Prezident “Media haqqında” qanunu təsdiqləyib

Prezident “Media haqqında” qanunu təsdiqləyib
8 Fevral 2022
Mətni dəyiş
Azərbaycan Prezidenti İlham Əliyev ciddi müzakirələrə və etirazlara səbəb olan “Media haqqında” Qanunu təsdiqləyib. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Nazirlər Kabineti üç ay müddətinə qanunda nəzərdə tutulan Media Reyestri şəhadətnaməsinin formasını təsdiq edərək bu barədə Azərbaycan Prezidentinə məlumat verəcək. Eyni zamanda hökumətə Media Reyestrinin aparılması qaydalarının layihəsini hazırlayaraq dövlət başçısına təqdim etmək tapşırılıb. Bundan əvvəl bir qrup media nümayəndəsi, 9 siyasi partiya prezident İlham Əliyevə və parlamentin spikeri Sahibə Qafarovaya müraciət edərək media haqqında yeni qanuna bir daha baxılması məqsədilə onun qəbulunun dayandırılmasına çağırmışdılar. Müraciətdə qeyd edilirdi ki, qanun layihəsi yayım platformalarının və operatorların fəaliyyətinin lisenziyalaşdırılması yoluyla İnternet televiziyasına nəzarətin tətbiqi da daxil olmaqla, bir sıra mürtəce müddəalara malikdir. Sənəd media işçilərinin peşə və yaradıcılıq fəaliyyətini tənzimləyir ki, bu da onların hakimiyyətdən asılılığını gücləndirir. Bundan əlavə, sənəd jurnalistika ilə  kimlərin  məşğul ola biləcəyini müəyyənləşdirir, jurnalistlərin reyestrini yaradır, jurnalist vəsiqəsinin vahid formasını tətbiq edir. Ümumilikdə, qanun layihəsi jurnalistikanı özünütənzimləmə mexanizmlərindən məhrum edir və bütün səlahiyyətləri icra hakimiyyətinin əlində cəmləşdirir. Qanun layihəsində jurnalistlərə peşə etikasına əməl etmək, fakt və hadisələri qərəzsiz, obyektiv şərh etmək, birtərəfliliyə yol verməmək, gizli yolla əldə edilmiş bütün məlumatların yayılmasını yasaqlamaq kimi tələblərin qoyulması ilə ifadə azadlığı, xüsusilə media azadlığı daraldılır. Qanun layihəsinə siyasi partiyaların informasiya siyasətini, mediaya çıxışını  məhdudlaşdıran  müddəalar da daxil edilib.  Belə ki, qanunun 26.3-cü maddəsi   siyasi partiyaların  (çap mediası istisna olmaqla)  media subyektinin təsisçisi (iştirakçısı) olmasına məhdudiyyət qoyur. “Qanun layihəsinin qəbul olunması  Azərbaycan Respublikası Konstitutsiyasının və milli qanunvericilyin, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin  tələblərinin pozulmasına, söz, fikir və mətbuat azadlığının məhdudlaşdırılmasına gətirib çıxaracaq”, – müraciət müəllifləri hesab edirlər. Onlar dövlət başçısını və parlamentin spikerini qanun layihəsinin parlamentdə qəbulu prosesinin dayandırılması üçün lazımi addımlar atmağa, təklif və iradlar nəzərə alınmaqla, sənədin geniş ictimai müzakirəyə çıxarılmasına və təkmilləşdirilməsinə çağırırlar. Bir çox beynəlxalq təşkilatlar qanuna yenidən baxılması haqda çağırışlar etmişdilər. Son olaraq, Venesiya Komissiyasının qanuna Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin sədri cənab Piero Fassinonun sorğusu əsasında rəy verəcəyi bildirilmişdi. Müstəqil jurnalistlər dəfələrlə “Mürtəce qanuna yox”, “İcazəli jurnalistika istəmirik”, “Qanundan qandal düzəltmə” şüarları ilə Milli Məclisin önündə etiraz aksiyası keçirərək yeni qanunun qəbul edilməməsini tələb ediblər.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun