İctimai şəxsləri, siyasiləri tənqid etmənin hədləri digərləri ilə müqayisədə daha genişdir, ancaq sərhədsiz deyil, bir yerdə dayanmaq lazımdır.
Avropa Məhkəməsi ictimai-siyasi şəxsləri tənqid etmənin hədləri mövzusu ilə bağlı maraqlı bir qərarını elan edib - Pretorian Rumıniyaya qarşı. Məhkəmə bu qərarında tənqidçi jurnalisti “ne prav” çıxarıb.
Bu iş mülki defamasiya iddiası əsasında jurnalistin üzərinə mənəvi zərərə görə təzminat ödəmək vəzifəsi qoyulması ilə bağlıdır.
Ərizəçi Kosmin-Adrian Pretorian Rumıniyada regional həftəlik “Indiscret în Oltenia” qəzetinin baş redaktoru olub. O, Liberal Partiyasının Krayova şöbəsinin keçmiş sədri, 2004-2008-ci illərdə deputat, ardınca nazir köməkçisi olmuş H.B. haqqında iki məqalə dərc edib. Həmin vaxt H.B. siyasətə dönüş üzərində işləyirdi, partiyanın yerli rəhbərliyinə seçilmək üçün müraciət etmişdi.
H.B-nin iri fotosunun müşayiət etdiyi birinci onlayn məqalənin sərlövhəsi “...Sahibsiz liberal köpəyi saxlayın!” idi. Məqalənin icmalının qeyri-yaxşı tərcüməsi belə idi:
“...Xeyli vaxtdır, kiçik əyalət qəsəbəmizin tozlu məhlələrində siyasi bir küçə köpəyi dolaşmaqdadır. Bir zaman gəmirməsi üçün masanın altına ona sümük atan bir nazirin ayaqlarının dibində özünə (əxlaqsızlıq) yuva(sı) tapan, sonra paytaxtdan qovulan bu küçə köpəyi indi yerli meyxanalara sığınıb. Yerdə oturub ağzının suyunu axıdan bu köpək, özünü cəsarətləndirmək və şanlı gələcəyinin xəyallarını qurmaq üçün pivə şüşələrini boşaltmaqdadır. Onsuz da çox kasad olan xəyallarında özünü liberal sürünün lideri kimi görməkdədir. O, bu pozisiyaya layiq olduğunu düşünür, hətta inanılmaz bir plan da qurub – özünü liberal sürünün liderinin kürəyinə atacaq, liderin büdrəyəcəyi ilk əngəldəcə onun topuğunu dişləyəcək!”
Qəzet H.B.-nin bu məqaləyə göndərdiyi cavabı dərc edib, ancaq baş redaktor elə qəzetin həmin sayında daha bir məqaləsini – məzmunca əvvəlkindən seçilməyən, aşağılayıcı vulqar ifadələrlə zəngin olan “Yox ol, əlahəzrət B!” sərlövhəli yazısını da yayıb.
Ardınca, H.B. məqalələrdə şərəf və ləyaqətinin aşağılanmasına görə, rayon məhkəməsində baş redaktora qarşı mülki defamasiya iddiası qaldırıb.
Yerli məhkəmə hesab edib ki, H.B-yə ünvanlanmış tənqidlər çox sərt olub, şəxsi həyatın toxunulmazlığı kontekstində sərtlik səviyyəsini aşıb və şərəfi, nüfuzu zədələyib. Məqalədəki ifadələrin heç bir faktiki əsası olmayıb, çox kobud dildən istifadə edilib, buna görə də baş redaktora münasibətdə ifadə azadlığı hüququnun qorumasından istifadə oluna bilməz.
Məhkəmə həmçinin, baş redaktorun ictimai fiqurun özəllikləri haqda yazmaq haqqını qeyd edib, ancaq H.B.-nin əxlaq və peşə xüsusiyyətlərindən bəhs edərkən istifadə edilmiş ifadələrin xoş niyyətli düşüncələr olmadığını vurğulayıb. Yekunda iddia qismən təmin edilib – baş redaktorun üzərinə 3200 avro mənəvi zərər əvəzi təzminat ödəmək və məhkəmə qərarını dərc etmək vəzifəsi qoyulub. Yuxarı məhkəmələr qərarı dəyişməyib.
Ərizəçi jurnalist AİHM-ə şikayətində siyasiləri sərt, satirik üslubda tənqid haqqının olduğunu, yerli məhkəmələrin ifadə azadlığı hüququna müdaxilə etdiyini, milli məhkəmə qərarları ilə müəyyən edilən cəzanın çəkindirici effekt doğurduğunu iddia edib.
Avropa Məhkəməsi öz qərarında rumın məhkəmələrinin gəldiyi qənaəti böyük ölçüdə bölüşüb. Qeyd edib ki, ərizəçinin birinci məqaləsinin satirik üslubda olması iddia oluna bilər. Ancaq ikinci məqalədəki ifadələrin təhqiramiz və həddi aşan olması ilə bağlı milli məhkəmələrin rəyini bölüşməmək üçün heç bir əsas yoxdur. Məhkəmə, bundan başqa, ərizəçinin faktları yoxlamadan H.B.-nin alkoqol aludəçiliyi ilə bağlı şaiyə yaydığını, belə şaiyələrin ictimai fiqura qarşı ciddi və ləkələyici ittihamlar üçün faktiki əsas ola bilməyəcəyini vurğulayıb.
Jurnalistə verilən cəzanın mütənasib olub-olmamasına gəlincə, AİHM verilən cəzanın nisbətən yüngül olduğunu, jurnalist olan ərizəçinin ifadə azadlığı hüququndan istifadə etməsinə çəkindirici təsir göstərmədiyini ifadə edib. Vurğulayıb ki, ərizəçiyə tətbiq edilən cəza demokratik cəmiyyətdə zəruri olub, yerli məhkəmələr cəza ilə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasibliyi qorumaq üçün uyğun, yetərli əsaslar göstəriblər və ərizəçinin ifadə azadlığı hüququ pozulmayıb.
Xalid Ağaliyev, media hüququ üzrə eksperti