“Citizen Lab”-in davamlı internet skanı və DNS keşin yoxlaması nəticəsində Azərbaycanda “BOZBASH” və “YANAR” adlandırılan şübhəli ən azı iki “Pegasus” operatoru olduğu müəyyən edilib".
Rəqəmsal təhlükəsizliklə bağlı ixtisaslaşmış “Access Now” bu sahədə olan digər təşkilatlarla birlikdə Ermənistanda casus proqramlarının qurbanlarını müəyyənləşdirib. Qurbanların siyahısında Ermənistanın keçmiş Ombudsmanı, Azadlıq Radiosunun erməni xidmətinin iki jurnalisti, Birləşmiş Millətlər Təşkilatının rəsmisi, Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş sözçüsü və vətəndaş cəmiyyətinin daha 7 nümayəndəsi var.
Dolayı sübutlar göstərir ki, bu hədəfalma İkinci Qarabağ müharibəsi zamanı baş verib. Bu, beynəlxalq müharibə kontekstində “Pegasus” casus proqramlarının istifadəsinə dair ilk sənədləşdirilmiş sübutdur.
Araşdırma zamanı 2020-ci ilin oktyabrından 2022-ci ilin dekabrına qədər müxtəlif vaxtlarda “Apple” cihazlarının “Pegasus” casus proqramları ilə hədəfə alındığı 12 şəxsin kimliyi müəyyən edilib.
“Casus texnologiyasının Ermənistan-Azərbaycan münaqişəsinə daxil edilməsi təhlükəsizlik və rifaha tam etinasızlığı nümayiş etdirir və həqiqətən də prioritetlərin nə qədər çirkin ola biləcəyini ifşa edir. İnsanlar mənfəətdən daha vacib olmalıdır - bütün dünyada casus proqramlarını zərərsizləşdirməyin vaxtıdır” – “Access now” təşkilatının texniki məsləhətçisi Nataliya Krapiva deyib.
Araşdırma “Apple”-ın 2021-ci ilin noyabrında istifadəçilərinə dövlətin dəstəklədiyi casus proqramlarının hədəfi ola biləcəkləri ilə bağlı xəbərdarlıq bildirişi göndərdikdən sonra başlayıb.
Bundan sonra Ermənistandan bir neçə şəxs “CyberHUB-AM” və “Access Now”-nun Rəqəmsal Təhlükəsizlik Yardım Xəttləri ilə əlaqə saxlayaraq cihazlarında bu cür casus proqramlarının olub-olmadığını yoxlamaq üçün kömək istəyiblər.
“Access Now” “Citizen Lab”-ın məhkəmə-tibbi yardımı ilə həmin şəxslərdən ən azı birinin - Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş sözçüsü və hazırkı QHT işçisi Anna Naqdalyanın “Apple” cihazının “Pegasus”-a yoluxduğunu təsdiq edə bilib. Daha sonra vətəndaş cəmiyyətinin, jurnalistlərin telefonunda da bu casus proqramı üzə çıxıb.
Ermənistanda 12 şəxsin casus proqramı ilə izlənilməsi fonunda Qarabağda müharibə, həmin ilin oktyabrında bununla bağlı sülh danışıqları və 9 noyabrda tərəflər arasında imzalanan atəşkəs razılaşması yer alır. Ermənistanın müharibədə məğlubiyyəti ölkə daxilində böyük siyasi böhrana və etiraz dalğalarına, yüksək rütbəli hərbi rəsmilərin baş nazir Nikol Paşinyanın istefasını tələb etdiyi iddia edilən hərbi çevriliş cəhdinə səbəb olub. Paşinyan 2021-ci ilin aprelində istefa verəcəyini bəyan edib və 2021-ci ilin iyununda növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyib.
Mobil telefonunda Pegasus izlənməsi aşkarlanan jurnalistlər deyir ki, bu, onların erkən parlament seçkilərinin keçirildiyi və həmin jurnalistlərin bunu işıqlandırdığı tarixlərə təsadüf edib.
Eyni zamanda, Qarabağ münaqişəsi 2021-ci ilin may, iyul və noyabr aylarındakı toqquşmalarla yenidən şiddətlənməyə başlayıb. Casus proqramının ermənistanlı qurbanlarının əksəriyyəti 2020-2021-ci illərdəki bu hadisələr zamanı müdaxiləyə məruz qalıblar; onların arasında 30-dan çox “Pegasus” müdaxiləsi olan var.
2022-ci ildə “Pegasus”-un ikinci hücumu həmin ilin sentyabrında baş verən böyük qarşıdurmaya, oktyabrda Praqa və Soçidə sülh danışıqlarına, Azərbaycanın dekabrın 12-dən başlayan Laçın dəhlizini nəzarətə götürməsinə qədər davam edib.
Azərbaycanla müharibənin davam etdiyi tarixdə Xarici İşlər Nazirliyinin sözçüsü kimi işləyən və hazırda QHT nümayəndəsi kimi fəaliyyət göstərən Anna Naqdalyanın müraciəti əsasında baş tutan araşdırma nəticəsində mütəxəssislər müəyyən edib ki, onun mobil telefonu 2020-ci il oktyabr – 2021-ci il iyul tarixləri arasında 27 dəfə ələ keçirilib və bu, demək olar ki, ayda 1 dəfə baş verib.
İzlənməyə məruz qalan daha bir şəxs isə Kristina Qriqoryandır. O, həmin vaxt Ermənistanın Ombudsmanı kimi fəaliyyət göstərib. Fəaliyyəti dövründə onun mandatına həm də hərbçilərin hüquqlarını müdafiə etmək daxil idi.
Araşdırmada ehtimal olunur ki, K.Qriqoryanın “Apple” cihazı 4 oktyabr 2022-ci il ərəfəsində virusa yoluxdurulub. 2022-ci il 5 sentyabrda o, azərbaycanlı həmkarı, Ombudsman Səbinə Əliyeva ilə görüşüb və bu zaman onlar bir-birilərinə mobil telefonlarını veriblər, amma Səbinə Əliyeva onun zəng və mesajlarına cavab verməyib. Bundan bir neçə gün sonra iki ölkə arasında hər iki tərəfin itkilər verdiyi sentyabr döyüşləri başlayıb.
Telefonu “Pegasus” vasitəsilə ələ keçirilərək izlənən şəxslərin bir qismi adının açıqlanmağından imtina edib və onlar bunu peşəkar, şəxsi səbəblərlə əsaslandırıblar.
“Pegasus” izləmə proqramını istehsal edən “NSO Group” bunu hökumətlərə satdığını deyib və indiyə qədər jurnalist araşdırmaları bunun əsasən doğru olduğunu göstərir. Araşdırma müəllifləri hesab edir ki, bu əməliyyatın arxasında “Pegasus” istifadəçisi olan hökumət dayanır.
Araşdırmada qeyd edilib ki, nə “Access Now”, nə də “Citizen Lab” və “Amnesty International” “Pegasus” casus proqramının istifadəsini konkret bir hökumətlə əlaqələndirə bilib.
Mütəxəssislər hesab edir ki, Ermənistanda hədəfə alınan şəxslər hökumət tənqidçiləri olduğundan, ehtimal edilə bilər ki, izləmədə Ermənistan hökumətinin marağı olub. Amma “Access Now” Ermənistanın “Pegasus” istifadəçisi olduğuna dair texnoloji sübut tapa bilməyib.
“Bunu da qeyd etmək lazımdır ki, Ermənistan hökumətinin başqa bir casus proqramı – “Cytrox’s Predator”-dan istifadə etdiyi güman edilir” araşdırmanın müəllifləri qeyd ediblər.
Bununla yanaşı, Azərbaycan hökumətinin “Pegasus”-un istifadəçisi olması və izlənən 12 nəfər barədə məlumat almağın bu hökumətin də marağında olması barədə əsaslı şübhələr var. “Citizen Lab”-in davamlı internet skanı və DNS keşin yoxlaması nəticəsində Azərbaycanda “BOZBASH” və “YANAR” adlandırılan şübhəli ən azı iki “Pegasus” operatoru olduğu müəyyən edilib.
“Belə görünür ki, “YANAR” Pegasus operatoru əsasən ölkə daxilindəki hədəflər, “BOZBASH” isə xarici, daha çox Ermənistandakı hədəflərin izlənməsi üçün nəzərdə tutulub” – “Citizen Lab” deyib.
Bundan öncə isə Amensty International, "Forbidden Stories" və beynəlxalq media orqanları konsorsiumunun “Pegasus Project” adlı birgə araşdırması nəticəsində məlum olmuşdu ki, “Pegasus” izlənməsi üçün seçilmiş şəxslərin siyahısında 1000-dən çox azərbaycanlının mobil telefon nömrələri var.
“Pegasus Project” onlardan 245 nəfərinin kimliyini müəyyənləşdirə bilib. Bu şəxslər arasında reportyorlar, redaktorlar, media rəhbərləri, insan hüquqları müdafiəçiləri, vəkillər, müxalif fəallar və akademiklər var idi.
"Bu təhqiqat göstərir ki, skandallara, bununla bağlı məhkəmə proseslərinə və sanksiyalara baxmayaraq, NSO Group açıq şəkildə bütün dünyada sui-istifadə hallarına şərait yaratmağa davam etməyi seçib. “Pegasus” casus proqram təminatının zorakı münaqişə kontekstində istənilən tərəfə təqdim edilməsi, ciddi insan hüquqları pozuntularına və müharibə cinayətlərinə töhfə vermək və onlara yardım etmək kimi aşkar, əhəmiyyətli riskə malikdir"-“Access Now” təşkilatı bildirib .
“CyberHUB-AM”, Toronto Universitetinin Munk Qlobal Məsələlər Məktəbinin Vətəndaş Laboratoriyası “Citizen Lab”, Amnesty İnternational-ın Təhlükəsizlik Laboratoriyası və müstəqil mobil təhlükəsizlik tədqiqatçısı Ruben Muradyan arasında aparılmış birgə araşdırma hakerlik faktını üzə çıxarıb.
Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.