqanlarında qulluqda olan dövlət qulluqçularının etik davranış” Qaydalarına görə, dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli, qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Deputata bağlı “Solamedikal” Məhdud Məsuliyyətli Cəmiyyət
Qızılca peyvənd satınalmasına dair tenderi udan daha bir müəssisə “Solamedikal” Məhdud Məsuliyyətli Cəmiyyət olub. Şirkət ötən il qızılcaya yoluxma pik həddə çatanda Səhiyyənin Təminat Mərkəzinin elan etdiyi 247 446 manatllıq tender müsabiqəsini qazanıb. Xidmətə qızılca və məxmərəyə qarşı liofilizə olunmuş canlı vaksinin və şprislərin satın alınması daxil olub.
Dövlət reyestri məlumatlarına görə, 2019-cu ilin noyabrında təsis olunan “Solamedikal” MMC-nin qanuni nümayəndəsi Səlimov Ruslan Akif oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 18-də yerləşir.
Mərkəzi Seçki Komissiyasının seçici siyahısına görə, Ruslan Səlimov İsmayıllı rayonunun Kəlbənd kəndində qeydiyyatdadır. Kənd sakinləri onun uzun illərdir kənddə deyil, Bakıda yaşadığını bildiriblər. Səlimovun sahibkar olmasına isə şübhəylə cavab veriblər.
Səlimovun özü ilə danışanda isə məlum olub ki, o, müəssisənin tenderdə iştirakından və müsabiqədə qalib gəlməsindən xəbərsizdir.
Qanuni nümayəndəsinin sahibkar kimi heç yerdə adının keçmədiyi “Solamedikal” MMC-nin daha bir müəssisə ilə də bağlılığı var ki, bu da Kanon Tibb Mərkəzidir.
Milli Məclisin deputatı Kəmaləddin Qafarov 2008-ci ildə dərman vasitələrinin satışı ilə məşğul olan AzeriMed şirkətinə bağlı bu müəssisənin təsisçisi olub.
”AZƏRİ MED” Qapalı Səhmdar Cəmiyyəti özündə “Kanon”, “Zəfəran Aptek”, “Zəfəran Hospital”, “Günəbaxan Aptek” “Tibbi market” və “Dərman Tap” brendlərini birləşdirir.
2009-cu ildən 2023-cü ilədək ”AZƏRİ MED” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Mustafa Kamal Atatürkç Məhəllə 3078A, ev 65A, mənzil 155 olub. Kəmaləddin Qafarovun rəsmi qeydiyyatı da bu ünvanda görünür. Amma deputatın bu ünvanda qeydiyyatda olduğuna dair məlumat sonradan Mərkəzi Seçki Komissiyasının seçici siyahısında gizlədilib.
Kəmaləddin Qafarov həm də Milli Məclisin səhiyyə komitəsinin üzvüdür. Amma onun keçmişi tək deputat mandatı ilə məhdudlaşmayıb. Qafarov 2014–2015-ci illərdə Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyevin müavini vəzifəsində çalışıb. Cəmil Əliyev prezident İlham Əliyevin dayısıdır.
Araşdırma zamanı deputata bağlı Kanon MMC-nin hakim ailəyə məxsus bir bankla əməkdaşlıq etdiyi də üzə çıxıb. Şirkətə bağlı və dərmanların onlayn satışı ilə məşğul olan “aptekonline.az“ COVID19 pandemiyası dövründə prezident Əliyevin qızlarına məxsus “Paşa Bank”ın kart sahiblərinə güzəştli kampaniya elan edib. Belə ki, 10 manatdan yuxarı olan sifarişlər bankın müştərilərinə pulsuz çatdırılıb. Qeyd edək ki, “aptekonline” həm də onkoloji xəstəliklərə qarşı yazılan dərmanların satışını həyata keçirir.
Ekran görüntüsü: sosial media
Milli Məclis deputatının etik davranış qaydaları haqqında qanunun 5-ci maddəsinə əsasən, deputat elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olmamalıdır. Bunlar deputat statusu ilə bir araya sığmayan fəaliyyətlər sırasına daxildir.
Bundan başqa, deputatın gerçəkləşdirdiyi və ya nəzərdə tutduğu fəaliyyəti zamanı qanunun tələbinə uyğunsuzluqla bağlı şübhəsi olarsa, bu məsələyə dair Milli Məclisin İntizam Komissiyasının rəyini öyrənməli və ona əsaslanmalıdır.
Qeyd edək ki, Kəmaləddin Qafarov həm də parlamentin İntizam Komissiyasının üzvüdür.
Beləliklə, Hesablama Palatasının uşaqların immunoprafilaktikası haqqında rəyi, eləcə də reyestr məlumatları peyvəndləmə ilə bağlı ciddi problemlərin olduğunu, peyvəndlərin gətirilməsilə məşğul olan şirkətlərin Səhiyyə Nazirliyinin yüksək rütbəli məmuru və Milli Məclisin deputatına bağlı olduğunu, bu şirkətlərin isə öz növbəsində Prezidentin ailə üzvlərinə məxsus bankla əməkdaşlığını üzə çıxarıb.
Bunların fonunda Səhiyyə Nazirliyi qızılcadan ölənlərin statistikasını gizli saxlayır. Nazirlik bu suallara cavab almaq məqdəsilə göndərilən sorğunu cavablamayıb.
Dövlət Statistika Komitəsindən isə bildirilib ki, qızılca səbəbindən ölüm halları “müşahidəsi aparılan göstəricilər siyahısına” daxil olmadığından qurum bu kateqoriyadan olan statistikasını aparmır.
Mediada Bakı, Hacıqabul, Cəlilabad, Qazax, Şirvan, Qobustan və Şəkidə qızılcadan ölüm hallarına dair xəbərlər dərc olunub.
Yusufin müalicə olunduğu Astara rayon Mərkəzi Xəstəxanasının rəsmi elektron səhifəsində dərc olunan aylıq statistikada isə ay ərzində 10 000-dən çox şəxsin xəstəxanaya müraciət etdiyi xəstəxanaın fəaliyyəti nəticəsində effektivliyin 100 faiz olduğu yazılıb. 5 yaşlı Yusifin vəfatı bu statistikada əksini tapmayıb.