Rusiyanın Ukraynaya təcavüzü davam edir. Qərb ölkələrinin Rusiyaya qoyduqları iqtisadivə siyasi sanksiyalara baxmayaraq Rusiyanın dayanmaq niyyəti hiss olunmur. Iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatına tətbiq olunduğu ilk gündən təsirini göstərir. Hər bir Rusiya vətəndaşı bunu öz ciblərində və büdcələrində hiss edirlər. Bir sözlə, Rusiyada social vəziyyət getdikcə ağırlaşır. Bəs belə olduğu halda Rusiya vətəndaşları nə düşünürlər? Baş verənlərə görə daha çox kimi günahlandırırlar? Mövzu ilə əlaqədar Rusiyada yaşayan və fəaliyyət göstərən sosial əhəmiyyətli proqram və layihələrin dəstəyi və inkişafı fondu olan “Biz” fondunun prezidenti Afiq Allahverdiyev ASTNA-nın suallarına cavab verib. - Afiq bəy, hazırda Rusiyada siyasi-sosial psixoloji vəziyyət necədir? Rusiya vətəndaşları ölkə prezidentinin Ukraynaya açdığı savaş haqqında nə düşünürlər? Rusiyanın Ukraynaya təcavüzünə görə Rusiya hakimiyyətini qınayırlar, yoxsa haqlı hesab edirlər?
- Rusiyada ümumi vəziyyət qarışıqdır. İnsanlar iki cəbhəyə ayrılıblar. Dövlətlə hər hansı sahədə əlaqədar olan insanlar dövləti dəstəkləsələr də, bəziləri baş verənlərə bir qədər inamsız yanaşır. Bəziləri hələ də nə baş verdiyini tam anlamış deyil. Böyük şəhərlərdə sıxıntının hər gün artması müşahidə olunur. Bir çox mağazalarda qıtlıq müşahidə olunur. Bu insanlar arasında həyacan yaranmasından irəli gəlir. Belə ki, rublun dəyərinin aşağı düşməsi, eləcə də sabah nə baş verəcəyini bilməyən insanlar mağazalara üz tutur, əllərinə nə keçdi lazımlı ya lazımsız alıb yığırlar. Bu da super marketlərin boşalmasına gətirib çıxarır.
Rusiya və Ukrayna arasındakı vəziyyətlə bağlı əhali demək olar ki tam fərqli düşünürlər. Bəziləri qınayır, bəziləri dəstəkləyirlər. Qınayanlar sayca müəyyən qədər az olsalar da, onlar öz mövqeylərində möhkəm dayanırlar. Lakin dəstəkləyənlərin bəzisində inamsızlıq, haqsızlıq hissi peyda olur.
- Rusiyanın Ukraynaya açdığı savaşa görə ard-arda Qərb ölkələri tərəfindən bu ölkəyə siyasi, iqtisadi sanksiyalar gəlir. Bu sanksiyaların nəticəsində rus rublunun dəyəri aşağı düşür, inflyasiya artır. Təbii ki, bütün bunlar da ilk növbədə əhalinin sosial vəziyyətinə mənfi təsir edir. Rusiya vətəndaşları baş verənləri necə qiymətləndirirlər? Onlar sosial vəziyyətin ağırlaşmasına görə narazılıq edirlərmi? Yəni konkret desək, narazılıq artırmı? İnsanlarda etiraz, üsyan ab-havası varmı?
- Bəli, baş verənlərlə bağlı etirazlar artır. Lakin təhlükəli üsyan ab-havası o qədər güclü deyil. Müxalif partiyalar nə isə etməyə çalışsalar da, hələ ki elə bir düşüncə mövcud deyil. Düşünürəm ki, konflikt davam etsə vəziyyət dəyişə bilər.
İqtisadi vəziyyət hər gün dəyişdiyi müşahidə olunur. Lakin bu hələ ki ancaq aşağı və orta təbəqəni narahat edir. Yuxarı təbəqə susmağa üstünlük verir.
- Ümumiyyətlə, müşahidələrinizə əsasən baş verənlərə görə Rusiya xalqı daha çox kimi günahlandırır? Rusiya hakimiyyətini, Ukraynanı, yoxsa Qərbi? Və bunu necə əsaslandırırlar?
- Fikirlər müxtəlifdir. Qərbi günahlandıranlar daha çoxdur. NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması ilə əsaslandırırlar. Bəziləri isə 8 il öncə Krım münaqişəsində bu söhbətin olmadığını Rusiyanın atdığı addımlara bağlayır. Bir çoxları isə Ukraynanı Qərb dövlətlərinə meylli olması ilə günahlandırır.
- Ancaq Rusiyanın bəzi bölgələrində ölkənin açdığı savaşa görə etirazlar da baş verir...
- Bəli, bir neçə böyük şəhərlərdə etirazlar olsa da, bir o qədər güclü deyil.
- Baş verənlərə görə Rusiya hakimiyyətini haqlı sayanlar sizcə, hakimiyyətin propaqandasının qurbanlarıdır? Artıq Rusiyada sosial şəbəkələr qadağan olunub, obyektivliyi ilə seçilən bir neçə media orqanı çıxarılan son qərarlara görə fəaliyyətini dayandırıb. Bu barədə müşahidələriniz nə deyir?
- Bəli "qurbanlar da" var, "məcburlar da". Belə ki iş yerlərini itirməmək üçün dəstəkləyənlər də az deyil.
Sosial şəbəkələrə girişə qadağalar qoyuldu. Bir çox tanınmış politoloqlar, blogerlər fəaliyyətlərini dayandırdılar. Maksim Şevcenko belə fəaliyyətini müvəqqəti olaraq dayandırdı. Bütün bunlara baxmayaraq bir çox insanlar artıq heç kimə və heç nəyə inanmaq istəmir. Çünki hər iki tərəfdən də feyk məlumatlar çoxluq təşkil edir.
Bu arada qeyd edim ki, bizim millət də bu arada heç də geridə qalmır. Yalan və əsassız o qədər məlumatlar paylaşırlar ki, bəzən insanın gülməyi gəlir. Məncə bu haqda geniş müzakirəyə ehtiyac var.
- Rusiyada yaşayan azərbaycanlılar da məhz bu savaşdan bilavasitə əziyyət çəkirlər. Həm rus rublunun dəyərinin aşağı enməsi, həm sosial vəziyyətin aşağı düşməsi, həm də Azərbaycana qayıtmaq imkanının çox çətin olması səbəbindən. Oradakı azərbaycanlıların həm durumu, həm də düşüncələri maraqlıdır. Onlar düşdükləri bu vəziyyətə görə kimi qınayırlar?
- Bəli, bizim üçün də çətinliklər yaranır. Ən əsas da iş adamları, sahibkarlar üçün daha çətin anlar yaşanır. Məsələn, bildiyiniz kimi Rusiyaya meyvə-tərəvəz başqa ölkələrdən daxil olur. Və o ölkələrdə, o cümlədən, Azərbaycanda alınan meyvə-tərəvəz dollarla alınır. Alınan mal gəlib bura çatana kimi dolların qiyməti artdığı üçün satış qiymətinə çox böyük təsir edir. Alıcının o qiymətə hər hansı meyvəni almaq qabiliyyəti sıfıra düşür. Bunun da nəticəsi hamıya aydındır ki meyvə çəki itirir, xarab olur və s.
Azərbaycana qayıtmaq məsələsi də çox mühüm bir məsələdir. 2019-cu ildə sərhəddin bağlanmasını xatırlasaq, görərik ki, insan axınının qarşısını almaq mümkün olmur. İş yerlərini itirən həmvətənlərimiz vətənə üz tuturlar. Hava yolları bağlı olduğundan və ya quru yolla daha ucuz başa gəldiyindən hamı yollanır Dərbəndə. Nəzərə alsaq ki, hazırda Rusiyada 4 milyon azərbaycanlı yaşayır və bunların yarıdan çoxunun iş yerlərini itirmə təhlükəsi var. Belə olarsa, sərhəddə nələr baş verəcəyini düşünmək belə istəmirəm. Çünki 2019- cu ildə bilavasitə o prosesdə iştirak etdiyim üçün çox gözəl bilirəm nələr baş verə bilər.
Burada yaşayan azərbaycanlıların 90 faizi sizin kimi düşünürlər, lakin öz fikirlərini dilə gətirmirlər. Bir tərəfdən bir çox qadağalar qoyulub, digər tərəfdən, 44 günlük Qarabağ müharibəsində bir çox rus blogerləri, politoloqları, iş adamları hətta sadə insanlar bizə dəstək verdiklərindən mövqelərini tam açıq şəkildə göstərə bilmirlər və haqqın yanında olduqlarını vurğulayırlar. Buna baxmayaraq çox az sayda da olsa hər iki tərəfi dəstəkləyənlər də var.
Fikrimcə, bu münaqişənin nəylə və necə bitməsindən asılı olmayaraq, Azərbaycan dövləti tədbir görsə, yaxşı olardı. Çünki istəyərək və ya istəməyərək vətənə qayıdanların sayı çox olacaq. Bəlkə də bir neçə milyon insan dönmək istəyəcək.