LGBTQI+ Azərbaycan qanunlarında necə əks olunub?

LGBTQI+ Azərbaycan qanunlarında necə əks olunub?
23 Yanvar 2022
Mətni dəyiş

Samirə Əliyeva 

2021-ci ilin may ayında Herman Cavadzadə trans kimliyinə görə hücuma məruz qalıb və ona fiziki zorakılıq göstərilib. 

Buna baxmayaraq, hüquq-mühafizə orqanlarına güvənməyən 23 yaşlı gənc şikayət etməmək qərarına gəlib. Daha sonra LGBTİQ+ dostlarına qarşı olan hücumlar onun fikrini dəyişib və sonda polis bölməsinə gedib, lakin gözlədiyi kimi, heç bir nəticə əldə edə bilməyib.

“Polis ekspertizaya göndərilmək üçün verilən kağızı gecikdirdi. Ekspertizaya gedəndə artıq yaralarım sağalmışdı, yalnız əlimdə şəkillər var idi. Bununla bağlı həmin polisdən şikayət etmişəm, lakin heç bir cavab yoxdur” - deyə, Herman əlavə edir ki, hüquqları qorunmadığı üçün özünü təhlükə və qorxu içində hiss edir.

Cavadzadə cinsi oriyentasiyasına və gender kimliyinə görə diskriminasiyaya məruz qalan vətəndaşlardan sadəcə biridir.

Azərbaycan qanunvericiliyində hər növ ayrı-seçkilik qadağan edilsə də, birbaşa LGBTİQ+ vurğusu qoyulmur. Bir sözlə, onların hüquqlarının qorunması ilə bağlı heç bir qanun yoxdur.

Məsələn, ayrı-seçkiliklə üzləşən 11-ci sinif şagirdi Əli Məlikov bir aya yaxındır ki, oxuduğu məktəbi boykot edir.

“Məktəbdə mənə çiyin atırdılar, qarşımı kəsirdilər və bıçaqla qorxudurdular. İtlərə qarşı qorxum olduğunu bildikləri üçün üstümə it buraxırdılar”, - o deyir.

Məlikov məsələ ilə əlaqədar müvəfiq orqanlara şikayət etsə də, deyir ki, ona yalnız hadisə ictimailəşəndən sonra zəng ediblər. Lakin onun təhlükəsizliyi üçün hələ də heç bir tədbir görülməyib.   

“Bərabərlik hüququnda belə, LGBTİQ+ların konkret hüquqlarından bəhs edilmir”, o vurğulayır.

Hüquqşünas Səməd Rəhimlinin sözlərinə görə, Azərbaycanda ayrı-seçkilik qadağası konsitutsiyanın 25-ci maddəsi ilə tənzimlənir, lakin buna baxmayaraq LGBTİQ+ üçün heç nə nəzərdə tutulmayıb, gender və oriyentasiya kimi ifadələr işlədilməyib. 

“Eyni zamanda Azərbaycan BMT-nin mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktına qoşulub. Həmin paktın 2-ci və 26-cı maddələrinə uyğun olaraq, Azərbaycanın konstitusion və hüquqi öhdəliyi var ki, ayrı-seçkiliyin qarşısını alsın”, - Rəhimli əlavə edir. 

Bərabərlik hüququnun pozulması Cinayət Məcəlləsinin 154-cü maddəsi ilə təsbit edilsə də, həmin maddədə nə cür pozuntuların nəzərdə tutulduğu aydın deyil. 

“Bununla bağlı heç təcrübə də yoxdur”, - Rəhimli əlavə edir. 

Ölkədə anti-diskriminasiya qanunun qəbul edilməsi mövzusu dəfələrlə gündəmə gəlib.

Məsələn, 2014-cü ildə LGBTİQ+ fəalı İsa Şahmarlının intiharından sonra. 

Həmin il Nəfəs LGBTİ Azərbaycan Alyansı nümayəndəsi Cavid Nəbiyev onlayn imzatoplama kampaniyası keçirərək Azərbaycan parlamentini bir sıra islahatları qəbul etməyə çağırıb. Bu çağırışlardan biri də seksual oriyentasiya və ya gender identikliyi zəminində istənilən ayrı-seçkiliyə görə məsuliyyət nəzərdə tutan anti-diskriminasiya qanunun qəbul edilməsi ilə bağlı olub. Bununla belə, çağırışlar nəticəsiz qalıb. 

Cavid Nəbiyev deyir ki, Azərbaycan beynəlxalq insan hüquq insitutu URP (The Universal Periodic Review) və AŞPA-ya üzv olmasına baxmayaraq, anti-diskriminasiya qanunu ilə bağlı verilən tövsiyələrin heç birindən yararlanmır. 

“Bundan əlavə, bu yaxınlarda BMT- nin Sosial, İqtisadi və Mədəni Hüquqları ilə bağlı komitə Azərbaycana tövsiyə göndərib. Həmin tələbdə anti-diskriminasiya qanunun qəbulu da var. Azərbaycan isə bu öhdəliklərlə bağlı heç vaxt bir addım atmayıb”, - deyən təşkilat sədri onu da vurğulayır ki, 2017-ci ildə baş verən hadisələr bütün tövsiyələrin əksinə hərəkət edildiyinin sübutudur.

Azərbaycan Parlamentinin LGBTİQ+ların hüquqları ilə bağlı yeganə atdığı addım 2000-ci ildə anti-sodomiya qanununun ləğv edilməsidir. Azərbaycanın bu qanunu qəbul etməsinə səbəb Avropa Şurasına üzvlük şərtlərdən biri olmasıdır. Homoseksuallığa görə cəza maddəsi Cinayət Məcəlləsindən çıxarıldıqdan sonra isə 2001-ci ildə Azərbaycan Avropa Şurasının 43-cü üzv dövlətinə çevrilib.

Bununla yanaşı, illərdir ki, beynəlxalq təşkilatlar Azərbaycanda LGTBİQ+ların hüquqlarının pozulması və onlara qarşı olan hücumlar barədə hesabatlar dərc edir. 

Gender eksperti Lalə Mahmudova deyir ki, zorakılıq və diskriminasiya qorxusu ucbatından LGBTİQ+lar öz kimlikləri ilə açıq şəkildə yaşamağa qorxurlar. Onun sözlərinə görə, bu, həmçinin onların bullinqə məruz qalmaları və işlərini itirmələri ilə nəticələnə bilir.  

“Bütün bunların baş verməməsi üçün, ölkənin bütün vətəndaşlarını eyni dərəcədə diskriminasiyadan qoruya bilməsi üçün hüquqi çərçivədən istifadə etməsi ən vacib addım hesab olunur”, - o  əlavə edir. 

Hüquqşunas Səməd Rəhimli bildirir ki, LGTBİQ+lar üçün digər ən vacib hüququ təminatlardan biri də zorakılıqla mübarizədir. Hüquq mühafizə orqanlarının bu barədə şikayətlərə baxması, konkret tədbir görməsi ilə bağlı qanunvericilik gücləndirilməlidir. 

“Məsələn hazırda “102”-ə zəng etdikdə polis tərəfindən soruşulur ki, “ başınıza gələn bir şey var? Aktiv təhdid və ya hücum olunubmu? Bunlar yoxdursa, hüquq-mühafizə orqanlarının reaksiyası zəif olur. İlkin polis mühafizəsi inkişaf etdirilməlidir”, o deyir. 

Qonşu ölkələrin təcrübəsində isə vəziyyət bir az Azərbaycandan fərqlidir.  

Məsələn, Gürcüstanda ayrı-seçkiliyə qarşı qanun 2014-cü ildə təsdiqlənib. Buna baxmayaraq, bəzi tələblər hələ də qalmaqdadır. 

Ermənistan 2008-ci ilin dekabrında BMT-nin seksual oriyentasiya və gender identikliyi haqqında bəyannaməsini regionda ilk imzalayan dövlət olsa da, hazırda ölkədə LGBTİQ+ şəxsləri ayrı-seçkilikdən qoruyan qanunvericilik mövcud deyil.

Azərbaycana gəldikdə, vəziyyət dəyişməz olaraq qalır. 

“Vəziyyət xaotikdir. LGBTİQ+ların icma olaraq bir araya gələ bilmək üçün şəraiti yoxdur ki, oturub müəyyənləşdirə bilsinlər ki, bizim pirioritetlərimiz nələrdir”, Nəfəs LGBTİ Azərbaycan Alyansının nümayəndəsi Cavid Nəbiyev deyir. 

Məqalə QueeRadar platformasının dəstəyi ilə hazırlanıb.

AbzasMedia

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun