Dövlət Agentliyi vergi borcu olan şirkətə tender verib

Dövlət Agentliyi vergi borcu olan şirkətə tender verib
18 Yanvar 2022
Mətni dəyiş

“ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsini təmin edən Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi yanvarın 18-də bır sıra satınalma tenderləri təşkil edib. Bu tenderlərdən ən diqqət çəkəni "Servis Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə imzalanan müqavilədir.

Sözügedən qurum "Servis Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə maliyyə dəyəri 152847 AZN (152 min 847) olan satınalma müqaviləsi imzalayıb. Bu barədə məlumat Dövlət satınalmalarının vahid internet portalında yer alıb. AbzasMedia xəbər verir ki, müqavilədə Quba regional “ASAN xidmət” mərkəzində gündəlik təmizlik işlərinin görülməsi xidmətinin satınalınması nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, nizamnamə kapitalı 20 manat olan "Servis Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti 9 aprel 1993-cü ildə dövlət qeydiyyatına alınıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, şirkətin qanuni təmsilçisi Nurgün Tamerlan oğlu Ağayevdir.

"Servis Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinin dəfələrlə Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin təşkil etdiyi və maliyyə dəyəri böyük olan tenderlərdə qalib gəldiyi xüsusilə diqqət çəkir. Dövlət Vergi Xidmətinin 18 yanvar 2022-ci ilə olan rəsmi məlumatına görə, "Servis Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlətə 2940 AZN (2 min 940) vergi borcu var. Vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün deyil.​ Araşdırmalar zamanı şirkətin qanuni təmsilçisi Nurgün Tamerlan oğlu Ağayevin adına daha iki MMC-nin də qeydiyyatdan keçdiyi bəlli olub. Bunlar "A.NUR" MMC və "NUR SERVİCE LTD" MMC şirkətləridir. Dövlət Vergi Xidmətinin 18 yanvar 2022-ci ilə olan rəsmi məlumatına əsasən, nizamnamə kapitalı 10 manat olan "NUR SERVİCE LTD" MMC-nin də dövlətə 1631.38 AZN (1 min 631) vergi borcunun olduğu məlum olub. Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin vergi borcu olan şirkətə tender verməsi isə sual olaraq qalmaqdadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun