Ekspert deyir ki, Rəqabət Məcəlləsi qəbul edildikdən sonra kağız parçası olaraq qalacaq
Azərbaycan parlamenti uzun müddətdən sonra Rəqabət Məcəlləsini qəbul etməyə hazırlaşır.
Qanun layihəsi oktyabrın 2-də birinci, 20-də isə ikinci oxunuşdan keçib. Layihə 3-cü oxunuşdan keçərsə, ölkə başçısının təsdiqləməsindən sonra tətbiq olunacaq. Bəs uzun müddətdir qəbul olunması gözlənilən yeni qanun qəbul olunarsa, ölkədə iri monopolistlərə hansı təsirləri olacaq?
Sentyabrın 26-da Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin komitə iclasında Rəqabət Məcəlləsi layihəsinin ictimai dinləməsi zamanı bildirib ki, yeni məcəllə ilə vəzifəli şəxslər üçün əlavə maliyyə sanksiyaları tətbiq ediləcək.
Qanunda iri monopolist bizneslərlə müxtəlif mübarizə üsulları nəzərdən keçirilir.
İqtisadçı ekspert Vahid Məhərrəmli deyir ki, dəyişikliyin baş verməsi üçün siyasi iradə lazımdır. Onun sözlərinə görə, Azərbaycan kimi ölkələrdə yuxarıdan göstəriş verməklə monopoliyanı aradan qaldırmaq mümkündür:
“Bu məcəllə qəbul edildikdən sonra kağız parçası olaraq qalacaq. Bu gün qanun qəbul edilməsə belə, qanunvericilikdə kifayət qədər maddələr var ki, bu maddələrə görə ölkədə monopoliya qadağan olunub. Hətta Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti adlı qurum da var. Yəni, ölkədə antikorrupsiya qurumu var, amma korrupsiya davam edir. Mövcud qanunlar imkan verir ki, monopoliyayla məşğul olan oliqarx məmurlar əməllərinə görə həbs edilsinlər. Belə olsa, digərlərinə də görk olar. Amma biz bunu görmürük. Bu qanunu qəbul etmək sadəcə gözdən pərdə asmaq olacaq. Çünki bu gün ölkədə məhkəmə və hüquq mühafizə sistemi müstəqil deyil. Qanunu adi insanlar üçün tətbiq edirlər, amma məmurlar üçün kağız parçasıdır” – deyə o, bildirib.
Ekspert ehtimal edir ki, qanun əvvəllər dövlətdə vəzifə tutmuş və hazırda biznesi olan şəxslərə münasibətdə tətbiq oluna bilər:
“Ancaq Azərbaycanda bəzi şəxslər var ki, onlar vəzifədə olublar və vəzifəfədə olduqları dövrdə idxal, ixrac, istehsal sahələri üzrə böyük biznesləri olub. Monopolist olublar, onlara toxunulmayıb. İndi ola bilər ki, görüntü xatirinə bu şəxslərin bizneslərini sıradan çıxartsınlar. Görüntü xatirinə bu biznesləri vurub, yerlərini də özləri tutacaqlar”.
Siyasətçi Cəmil Həsənli deyir, Azərbaycanda monopoliya elə bir həddə çatıb ki, onun məcəllə ilə tənzimlənməsi çətindir. Onun fikrincə, qanun qəbul olunduqdan sonra işləksiz qalacaq:
“Bu məcəllə çoxdandır parlamentdə var idi, amma qəbul olunmurdu. Mən məclisin üzvü olanda da tez-tez xəbər yayılırdı ki, məcəllə olacaq, olmurdu. Monopoliyanın qarşısını almaqdan ötrü siyasi iradə lazımdır. Monopoliya hakim ailənin əlindədir, onlar da bir qayda olaraq qanunların subyekti olmurlar. Əgər subyekt olsaydılar, ümumiyyətlə ölkədə monopoliya qurulmazdı. Ölkədə baş monopolist prezident ailəsidir, yerdə qalan bizneslər isə vəzifəli şəxslərə aiddir. Ümumilikdə məcəllənin olması olmamasından yaxşıdır, ancaq qanun işləyəcək və ya işləməyəcək bunu demək çətindir, çünki bizdə monopoliya iş adamlarının əlində deyil” – deyə o, bildirib.
Rəqabət Məcəlləsini ilk dəfə 2006-cı ildə ölkə başçısı İlham Əliyev Milli Məclisə təqdim edib. Qanun layihəsi 2 oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb.