Həkimlər aclığı dayandıran Polad Aslanovu müayinə etmirlər

Həkimlər aclığı dayandıran Polad Aslanovu müayinə etmirlər
29 Yanvar 2022
Mətni dəyiş
Jurnalist Polad Aslanovun həbsxanada 20 gün davam etdirdiyi aclıq onun orqanizmində mənfi nəticələrə səbəb olub. Xüsusən, onun ayaqlarında, əllərində və üzündə şiş var. Bu barədə Turan-a jurnalistin həyat yoldaşı Gülmirə Aslanova bildirib. Onun sözlərinə görə, aclığı dayandırdıqdan sonra Polad Aslanovu həkim müayinə etməyib. Jurnalist bu barədə aclığı dayandırdıqdan sonra ona baş çəkən Ombudsman aparatının nümayəndələrinə də məlumat verib. "Polad tibbi yardım istəyib, amma ona heç bir yardım göstərilmir. Ona deyirlər ki, "bu gün həkim yoxdur, sabah baxarlar" və hər gün belə davam edir", deyə Aslanova bildirib. Onun sözlərinə görə, hazırda jurnalist Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılır. Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib. "Sərhədsiz reportyorlar" və digər hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar. Yanvarın 6-da o, işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələbilə aclıq elan edib. Aclığın 9-cu günündə Ali Məhkəmə Polad Aslanovun kassasiya şikayətinə baxılmasını fevralın 3-nə təyin edib. Aclığın 20-cü günündə, yanvarın 25-də jurnalist həkimlərin təkidilə aclığı dayandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun