Şuşadakı aksiyalarda iştirak edənlər onlara ayrılan qrant məbləğindən narazıdırlar
Qeyri-hökumət Təşkilatlarının bir qrup nümayəndəsi Dövlət Agentliyinin onların təqdim etdiyi layihələri ya qəbul etməməsindən, ya da məbləğini xeyli azaltmasından şikayətçidirlər. Söhbət Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi qrant müsabiqəsindən gedir.
Etirazçıların bəziləri Şuşa-Xankəndi yolunda 2022-ci il dekabrın 12-dən aprelin 28-nə kimi davam edən 138 günlük aksiyada iştirak etdiklərini bildirib, Agentliyi bunu nəzərə almamaqda ittiham ediblər.
Etiraz edənlərdən biri- Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı Abzas Media-ya deyir ki, onlar Şuşanın türk dünyasının paytaxtı olması ilə bağlı rəsm müsabiqəsi keçirmək istəyiblər. Bu layihə üçün Agentlik onlara 8 min manat vəsait ayırıb. Onlar bu məbləğdən narazıdırlar.
“Agentliyin icraçı direktoru demişdi ki, köhnə QHT-lər yerində çürüyəcək, buna uyğun da bu addımları atırlar. Azay Quliyev gələndən, orada hər şey bərbad oldu. Bizim ağzımızdan vururlar ki, utanmırsınız Şuşadakı aksiyada olmağınızı deyirsiniz. Bəs siz utanmırsınız? Birinci biz getmişik Şuşaya. Həftələrlə rusun, erməninin qabağında olmuşuq. Məndə o fikir yoxdur ki, Şuşadakı aksiyada olmuşam, mənə 10 min yox, 20 min verilməlidir. Amma düşünürəm ki, hər zaman dövlətin yanında olan bu adamlar niyə sayılmamalıdır? Niyə üç ayın, bir ilin QHT-sinə böyük məbləğdə qrant verilməlidir?”.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri Aydın Xan Əbilov da Agentliyin müsabiqə nəticələrindən narazılıq edir.
Onun sözlərinə görə, onlar 2 layihə təqdim etsələr də, heç birinə maliyyə ayrılmayıb:
“Bir layihəmiz Qərbi Azərbaycanla, biri də Heydər Əliyevlə bağlı idi. Çox qəribədir ki, bu layihələrin heç biri keçməyib. Biz ictimai-siyasi hadisələrə çevik reaksiya verə biliriksə, niyə də bizim layihələrimiz dəstəklənməsin? Bu kiminsə dədəsinin pulu deyil axı, cənab prezidentin QHT-lərin inkişafı ilə bağlı ayırdığı vəsaitdir və o vəsait də bizim vergilərimizdən götürülüb paylanılır. Dünən yaranmış təşkilatlara 9 min pul ayrılır. Digər QHT-ləri məhv etmək hansı məmurun beyninin məhsuludur? Mən başa düşə bilmirəm bunu kim edib?”.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova isə deyir ki, etirazların bu formada edilməsini doğru saymır:
“Donor institutları müsabiqə elan edəndə, orada mütləq qalib gələcəksən deyə bir şey yoxdur. Narazılıqlar başadüşüləndir. Bu, beynəlxalq təşkilatlar müsabiqə keçirəndə də olur, yerli donor institutları keçirəndə də. Ona görə də, düşünürəm ki, bu etirazların xüsusilə bu formatda edilməsi doğru deyildi. Çünki bizim aydın, hüquqi prosedurumuz var. Narazılığı olan QHT-lər bizə müraciət edir, biz şikayətlərinə baxırıq. Bu prosedurları keçmədən bu cür aksiyaların keçirilməsi arzolunmaz və xoşagəlməz hadisədir. Eyni zamanda, qrant müsabiqəsində iştirak etməklə Şuşada aksiyada olmağı əlaqələndirmək ciddi suallar yaradır. Agentlik belə aksiya təşkil etməyib. Bu, könüllü bir aksiya idi. Könüllü olaraq ora gələn insanlar sonradan qrant tələb etmək üçün gəlməmişdilər. Bu, çox absurddur. Bu, bizim düşmənlərin, Azərbaycanı sevməyənlərin gözündə əks reaksiya yarada bilər”.
Səfərova əlavə edib ki, yazılan layihələrin keyfiyyəti standartlara uyğun olmayıb.
“Müşahidə Şurasının üzvü kimi sizə açıq deyim ki, layihələrin yazılış keyfiyyəti çox aşağı idi. Baxmayaraq ki, biz illərdir bununla bağlı təlimatlandırma aparırıq, amma yenə keyfiyyət çox aşağı idi. Biz layihələrin yazılış qaydasını, proqrama cavab verib-verməməsinə dair məsələləri əsas indiqator kimi götürsək, çox az layihə keçərdi. Bizim götürdüyümüz indiqator o olub ki, bu təşkilat bunu bacararmı? Keçmiş fəaliyyəti nə olub? Təşkilatların ayaqda durması üçün bu qrantlar çox vacibdir. Unutmayaq ki, qrant hədiyyə deyil, qrant layihə proqramında göstərilən fəaliyyətlərin icrası üçün verilir”.
Bir qrup QHT nümayəndəsi mayın 27-də Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər. Onlar QHT-lərə Dövlət Dəstəyi Agentliyinin onlara qarşı ayrı-seçkilik etdiyini, ya layihələrini qəbul etmədiyini, ya da az vəsait ayırdığını dilə gətiriblər.