Bakı Metropoliteni vergi borcu olan şirkətə 870 min manatlıq tender verib

Bakı Metropoliteni vergi borcu olan şirkətə 870 min manatlıq tender verib
19 Yanvar 2022
Mətni dəyiş
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti yanvarın 19-da "CMT GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə maliyyə dəyəri 870186.09 AZN (870 min 186) olan satınalma müqaviləsi imzalayıb. Bu barədə məlumat Dövlət satınalmalarının vahid internet portalında yer alıb. AbzasMedia xəbər verir ki, müqavilədə 2022-ci il üçün metropolitenin tunellərində istifadə olunan xüsusi qoruyucu polimer örtüklərinin satın alınması nəzərdə tutulub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, nizamnamə kapitalı 10 manat olan "CMT GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti 20 may 2010-cu ildə dövlət qeydiyyatına alınıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, şirkətin qanuni təmsilçisi Eynar Vüqar oğlu Hacıdır. "CMT GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin dəfələrlə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti təşkil etdiyi və maliyyə dəyəri böyük olan tenderlərdə qalib gəldiyi xüsusilə diqqət çəkir. Dövlət Vergi Xidmətinin 19 yanvar 2022-ci ilə olan rəsmi məlumatına görə, "CMT GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlətə 8428,57 AZN (8 min 428) vergi borcu var. Vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün deyil. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin vergi borcu olan şirkətə tender verməsi isə sual olaraq qalmaqdadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun