Ukraynalı politoloq Vadim Tryuxan bir neçə il öncə Moskvanın siyasi teleşoularında iştirakıyla Azərbaycanın televiziya tamaşaçılarına məlumdur. Rusiya televiziyasında Ukraynanın maraqlarını müdafiə etməyə çalışırdı. Sonra Tryuxan Moskvanı tərk edib və Kiyevdə politologiya ilə məşğul olub. Fevralın 24-də Ukraynaya hücum edən Rusiya ilə müharibə başlayıb və Tryuxan Ukrayna ərazi müdafiə dəstələrinin sırasına daxil olub. O, imkan taparaq Turan-ın suallarını cavablandırıb.
- Müharibəni mərhələlərə necə bölə bölmək olar? İndi hansı mərhələdir?
- Kremlin blitskriq kimi düşündüyü müharibənin ilkin mərhələsindən sonra Ukrayna tədricən total müharibə mərhələsinə keçdi. Blitskriq uğursuz oldu, Ukrayna öz Silahlı Qüvvələrində əhəmiyyətli itkilər olmadan ilk zərbəni dəf edə bildi. Rus ordusunun məğlubedilməzliyi haqda mifin də Ukraynada çarmıxa çəkilmiş oğlan, nasist hakimiyyəti və s. haqda rus təbliğatından yaranan əhvalatlar kimi saxta olduğu məlum oldu.
Daha sonra Rusiya hərbçilərinin indiyə qədər görülməmiş vəhşiliyi Putində onun gözləmədiyi şəkildə əks-təsir yaratdı. Heç kim işğalçıları gül-çiçəklə qarşılamadı, heç kim qorxmadı, heç kim əsir düşmədi. Əksinə, bütün xalq təcavüzkara qarşı mübarizəyə qalxdı. Ukrayna Silahlı Qüvvələrindən və ərazi müdafiə dəstələrindən tutmuş sadə fermerlərə, bomj və qopniklərə qədər hər kəs. Rusiya indiyə qədər görülməmiş bir fenomenlə üz-üzə gəldi. Onun zəif hazırlanmış əsgər və zabitlərinə qarşı Ukrayna hərbçiləri, döyüşçüləri, hətta ukraynalı ovçular müqavimət göstərirlər. Mülki şəxslər isə hətta işğal olunmuş şəhər və kəndlərdə belə Ukrayna bayraqları ilə, yalın əllərlə Ukrayna himni altında çıxıb zirehli texnika kolonlarını dayandırırlar. SSRİ-nin hətta Əfqanıstanda da yerli əhali arasında müəyyən dəstəyi vardı, Ukraynada isə heç kim Putini dəstəkləmir. Faktiki olaraq raşistlər xalqa qarşı savaşırlar. Xalqı isə məğlub etmək mümkün deyil, üstəlik, hamı bir nəfər kimi öz Vətənin azadlığını qorumaq üçün birləşəndə.
- Rusiya ordusunda əsirlərin çox olmasının səbəbi nədir?
- Ötən il ərzində Rusiyanın hər yerindən rus ordası Ukrayna sərhədlərində və Krımda toplandı. Qoşunların yarısını möhlətli əsgərlər, döyüşdə olmamış gənclər təşkil edir. Ukraynalıların qatı müqavimətilə qarşılaşan və bu müharibənin səbəbini başa düşməyən işğalçılar gələcək hərbi əməliyyatlara həvəslərini itirirlər. Xüsusilə, ukraynalıların yandırdığı hərbi texnika kolonlarının mənzərəsi onların şüuruna ciddi təsir edib.
Bundan əlavə, Rusiyanın ali hərbi komandanlığı təkəbbürlə ümid edirdi ki, müharibə 2-3 gün davam edəcək. Buna görə də qoşunlar ərzaqsız, yanacaqsız və ehtiyatsız daxil oldular. Bomj halında raşist dəstələri Ukraynanın tarlalarında və meşələrində dolaşırlar. Onları tuturlar. Müqavimət göstərməyənləri əsir götürürlər. Qeyd edək ki, Rusiyadan fərqli olaraq Ukrayna ciddi şəkildə Cenevrə konvensiyalarına uyğun hərəkət edir. Əsirlər tibbi xidmət, yemək və lazım olan hər şeylə təmin olunublar. Ona görə də onların çoxu könüllü olaraq müharibəni dayandırmaq çağırışları ilə öz həmvətənlərinə müraciət edirlər. Güman etmək olar ki, hər gün daha çox rusiyalı təslim olacaq, çünki onlar özləri üçün müharibənin əlverişli nəticəsini görmürlər.
Rusiya qoşunlarının 1/3-dən (üçdə biri) çoxu məhv edilib. İtkilər dəhşətlidir. Canlı qüvvə baxımından bu, artıq SSRİ-nin 10 il ərzində Əfqanıstanda verdiyi itkilərlə müqayisə olunan rəqəmdir. Və bu, üç həftədən az bir vaxtdır. Texnika itkisi də eyni sayda təyyarə, vertolyot, tank, qrad və s. təşkil edir ki, bu, heç bir Avropa ölkəsinin silahlanmasında yoxdur. Ukraynada Rusiyanın öz tarixinin ən biabırçı məğlubiyyətini yaşadığını ancaq korlar görməyə bilər.
- Rusiyanın "Pervıy Kanal"ında kanalın keçmiş redaktoru Marina Ovsyanikovanın keçirdiyi dünənki müharibə əleyhinə etiraz aksiyası nəyə işarə edir?
- Bu, artıq Rusiyada Putinin hər hansı hərəkətini kor-koranə dəstəkləyən çoxluğun olmamasının ilk əlamətidir. Onu çox sayda adam açıq şəkildə dəstəklədi. Əslində, bu aksiya Rusiyada daxili partlayışın yaxınlaşdığından və bunun həm Putini, həm də ətrafdakı bütün Putinçiləri yuxarıdan aşağıya süpürüb aparacağından xəbər verir.
- Ukraynanın ərazi müdafiəsi necə təşkil olunur? Bilirəm ki, siz də oradasınız. Bu təcrübə, mülki şəxslərdən istifadə nəticə verirmi?
- Ərazi müdafiəsi bu il yanvarın 1-də “Milli müqavimətin əsasları haqqında” qanun qüvvəyə mindiyi vaxtdan yaradılmağa başladı. İki komponentdən ibarətdir. Birincisi, Silahlı Qüvvələrin ayrıca növü olan ərazi müdafiə qoşunlarıdır. İkincisi, hər bir ərazi icmasında könüllülük əsasında yaradıla bilən könüllü birləşmələrdir. Hər bölmənin komandiri ərazi müdafiə qoşunları komandanı ilə razılaşdırılmaqla müvafiq ərazi icmasında yerləşən ərazi müdafiə bölməsinin komandiri tərəfindən təyin edilir. Hazırda 100 mindən çox ukraynalı ərazi müdafiə bölmələrinə və könüllü birləşmələrə daxil olub.
Vəziyyətin unikallığı ondadır ki, bu bölmələrə ştat bölgüsü ilə nəzərdə tutulduğundan qat-qat çox adam yazılmaq istəyir. Ona görə də yeni bölmələr yaradılır. Rus qoşunlarına qarşı savaşda ölkəni qorumaq üçün 100 mindən çox kişi xaricdən Ukraynaya qayıdıb. Fürer 2.0. Putinə qalib gəlmək üçün ölkəyə yardım etməkdən ötrü öz əmək müqavilələrini cırıblar.
- Ukraynanın xeyrinə dönüşdən danışmaq olarmı?
- Ukraynanın Putinin bütün planlarını alt-üst etməsi və bütün cəbhələrdə onun qoşunlarını dayandırması faktı dönüşün yaxınlaşdığını deməyə əsas verir. Rusiyanın praktiki olaraq heç bir ehtiyatı yoxdur. Rusiyalılar Ukraynada Putin üçün savaşmaq istəmirlər, bu 3 həftə ərzində 2 milyondan çox rusiyalı Rusiyanı tərk edib. Rusiyaya heç kim kömək etmir. Hətta Kremlin marionetkası Lukaşenko da öz qoşunlarını Ukraynaya göndərməkdən imtina etdi. Putinin ümid bəslədiyi Çin isə tədricən Kremldən uzaqlaşaraq çox ehtiyatlı mövqe tutub. Odur ki, zaman Ukraynanın xeyrinə işləyir.
Biz Ukrayna Silahlı Qüvvələrində əlavə briqadalar formalaşdırırıq, ərazi müdafiəsi gücləndirilir, tərəfdaşlarımızdan müasir silahlar alınır. Əsas odur ki, dünya ukraynalıların misilsiz qəhrəmanlığını, hərbçilərimizin peşəkarlığını və eyni zamanda, Rusiyanın çoxsaylı hərbi cinayətlərini, o cümlədən uşaqlar da daxil olmaqla dinc əhalinin qətliamını, mühüm infrastrukturun məhv edilməsini gördü.
Rusiya getdikcə görünməmiş sanksiyalar tələsinə daha çox düşür, tam sürətlə uçuruma doğru gedir. Defolt, kütləvi işsizlik və yoxsulluq - yaxın həftələrdə Rusiyanı gözləyən dəhşət budur. Odur ki, bu müharibədə tezliklə dönüş olacaq. Və bu, dəqiq Putinin xeyrinə olmayacaq.
- Müharibə Əfqanıstan müharibəsi kimi xroniki formaya keçdi?
- Ukrayna Vətən Müharibəsinin SSRİ-nin Əfqanıstandakı müharibəsilə az oxşarlığı var. Və o vaxtkı SSRİ-nin və indiki oğru geridə qalmış Putin Rusiyasının imkanları ölçüyəgəlməzdir. Ona görə də illər boyu hansısa uzunmüddətli müharibədən söhbət gedə bilməz. Kremlin buna nə resursu, nə də iradəsi var. Bundan əlavə, Putinin yaxın dostları –oliqarxlar ona atdılar, ordu generalları arasında, xüsusən də əvvəllər onun etibarlı arxası hesab edilən FTX-da hər şey o qədər də asan deyil, müxalifətçilər isə çökməkdə olan hakimiyyəti ələ keçirmək üçün məqam gözləyirlər.
Bu müharibə və Əfqanıstan müharibəsi üçün ümumi ola biləcək yeganə şey təcavüzkar üçün nəticələrdir. O zaman Sonra SSRİ dağıldı. İndi Rusiya Federasiyası dağılmalıdır. Onun bütün 83 subyekti özünütəyinetmə hüququ əldə etməlidir. Yalnız Putinin qurunun 1/8-də yaratdığı bu tip dövlətçiliyi sıradan çıxarmaqla Avrasiyada sülh və təhlükəsizliyi təmin etmək mümkün olacaq. Əks halda, yenidən bütün dünyada növbəti rus dünyasını qurmağa qərar verən başqa bir fürerin Moskvada peyda olması təhlükəsi qalacaq. Bugünkü Rusiyada yaşayan tatarların, çeçenlərin, dağıstanlıların və onlarla başqa xalqın öz dövlətlərini qurmaq hüququ var.
- Danışıqlar zamanı tezliklə sülhün əldə olunması ilə bağlı gözləntilər necədir? Hər gün deyirlər ki, tezliklə sülh olacaq, Zelenski bir neçə dəfə RF ilə danışıqların uğurla başa çatacağını vəd edib.
- Sülh Putinlə nə baş verəcəyindən asılıdır. Məncə, bu adam onunla istənilən danışıq haqqını itirib. Onun üçün ən yaxşı variant istefa vermək və beynəlxalq ədalət mühakiməsinə təslim olmaqdır. O və “silahdaşları” Ukraynaya və ukraynalılara qarşı törətdikləri hərbi cinayətlərə görə cavab verməlidirlər. Danışıqlar isə kapitulyasiya şərtilə rusiyalı generallarla aparılmalıdır.
Hazırda Rusiya hakimiyyətinin nümayəndələrilə razılaşdırılması mümkün olan məsələ raşist hərbi qruplaşmasının Mariupol, Sumşina, Xarkov və Kiyevdə bir neçə böhran zonası yaratması nəticəsində mülki əhalinin çəkdiyi əzabın yüngülləşdirilməsinə yönələn humanitar məsələlərin həllidir. Bu, asan deyil, çünki ruslar həmişə olduğu kimi, öz sözlərinin üstündə durmurlar. Bismark əbəs yerə deməyib ki, “ruslarla razılaşmalar onların tərtib olunduğu kağıza dəyməz”. Amma danışıqları aparanlar cəhd edirlər. Xilas edilən bir həyat da nəticədir.
- Müharibədən sonra Ukrayna Rusiya ilə münasibətləri necə qurmalıdır, əgər Putin qalarsa? Kiyev Rusiyanın hesabına kompensasiya, reparasiya, ölkənin bərpasını tələb etməlidirmi? Niyə RF və Ukrayna arasında diplomatik münasibətlər indiyədək kəsilməyib?
- Ukrayna və Rusiya arasında gələcək münasibətlərdən danışmaq hələ tezdir. Əvvəlcə qələbəyə nail olmaq lazımdır və Ukrayna öz tərəfdaşlarının dəstəyilə buna can atır. Hazırda Ukraynanın RF ilə diplomatik əlaqələri kəsilib. Bu məsələdə sərt ssenari üzrə hərəkət etdik. Həm diplomatlar, həm də konsulluq işçiləri Moskvadan çıxarılıb.
Hesab edirəm ki, Rusiya məğlub olduqdan sonra əsas dünya oyunçularının iştirakı ilə beynəlxalq konfrans keçirilməlidir və orada Rusiyanın taleyi həll olunmalıdır. Ukrayna Rusiyanın məğlubiyyətinə ən çox töhfə verən və onun təcavüzündən ən çox əziyyət çəkən dövlət kimi müvafiq müqavilələrin hazırlanmasında əsas rol oynayacaq.
Fikrimcə, Rusiya ilə bağlı gələcək razılaşmaların əsasını bir neçə fundamental məsələ təşkil edəcək:
- Hərbi cinayətlərdə əli olan şəxslər məsuliyyətə cəlb edilməlidir. Bundan ötrü beynəlxalq tribunal yaradılacaq və o, raşist təcavüzündən ən çox ziyan dəyən şəhərlərdən birində, çox güman ki, Xarkov və ya Mariupolda fəaliyyət göstərəcək.
- Reparasiya və kontribusiyalar. Ukraynanın bütün maddi və qeyri-maddi itkiləri ağlabatan müddətdə minimum iki dəfə proporsional şəkildə kompensasiya edilməlidir.
- Rusiyada tam demilitarizasiya, demonetizasiya və deputinizasiya aparılmalıdır.
-Rusiya üçün yeni demokratik konstitusiya hazırlanmalıdır. Ayrılmaz element 3 il müddətində Federasiyanın bütün 83 subyekti üçün özünütəyinetmə hüququdur.
- Rusiya Federasiyasının 5 il müddətinə bütün beynəlxalq təşkilatlardan çıxarılması.
- “Ərzaq müqabilində neft və qaz” proqramının işə salınması. Onun sayəsində aztəmitatlılar ərzaq və digər zəruri malları alacaqlar. Bu proqramdan əldə olunan gəlir reparasiya və kontribusiyaların ödənilməsinə sərf olunacaq.
- Rusiya ərazisinə ilk demokratik seçkilər keçirilənədək bu ərazilərin idarə edilməsi funksiyaları ilə BMT mülki missiyasının, habelə asayişin qorunması və demilitarizasiyanın həyata keçirilməsi üzrə BMT polis missiyasının yeridilməsi.
İlk baxışdan bəzilərinə elə gələ bilər ki, bu müddəalar real görünür. Amma elə deyil. Hələ 1943-cü ildə Hitler SSRİ-ni darmadağın etmək arzusunda idi. Nəticə hamıya məlumdur. İndi belə olacaq.
-Azərbaycan Ukraynaya müxtəlif yardımlar edir. Sizcə, Azərbaycan xalqınıza dəstək olmaq üçün daha nələr edə bilər?
- Ukraynada Azərbaycanın dəstəyini, o cümlədən vasitəçilik təklifini yüksək qiymətləndirirlər. Amma işğalçıların müqavimətini daha tez qırmaq üçün hazırda Ukraynaya əlavə silah lazımdır. Hazırda Azərbaycanda olanlardan bizə ən çox lazım olanı “bayraktarlar” və hava hücumundan müdafiə kompleksləridir. Onlar artıq öz effektivliyini sübut ediblər. Ancaq səmanı tamamilə bağlamaq üçün bizə əlavə qüvvələr lazımdır. Qələbədən sonra isə Azərbaycan biznesi Ukraynada dağılmış infrastrukturun bərpası layihələrində alqışlanacaq.