Hər bazar günü Bakıda, Sovet dövründən qalan dağılmış “Qarabağ” otelinin ərazisində (dəmir yolu vağzalının arxasında) ev heyvanları bazarı açılır. Bəzi satıcılar oraya it və pişik gətirirlər və onları normal şəraitdə: iplə bağlı və ya qəfəsdə saxlayırlar, həftənin qalan günləri isə bu heyvanlar mənzildə və ya torpaq sahəsində saxlanılır, gəzintiyə çıxmaq və müntəzəm olaraq qidalanmaq imkanına malik olur. Digərləri itləri və pişikləri alıcı çıxana qədər çıxarılmayacaqları qəfəslərdə saxlayırlar.
Bu bazarın ərazisində şüşə pavilyon var, buradakı böyük gənc çoban iti həftlərlə sıx qəfəsdən çıxmır. Elə həmin qəfəsdə, onun yanında 10-a yaxın kiçik it və küçük əziyyət çəkir. İtlərin üstündə içərisində daim qorxduğu üçün büzüşmüş bir pişik olan qəfəs var.
İtlər yarıac, öz pisliklərindən islanmış vəziyyətdədirlər, ətrafda daim hürmə səsləri olduğuna görə yata bilmirlər. Onları gəzintiyə çıxarmırlar, heyvanlar gərnəşə, uzana bilmirlər, belə ki, döşəmələr incə metal tordandır. Pavilyonda daim pis qoxu və səs-küy var. Heyvanların qiymətləri o qədər yüksək qoyulub ki, onları heç kim almır və onlar dözülməz şəraitdə ölümə məhkum ediliblər.
Bakı heyvan bazarı heyvanlara işgəncə yeridir. Uşaqlarla gələn ziyarətçilər də baş verənləri görür. Sonra isə biz gənc nəslin heyvanlara və insanlara qarşı qəddarlığının haradan gəldiyinə təəccüblənirik.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Turan-ın heyvan bazarındakı dəhşəti əks etdirən fotoşəkillər də qoşulmuş məktubuna cavab verilməyib, telefon zənglərinə də cavab verilmir. Nazirliyin mətbuat xidmətinin saytda qeyd edilən telefonlarının heç biri cavab vermir.
Turan sualları Azərbaycan Heyvanları Müdafiə Cəmiyyətinin sədri Azər Qarayevə ünvanlayıb.
- Niyə ölkədə heyvanlara insanların gözü qarşısında işgəncə verilir və bu cəzasız qalır?
- Sizin Bakı heyvan bazarında gördükləriniz heyvanlara qarşı ümumi qəddarlığın yalnız görünən hissəsidir. Kənd təsərrüfatı fermalarında hər gün atlar, eşşəklər, itlər və digər heyvanlar döyülür, ələ salınır, öldürülür. Onlar bağlı saxlanılır və ac və susuz buraxılır. Xəstə heyvanlar müalicə olunmur, daha ucuz başa gəldiyinə görə öldürülür. Köhnə və xəstə atlar qəssablara verilir.
Azərbaycanın 22 oktyabr 2003-cü ildə qoşulduğu, 19 oktyabr 2007-ci ildə ratifikasiya etdiyi Ev Heyvanlarının Mühafizəsi haqqında Avropa Konvensiyasına əsasən, bu, yolverilməzdir. 3-cü, “Heyvanların rifahının əsas prinsipləri” maddəsində deyilir: Heç bir kəs ev heyvanına lüzumsuz ağrı, əzab və ya zərər verə bilməz. 4-cü maddədə belə bir tələb var: Ev heyvanını saxlayan və ya ona baxmaq üçün razılıq verən hər bir kəs bu heyvanın sağlamlığına və rifahına görə məsuliyyət daşıyır, həmin heyvanın növünə və cinsinə uyğun olaraq yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq ona diqqət və qayğı göstərməlidir, xüsusən də: ona lazımi və kifayət qədər yem və su verməli; təlim üçün adekvat imkanları təmin etməli; onun qaçmaması üçün bütün lazımi tədbirlər görməlidir.
2011-ci ildə Azərbaycan Nazirlər Kabineti ev heyvvanlarının saxlanması qaydalarını qəbul edib. Bu qaydaların məqsədi insanları heyvanlara qarşı amansız rəftara görə, o cümlədən küçə itlərini güllələməyə görə məsuliyyətə cəlb etmək imkanı yaratmaqdır. Amma bu qaydalara riayət olunmur. Bu ilin fevralında Gəncədə heyvan hüquqları müdafiəçiləri küçə itlərinin güllələnməsini əks etdirən fotoşəkillər yayıblar. Hələ sağ olan itlər zibil poliqonunda buldozerlə torpağa basdırılırdı. Həmin vaxt Gəncə şəhər İcra Hakimiyyəti itlərin güllələnməsi barədə əmr vermədiyini bildirdi. Heç kim cəzalandırılmadı.
Sadalanan normativ aktlarda pul cəriməsi şəklində inzibati cəza nəzərdə tutulur (fiziki şəxslərə 500 manat, hüquqi şəxslərə 2500 manat). Bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb. Amma heyvanlara qarşı istehzaya görə cinayət təqibi olmadığı üçün, mahiyyətcə cərimələr da yoxdur, çünki cərimələr yalnız baş verənlər cəmiyyətə məlum olanda, jurnalistlər sayəsində ictimai rezonans doğuranda tətbiq edilir.
- Tutaq ki, polis heyvan bazarı ərazisindəki pavilyona daxil oldu, heyvanların dəhşətli şəraitdə saxlanıldığını gördü və satıcıdan it və pişiklərin saxlanma şəraitini yaxşılaşdırmağı istədi. Satıcı heyvanların qəfəsdə saxlanması normalarını göstərməyi istəsə, qəfəslərin ölçüsü, onlarda saxlanılmasına icazə verilən heyvanların sayı barədə sual versə, polis nə deyəcək?
- Məsələ elə ondadır ki, Azərbaycanda ev heyvanlarının qidalanması, gəzdirilməsi, saxlanması, satışı, daşınması, müalicəsi, evtanaziyası, çoxaldılması və s. ilə bağlı bütün normaları əks etdirəcək heyvanlara qarşı humanist rəftar haqqında belə bir qanun qəbul edilməyib. Ölkə humanist rəftar tələb edən beynəlxalq konvensiyaya qoşulub. Amma bu sözlərin mənası nədir? Satıcı etiraz edə bilər: itlər sağdır, yemlənir, qəfəslər arabir nəcisdən təmizlənir, havalandırılır. Bəs harada yazılıb ki, bir qəfəsdə 10 it saxlamaq olmaz? Polis üzünü çevirib səssiz-səmirsiz getməli olacaq. Özü də pandemiya və korrupsiyaya qarşı mübarizə ilə əlaqədar mağazalarda yoxlamalar ciddi şəkildə tənzimlənir.
2010-cu ildə Heyvanları Müdafiə Cəmiyyəti Milli Məclisə heynvanların müdafiəsi haqqında qanun layihəsi təqdim edib. Sonra bizi dəflərlə “sabahlara doyurdular”, qanunun sabah-birsigün baxılması üçün deputatlara göndəriləcəyini deyirdilər. Həmin vaxtdan etibarən MM tərkibi dəfələrlə dəyişib, qanun isə hələ də qəbul edilməyib. Buna görə hüquq-mühafizə orqanları heyvanların Bakıda heyvan bazarında saxlanmasının qanuni olub-olmadığını düzgün tövsif edə bilmirlər.
- Heyvanlara münasibətdə mövcud qanunsuzluq kimə sərf edir?
- Yerli icra hakimiyyəti strukturları sahibsiz heyvanların axtalanması, saxlanması və müalicəsi üçün ayrılan minlərlə manat büdcə vəsaitini mənimsəyir. Kağız üzərində, hesabatlarda bizdə bu sahə Avropa səviyyəsindən heç də pis deyil. Həqiqətdə isə şəhərlərdə kommunal xidmətlər itlərin və pişiklərin nəzarətsiz çoxalması problemini heyvanları gecə güllələməklə, sağ heyvanları torpağa basdırmaqla həll edir. Heyvanlara qarşı humanist rəftar haqqında qanunun qəbul edilməsində maraqlı olan qüvvələr, bax, burada axtarılmalıdır.