“Azərsu” ASC 2 milyon manata nasos aqreqatları alacaq

“Azərsu” ASC 2 milyon manata nasos aqreqatları alacaq
24 Yanvar 2022
Mətni dəyiş

"AZƏRSU" Açıq Səhmdar Cəmiyyəti yanvarın 24-də "HİNAL GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə maliyyə dəyəri 2094348.96 AZN (2 milyon 94 min 348) olan satınalma müqaviləsi imzalayıb.

Bu barədə məlumat Dövlət satınalmalarının vahid internet portalında yer alıb.

AbzasMedia xəbər verir ki, müqavilədə cəmiyyətin balansında olan subartezian quyularında istismar üçün nasos aqreqatlarının satın alınması nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, nizamnamə kapitalı 100 manat olan "HİNAL GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti 1 iyun 2021-ci ildə dövlət qeydiyyatına alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, şirkətin qanuni təmsilçisi Əhliman Teymur oğlu Əliyevdir.

"HİNAL GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin yarandığı 8 ay ərzində üç dəfə “AZƏRSU” Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi tenderlərdə böyük maliyyə dəyəri ilə qalib gəldiyi diqqət çəkir.

Dövlət Vergi Xidmətinin 24 yanvar 2022-ci ilə olan rəsmi məlumatına görə, "HİNAL GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə 1910,87 AZN (1 min 910) vergi borcu var.

Vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün deyil.​

“AZƏRSU” Açıq Səhmdar Cəmiyyətinin vergi borcu olan şirkətə tender verməsi isə sual olaraq qalmaqdadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun