İşğaldan azad olunmuş ərazilərə hər şəxs ildə yalnız bir dəfə səfər edə biləcək

İşğaldan azad olunmuş ərazilərə hər şəxs ildə yalnız bir dəfə səfər edə biləcək
18 Yanvar 2022
Mətni dəyiş
24 yanvardan Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları açılır. Bu barədə işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. Bildirilib ki, ilk mərhələdə işğaldan azad edilmiş ərazilərə səfərlər üçün biletlər iki tərəfə alınır. Qarabağ istiqamətinə səfər etmək istəyən şəxslər çox olduğu üçün ilk olaraq hər kəsə il ərzində yalnız 1 dəfə səyahət imkanı yaradılır və gün ərzində gediş-gəliş nəzərdə tutulub. Səfər çərçisində sərnişinlər 2-3 saat orada qala biləcək. Sonra eyni marşrut üzrə geri dönəcəklər. Nazir müavini bildirib ki, hazırkı resurslarla, marşrut və avtobuslarla bağlı nəzərdə tutulan yer sayı da önəmlidir: “Təxminən bir avtobusda 50 nəfər ola bilər. Bu səfərlər turizm məqsədi daşımır. Ən azından ilkin mərhələdə belədir. Uzun müddət bu torpaqlara həsrət qalan vətəndaşlarımıza şərait yaratmaq məqsədi daşıyır. Odur ki, bu mərhələdə səfərlər bir gün ərzində gediş-gəliş üçün nəzərdə tutulur”, - deyə nazir müavini əlavə edib. Həmçinin qeyd edilib ki, “azad edilmiş ərazilərə səfərlər üçün alınan biletlər kimin adınadırsa, yalnız o şəxslər səfərdə iştirak edə bilərlər. Biletlərin kənar şəxslərə verilməsi yolverilməzdir”. Rəhman Hümmətov bildirib ki, biletlər QR-kod vasitəsilə avtobuslara minən zaman aidiyyəti qurumların əməkdaşları tərəfindən yoxlanılacaq: “Bu məsələni diqqətə almaqla bilet sifariş verilən zaman məlumatların doğru qeyd edilməsi önəmlidir. Biletlərin vətəndaşlar arasında mübadiləsi yolverilməzdir”, - deyə o əlavə edib. Rəhman Hümmətov bildirib ki, əslən azərbaycanlı xarici ölkə vətəndaşı olan həmvətənlərimizin ilkin mərhələdə bu səfərlərdə iştirakı nəzərdə tutulmayıb. “Bu və digər məsələlər irəliləyən dövrdə, növbəti mərhələlərdə nəzərə alınacaq. Bu gün üçün biz bu səfərlərdə ölkə vətəndaşlarımızın ziyarət məqsədilə Qarabağa gedişini təşkil etməyə çalışırıq. Azərbaycan vətəndaşlığından imtina edən xarici ölkə vətəndaşlığını qəbul edən soydaşlarımızın hazırda səfərlərdən yararlanması nəzərdə tutulmayıb. Lakin bir müddət sonra bu və digər yaranan suallar da öz həllini tapacaq”. Rəhman Hümmətov əlavə edib ki, təhlükəsizlik tədbirləri imkan verdikcə, yollarda aparılan işlər nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərə yeni avtobus marşrutlarının açılması təmin ediləcək. O bildirib ki, hazırda işğaldan azad olunan digər rayonlara gedişləri bağlı qərar yoxdur: “Ağdam və Şuşa şəhərlərinin təhlükəsizlik tədbirləri tam təmin edilib. Vətəndaşların aidiyyəti qurumların nəzarəti altında səfərləri təşkil ediləcək. Odur ki, zamanla, digər ərazilərdə görülən infrastruktur layihələrinə müvafiq olaraq məsələ müzakirə edilə və yeni marşrut xətlərinin təşkili nəzərdə tutula bilər”, - deyə o əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun