Türkiyə bayrağına görə həbs olunan fəal polis bölməsində işgəncəyə məruz qaldığını deyib

Türkiyə bayrağına görə həbs olunan fəal polis bölməsində işgəncəyə məruz qaldığını deyib
8 Fevral 2022
Mətni dəyiş
Həbsdə olan ictimai fəal Fuad İsmayılovun apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyilə keçirilən məhkəmə prosesində iştirak edən Fuad İsmayılov Türkiyə bayrağını saxlayan ipi kəsməsinin səbəbindən və polis bölməsində işgəncəyə məruz qalmasından danışıb. O bildirib ki, Türkiyəni də Azərbaycan qədər sevir, heç vaxt bu ölkəni bayrağına hörmətsizlik etmək niyyətində olmayıb. İctimai fəalın sözlərinə görə, Bakının Nizami, Suraxanı rayonlarında bir sıra obyektlərin, o cümlədən əxlaqsızlıq yuvalarının qarşısında Azərbaycan və Türkiyə bayraqlarını dəfələrlə görüb və bu, ona çox pis təsir edib. Buna görə də bir neçə dəfə polisə müraciət edib. Lakin müraciətlərinə əhəmiyyət verilməyib: “Mənim bayrağı saxlayan ipi kəsib, bayrağı yerə endirməyim həmin müraciətlərə əhəmiyyət verilməməsinə etiraz idi”. Fuad İsmayılov yanvarın 31-də Nizami Rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni əmrinə tabe olmama) maddəsilə təqsirli bilinərək, ona 30 gün inzibati həbs cəzası verilib. Lakin ictimai fəal apelyasiya məhkəməsində bildirib ki, onu tutanların heç polis olduğunu bilməyib: “Nə özlərini təqdim elədilər, nə əyinlərində forma vardı…” Fuad İsmayılov əlavə edib ki, həm tutularkən, həm də sonradan Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsində onu döyüblər. Hələ də sifətində və bədənində işgəncə izlərinin qaldığını deyən ictimai fəalın sözlərinə görə, ona dəyən zərbələrdən qulağının pərdəsi deşilib. Fuad İsmayılov və vəkili tibbi ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb. Lakin vəsatət təmin olunmayıb. Ümumiyyətlə, hakim Kamran Əkbərov apellyasiya şikayətini də təmin etməyib. 1985-ci il təvəllüdlü Fuad İsmayılovun 30 günlük həbsi barədə Nizami Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Fuad İsmayılovun yaxınları Meydan TV-yə bildirib ki, artıq ölkədaxili hüquqi müdafiə vasitələri tükəndiyinə görə Avropa Məhkəməsinə şikayət göndəriləcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Fuad İsmayılovun işgəncəyə məruz qalması barədə iddiaları təkzib edib. O, ictimai fəalın polis bölməsində döyülməsi haqda deyilənlərin əsassız olduğunu bildirib. 2020-ci il fevralın 10-da keçirilən son parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq, Mərkəzi Seçki Komissiyasının qarşısındakı divara “Fu Məzi” yazan Fuad İsmayılov bir neçə dəfə inzibati qaydada həbs olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun