2012-ci ildə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində Azərbaycanda müxtəlif etnoslara və dinlərə aid çoxsaylı tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün görülən işlərin sistemli şəkildə davam etdirilməsi, bu sırada 2013-2016-cı illəri əhatə edən “Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı” qəbul edilməsi nəzərdə tutulurdu.
Ancaq bu istiqamətdə hansı addımların atılması sual altındadır.
Tədqiqatçı jurnalist Cavid Ağa isə bildirir ki, Qafqaz Albaniyası irsinin tətqiqi məsələsi Azərbaycanda akademik mövzudan daha çox siyasi mövzuya çevrilib. Jurnalistin fikrincə, əvvəlcə mövzu ilə bağlı təhsil proqramına daxil edilmiş səhv məlumatlar çıxdaş edilməlidir.
Cavid Ağa qeyd edir ki, mövzunu araşdırmalı olan qurumlar fəaliyyətsizliklə məşğuldurlar və bağlı qapılar arxasında iclaslar keçirməklə kifayətlənirlər.
Jurnalistin fikrincə, Qafqaz Albaniyasına aid məbədlərin tədqiqi və restavrasiyası ölkədə turizm sahəsinin də inkişafına töhfə verə bilər.
Mövzu ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət etsək də, qurum bizi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yönləndirdi. Xidmətdən isə bildirildi ki, qurumun əsası sözügedən qərardan sonra qoyulub və ona görə də bununla bağlı məsələnin hansı formada həll olunması və icraatı haqda məlumatsızdırlar. Nəticədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də bizi Mədəniyyət Nazirliyinə yönləndirdi.