Dəyişiklik magistralın Şuşa şəhəri yaxınlığındakı hazırda bağlanmış hissəsinə təsir etməyəcək
Laçın dəhlizinin marşrutunda dəyişiklik edilib. Laçın şəhərindən yan keçən marşrut yolun Ermənistanla sərhəd yaxınlığındakı yeni hissəsi ilə birləşir.
Dəyişiklik magistralın Şuşa şəhəri yaxınlığındakı hazırda bağlanmış hissəsinə təsir etməyəcək.
Dəyişiklik haqqında Azərbaycanın cümə axşamı yaydığı məlumatda Laçın rayonundakı “bir neçə əhəmiyyətli yüksəklik, əsas və köməkçi yolların” Azərbaycanın nəzarətinə keçdiyi qeyd olunub.
Yalnız Rusiya sülhməramlı missiyasının və Qırmızı Xaç Cəmiyyətinin istifadə etdiyi avtomobillər Xankəndi və Yerevan arasında dəyişdirilmiş marşrutdan istifadə edə biləcək. Çünki 3 aydan artıqdır ki, regiona daxil olan və oradan çıxan normal hərəkət əngəllənir.
İkinci Dağlıq Qarabağ müharibəsindən sonra 2020-ci il atəşkəs razılaşmasına üç il ərzində “Laçın dəhlizi boyunca yeni marşrut müəyyən edilməlidir” bəndi daxil edilib.
Bu bənd həm Ermənistan, həm də Azərbaycan tərəfindən 2022-ci ilin avqustunda Azərbaycanın nəzarətinə keçən Laçın və müharibə zamanı nəzarəti altına aldığı Şuşa şəhərlərindən yan keçmək üçün yolun yeni hissəsinin çəkilməsi tələbi kimi şərh edilib.
Marşrutun dəyişdirilməsinin birinci mərhələsi yolun Laçın şəhərindən kənara və yaxınlıqdakı kəndlərə köçürülməsi ilə bağlıdır və ötən ilin avqustunda yol şəhərdən bir qədər şimala çəkilib.
O vaxtdan dolanbac yolun Ermənistanla sərhəd yaxınlığında qalan hissəsi tikilir.
Cümə axşamı günü Qarabağdakı erməni icması Azərbaycanın gecə saatlarında Zabux kəndi yaxınlığında yolu bağladığını və artıq Sünik rayonunun Tex və Kordnidzor kəndlərindən keçən yeni torpaq yoldan istifadə olunacağını elan edib. Yolun yeni hissələri Ermənistan tərəfindən tikilib.
Ermənistanla Azərbaycan arasında, eləcə də Qarabağda son həftələrdə gərginlik artıb və bu, Ermənistanda yeni eskalasiya qorxusunu artırıb.
Azərbaycan Müdafiə Nazirliyi cümə axşamı Laçın dəhlizindən yan keçən yolun tikintisinin qarşısının alınması məqsədilə Zabux kəndi yaxınlığındakı böyük ərazini nəzarətə götürdüyünü bəyan edib.
Azərbaycan Ermənistanı Xankəndiyə təchizat, o cümlədən silah çatdırmaq üçün alternativ yoldan istifadə etməkdə ittiham edib.
Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.