Ermənistanda saxlanılan azərbaycanlı əsgərə qarşı yeni ittiham irəli sürülüb

Ermənistanda saxlanılan azərbaycanlı əsgərə qarşı yeni ittiham irəli sürülüb
20 Aprel 2023
Mətni dəyiş

İttihamda qeyd olunur ki, Hüseyn Axundov mühafizəçini öldürüb və onun telefonunu oğurlayaraq video çəkiliş aparıb


Ermənistanın Baş Prokurorluğu bu ölkədə əsir götürülmüş azərbaycanlı əsgər Hüseyn Axundova qarşı cinayət işi açıb. O, Zəngəzur mis-molibden zavodunda işləyən mühafizəçinin qətlində ittiham olunur. 

Baş prokurorun 18 apreldə yaydığı bəyanatda deyilir ki, Hüseyn Axundov aprelin 12-də 56 yaşlı Ayrapet Meliksetyanı güllələyərək qətlə yetirib, telefonunu oğurlayıb, sonra həmin telefonla video çəkib və sosial şəbəkələrdə paylaşıb. 

H.Axundovun saxlanılmasından sonra Ermənistan və Azərbaycan sosial şəbəkələrində yayılan videoda əsgər ermənilərin “başlarını kəsdiyini” iddia edərək “erməni qanı tökdüyünü” deyir.

Prokurorluq Axundovun mühafizəçinin avtomobilini də oğurlamağa cəhd etdiyini, lakin buna nail ola bilməyib piyada davam etdiyini və onun Ermənistandan İrana keçməyi planlaşdırdığını iddia edir.

Qətldən bir gün sonra Hüseyn Axundov Sünik rayonunun Açanan kəndi yaxınlığında, hadisənin baş verdiyi yerdən təxminən 25 kilometr aralıda saxlanılıb.

Prokurorluq 18 apreldə açıqlayıb ki, əsgər sərhədi qanunsuz keçmə və silah qaçaqmalçılığından əlavə, qətldə də ittiham olunur. 

Azərbaycan Müdafiə Nazirliyi 10 apreldə məlumat yayaraq bildirib ki, Naxçıvanın Şahbuz rayonu istiqamətində məhdudgörmə səbəbindən iki hərbi qulluqçu istiqaməti itirərək azıb.

Daha sonra əsgərlər - Hüseyn Axundov və Aqşin Bəbirov Ermənistan ərazisində saxlanılıb.

Sosial şəbəkələrdə yayılan videoda əsgər Hüseyn Axundovun yerdə uzandığı, əllərinin bağlandığı və üzünə təpiklə vurulduğu görünür. Əsgərin saxlanıldığı zaman çəkilən fotolarda da onun üzündə qan və qançırlar var.

Bundan əvvəl Azərbaycanın digər hərbçisi, 2004-cü il təvəllüdlü Aqşin Bəbirov Ermənistanda saxlanılıb. Yayılan videoda onun yaralandığı və əlinin, ayağının sarğı ilə bağlandığı görünür. 

ABŞ-ın Bakıdakı səfirliyi "Ermənistanda Azərbaycan əsgərinə qarşı zorakılığı əks etdirən videodan narahat olduğunu" bildirib və hər iki ölkəni həll edilməmiş məsələləri dinc, danışıqlar yolu ilə həll etməyə çağırıb.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun