İtkin düşmüş Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb

İtkin düşmüş Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb
12 Aprel 2023
Mətni dəyiş

Ermənistan sakinlərinin çəkdiyi videoda azərbaycanlı hərbçi üç gün torpaq üstündə yatdığını və heç nə yemədiyini deyir

Azərbaycan Naxçıvanla sərhəddə iki əsgərinin itkin düşdüyünü bildirib. Ermənistan isə Azərbaycan hərbçisini ölkə sərhədlərinin 14 kilometrliyində saxladığını açıqlayıb. 

Azərbaycan Müdafiə Nazirliyi cümə günü iki əsgərin əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən itkin düşdüyünü bəyan edib.

Azərbaycanla sərhəddən 14 kilometr məsafədə yerləşən Sünik rayonunun Aşotavan kəndinin sakinləri yerli mətbuata bir əsgəri saxlayıb polisə təhvil verdiklərini bildiriblər.

Yaxınlıqdakı Bnunis kəndinin sakinləri də yerli mediaya bildiriblər ki, bazar günü axşam onların kəndlərində iki azərbaycanlı görülüb, lakin əsir götürülməyib. 

İkinci əsgərin harada olması barədə məlumat verilməsə də, Yerevan axtarış işlərinin davam etdiyini bildirib.

Ermənistanın vətəndaş cəmiyyəti əsgərlərin sərhədi keçməsindən və ölkə daxilində xeyli məsafə irəliləməsindən narahat olduqlarını bildiriblər.

Vanadzor Helsinki Vətəndaş Assambleyasının əməkdaşı Artur Sakunts AzadlıqRadiosuna deyib ki, Milli Təhlükəsizlik Xidməti “hətta bir nəfərin” sərhədi necə hiss edilmədən keçə bildiyini izah etməlidir.

Sosial şəbəkələrdə mülki geyimli hərbçilərdən birinin Aşotavanda insanlarla danışdığını əks etdirən video yayılıb.

Videoda əks olunan hərbçi Azərbaycan dilində üç gün torpaq üstündə yatdığını və heç nə yemədiyini deyib.

Azərbaycanlıların göründüyü iki kənd sərhəddən təxminən 14 kilometr aralıda yerləşir, ehtimal olunan marşrut və dağlıq ərazi sərhəddən kəndlərə gedən yolu xeyli uzadır.

Hər iki kəndin sakinləri bu hadisənin onların təhlükəsizliyi ilə bağlı narahatlıq yaratdığını bildirib və əraziyə hüquq-mühafizə qüvvələrinin cəlb edilməsini istəyiblər.

Sakinlər rəsmi versiyaya da şübhə ilə yanaşıblar. Bəziləri Ermənistana ikidən çox Azərbaycan əsgərinin daxil ola biləcəyini ehtimal ediblər.

Bnunis sakinlərindən biri yerli mediaya bildirib ki, müşahidə kameraları üçüncü Azərbaycan əsgərini də görüntüləyib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti hələlik insident və sakinlərin sualları ilə bağlı şərh verməyib.

Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində itkin düşən hərbi qulluqçuların axtarışı ilə bağlı zəruri tədbirlərin görüldüyünü bildirib.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun