Aİ-92 benzini gömrük rüsumundan azad edilib

Aİ-92 benzini gömrük rüsumundan azad edilib
1 Fevral 2022
Mətni dəyiş
Bu gündən Azərbaycana idxal edilən Aİ-92 benzini gömrük rüsumundan azad olunub. Bununla bağlı qərarı yanvarın 29-da Baş nazir Əli Əsədov imzalayıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişikliyə əsasən, qeyd olunan benzin növü üçün hər 1 000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib. Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Qərar iyunun 1-dək qüvvədə qalacaq. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov fevralın 1-dən ölkəyə idxal edilən Aİ-92 oktan ədədi ilə avtomobil benzinini gömrük rüsumundan azad edilməsini şərh edərkən bildirib ki, qərar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun bir çox qurğuların fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlıdır. “Heydər Əliyev adına Neft Emalı Zavodunda mütəmadi olaraq təmir və əsaslanma işləri aparılır. Bu cür işlər bütün neft emalı zavodlarında həyata keçirilir. Buna görə də, ildə bir dəfə olmaqla zavodun bir çox qurğuların fəaliyyəti müvəqqəti dayandırılır. Dövrü təmir işləri adətən bir ay və bir aydan bir az çox davam edə bilər", - İ. Əhmədov qeyd edib. Onun sözlərinə görə, ötən il dövrü təmir işləri həyata keçirilmədi: “Bəzi optimallaşmaya görə bu mümkün olmayıb. Həmçinin, bu ilə qədər təxirə salındı. Bu il də zavod artıq Avro-5 standartlarına cavab verən dizel yanacağının istehsalına başlamağa hazırlaşır. Bu baş verməmişdən əvvəl müvafiq qurğuların işə salınması üçün zavod dayandırılmalıdır. Dövrü təmir sazlama işləri də aparılmalıdır. İlin birinci yarısında bu işlər həyata keçiriləcək”. İ.Əhmədov vurğulayıb ki, bu mütəmadi olaraq həyata keçirilən bir prosesdir, yenilik deyil: “Belə olan halda zavodda istehsal edilən benzin yanacağı qabaqcadan tədarük edilsə də, qabaqcadan tədarük edilən yanacaq dövrü təmir müddətində ölkənin benzinə olan tələbatına yetməyə də bilər. Buna görə də, SOCAR üçün dövlət idxal imkanı da yaradır, Aİ-92 gömrük rüsumundan müvəqqəti azad edilir və aksiz dərəcəsi azaldılır. Bununla da, benzinin istehsalına yenidən başlayanadək bir pəncərə yaradılır ki, bu müddət ərzində SOCAR lazımlı qədər, ölkə tələbatına uyğun olaraq benzin idxal edə bilsin. Dizelin idxalına adətən ehtiyac yaranmır. Ona görə ki, bizim dizel istehsal edən başqa bir qurğumuz da var. Həmin müddətdə alternativ qurğu işləyir. O da ölkənin dizelə olan tələbatını təmin edə bilər. Lakin benzini istehsal edən qurğular həmin müddətdə işləmədiyinə görə, benzin idxalına müəyyən miqdarda ehtiyac yarana bilər. Buna görə də hökümət benzinin idxalı üçün daha əlverişli imkanlar yaradır, lakin bu müvəqqəti addımdır və dövrüt təmiri başa çatandan sonra zavodun normal fəaliyyəti bərpa olunacaq. Benzinin istehsalı davam etdiriləcək”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun