Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Ermənistan arasında baş verən son gərginliklə bağlı AbzasMedia-nın suallarını cavablandırıb.
Müsahibəni sizə təqdim edirik:
Elmar müəllim, Azərbaycan-Ermənistan arasında nə baş verir? Son hərbi gərginliklə bağlı nə düşünürsünüz?
- Biz əvvəldən də fikirləşirdik ki, delimitasiya və demarkasiya məsələlərini həll etməsək, belə hadisələr baş verə bilər. İki ildir uzadırdılar. Azərbaycan bildirir ki, sülh sazişi ilə bağlı məsələlərdə iştirak edəcək işçi qrupunun nümayəndələri hazırdır, ancaq Ermənistan tərəfi nala-mıxa vurur. Diplomatiyada sülhə məcburetmə anlayışı var. İlk məsələ Ermənistanla bağlıdır ki, əgər istəmirsinizsə belə hadisələr olsun, maraqlarınıza uyğun deyilsə, gəlin delimitasiya və demarkasiya məsələlərini həll edək. Gülməli şeylər danışırlar. Gah deyirlər ki, Qarabağ öz müstəqilliyini elan edir, sonra deyirlər ki, yox, Sovet dövründə adminstrativ xəritələr var idi, Moskvadan xahiş edək onu versinlər, onun əsasında işləyək. Yaxşı, əgər sən belə deyirsənsə, onda qəbul edirsən ki, həm Sovet dövründə, həm də ondan sonrakı illərdə Qarabağ Azərbaycanın tərkib hissəsi olub.
Müharibədən sonra Azərbaycan rəsmiləri dəfələrlə bildiriblər ki, Ermənistan ordusu, hərbi infrastrukturu demək olar ki, sıradan çıxarılıb. Əgər Ermənistan belə zərbələr alırsa, niyə insidentlərdə maraqlı olmalıdır?
- Ona görə belə edirlər ki, Zəngəzur istiqamətində açılacaq karidora nəzarət etmək istəyirlər. Tranzit yoldan pul qazanmaq istəyirlər. Burada vergi və digər məsələlər var. Buradan nə qədər çox yük getsə, Ermənistanın dövlət büdcəsinə o qədər çox pul gedəcək.
Əgər Ermənistan yeni yaradılacaq kordidordan pul qazanmaq istəyirsə və təxribatları bunun üçün edirsə, belə olan halda da döyüşlərdə böyük vəsaitlər itirmir? Çünki son döyüşlərdə Ermənistanın sıradan çıxarılan hərbi infrastrukturu, texnikası bir neçə yüz milyon dollar dəyərində idi.
- Düz deyirsiniz, o da var. Fikir verdinizsə, elan etdilər. Bizim ordumuz təhlükəsizlik zonası yaradıb orada. Bunu ona görə ediblər ki, oradan Azərbaycanı atəşə tutmasınlar. Yüksəkliklər götürülüb. Belə bir təhlükəsizlik zonası yarada bildik. Əsas məsələ, orada şirkətlər işləyirdi, qızıl çıxarırdlar, onların da təhlükəsizliyi təmin edildi.
Bu təhlükəsizlik zonası harada yaradılıb?
- Təhlükə o tərəfdən gəldiyi üçün, əlbəttə ki, oradan. Son insidentdən əvvəl də Azərbaycan Müdafiə Nazirliyi elan edirdi ki, oradan Azərbaycan əraziləri atəşə tutulur. Bu o demək deyil ki, biz Ermənistanın ərazisinə keçmişik və s. Sadecə yüksəklikləri götürüb müşahidə edirlər ki, oradan silah keçməsin, yerləşdirməsinlər, bizi atəşə tutmasınlar.
Birinci Qarabağ müharibəsindən sonra beynəlxalq birlik Azərbaycan ərazilərinin işğalını qəbul etmişdi və Azərbaycanın torpaqlarını işğaldan azad etməsi üçün legitim əsas yaranmışdı. Sizcə, indi Azərbaycan diplomatik təmaslarda əlverişsiz vəziyyətə düşmür?
- Yox, inanmıram. Çünki hər ölkə öz təhlükəsizliyini qorumalıdır. Azərbaycanın mövqeyi burada yenə də möhkəmdir. Azərbaycanın təklif etdiyi 5 bəndlik sülh müqaviləsi var. Orada birinci odur ki, bir-birimizin ərazi bütövlüyünü və suverenliyini tanıyırıq, ikinci də odur ki, bir-birimizin ərazilərinə müdaxilə etmirik. Hansısa beynəlxalq təşkilat bu məsələni qaldırsa və ya sabah iki tərəfli danışıqlarda bu məsələ açılsa, Azərbaycan bildirəcək ki, biz təklifi vermişik, gəlin delimitasiya və demarkasiya məsələlərini həll edək, sülh sazişi imzalayaq.
Bəs necə düşünürsünüz, sizcə Ermənistan sülh sazişi imzalamağa razı olacaq?
Əlbəttə, yüzdə-yüz. Azərbaycan inkişaf etmək istəyir, Ermənistan da istəyirsə, gəlsinlər sülh sazişi imzalayaq. Sərhədlər açılsın, qonşuluq əlaqələri qurulsun.