Birinci oxunuşda qanun layihəsini qəbul edən deputatlar, aksiyalardan sonra layihənin əleyhinə səs veriblər
“Xalqın gücü” hərəkatının təşəbbüsü ilə hazırlanan qanun layihəsi ön müzakirə olmadan səsverməyə çıxarılıb. Layihənin lehinə bir deputat, əleyhinə isə 35 deputat səs verib. Sessiyada ümumilikdə 112 deputat iştirak edib.
Parlament martın 7-də “Xarici agent haqqında” qanun layihəsini birinci oxunuşda 76 səslə qəbul etmişdi. Lakin genişmiqyaslı etirazlardan sonra parlament çoxluğu layihəni ikinci oxunuşda rədd etmək və “Xarici agentl haqqında” qanun layihəsini geri götürmək qərarına gəlib.
Martın 7-dən başlayaraq Gürcüstan parlamentinin binası yaxınlığında “Xarici agent haqqında” qanun layihəsinə qarşı etiraz aksiyaları keçirilir. Aksiyada etirazçılarla Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin hərbçiləri arasında toqquşmalar olub. Polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Buna cavab olaraq etirazçılar onlara və parlament binasına molotov kokteyli və daş atmağa başlayıb.
Gürcüstan DİN-in məlumatına görə, aksiyalar zamanı 133 nəfər saxlanılıb, 50-dən çox polis yaralanıb.
“OC Media”-nın əldə etdiyi qanun layihəsinin surəti göstərir ki, bu, ölkədə fəaliyyət göstərən istənilən yayımçı, qəzet və ya gürcüdilli onlayn media platformasına, eləcə də Gürcüstanda qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçmiş təşkilata təsir göstərəcək.
Gəlirinin 20%-dən çoxunu “xaricdən” alan hər hansı belə təşkilat “Xarici Təsir Qüvvələrinin Agentləri Reyestrində” qeydiyyatdan keçməyə məcbur olacaq və ya 9.400 ABŞ dolları məbləğində cərimə ilə üzləşəcək.
"Xarici təsir qüvvələrinin agentləri" hesab edilənlər illik gəlir bəyannamələrini təqdim etməyə borclu olacaqlar.
Qanun layihəsi həmçinin Gürcüstanın Ədliyyə Nazirliyinə "xarici təsir qüvvələrinin agentləri" hesab etdikləri təşkilatları araşdırmaq və sənədləri əldə etmək səlahiyyəti verəcəkdi.
Qanun layihəsi birinci oxunuşdan keçsə də, etiraz aksiyalarından sonra ikinci oxunuşda rədd edilib.
Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.