19 gündür aclıq edən Polad Aslanovun vəziyyəti kəskin pisləşib

19 gündür aclıq edən Polad Aslanovun vəziyyəti kəskin pisləşib
24 Yanvar 2022
Mətni dəyiş
Yanvarın 6-dan həbsdə aclıq aksiyası keçirən jurnalist Polad Aslanovun vəziyyəti kəskin pisləşib. Bu barədə jurnalistin xanımı Gülmirə Aslanova məlumat verib. O, şənbə günü 1 saylı koloniyada həyat yoldaşına baş çəkib. “Polad çox halsız idi. Əlləri göyərmişdi. Başını masaya qoyaraq məni dinləyirdi. Özü çətinliklə danışırdı, çox arıqlayıb”, - Aslanova “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə müsahibəsində deyib. Bununla belə, Polad aclığı davam etdirmək niyyətindədir. "Ya Ali Məhkəmə məni azad edəcək, ya da buradan cəsədimi çıxaracaqlar", - o, xanımına deyib. Onun sözlərinə görə, koloniyanın həkimi xəbərdarlıq edib ki, aclıq davam edərsə Polad 3-4 gün tab gətirə bilər. Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib. “Sərhədsiz reportyorlar” və digər hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar. Yanvarın 6-dan işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələbilə aclıq edir. Aclığın 9-cu günündə Ali Məhkəmə Polad Aslanovun kassasiya şikayətinə baxılmasını fevralın 3-nə təyin edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun