Türkmən fəal İstanbuldan deport edilmə təhlükəsi ilə üz-üzədir

Türkmən fəal İstanbuldan deport edilmə təhlükəsi ilə üz-üzədir
28 Sentyabr 2021
Mətni dəyiş
Türkmənistan hökumətinin açıq tənqidçisi olan fəal Dursoltan Taqanova İstanbulda saxlanıb. O, deportasiya oluna bilər. Türkmən fəal hazırda İstanbul deportasiya mərkəzində saxlanır. Moskvada yerləşən Memorial İnsan Haqları Mərkəzi sentyabrın 27-də bildirib ki, Türkmənistana qaytarılacağı halda o, həbs oluna, işgəncəylə üzləşə bilər. Polis sentyabrın 26-da səhər tezdən onun evinə gedib, otaq yoldaşına order verərək Taqanovanın “sənədləri imzalamaq” üçün polis məntəqəsinə getməsini istəyib. Taqanova polisə gedəndə saxlanaraq deportasiya mərkəzinə göndərilib. Qorxmayın” Fəal Turkmen.news Telegram kanalında türkcə yaydığı videoda saxlandığını, deportasiya oluna biləcəyini deyir. O, qanunsuz bir iş görmədiyini, sadəcə TikTok-da vətənində daha böyük azadlıqlar tələb etdiyi sosial media videoları yaydığını deyir. “Bu mənim sonuncu videom ola bilər. Nə baş verirsə versin, savaşa davam edin, həmvətənlər. Qorxmayın, qorxmayın, qorxmayın”, – o deyib. 2020-ci ilin iyulunda Taqanova və onlarla digər türkmən İstanbulda Türkmənistan konsulluğu qarşısında yürüş keçirərək Türkmənistanın avtoritar prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətini tənqid etmək istəyərkən saxlanıblar. Saxlananların çoxu bir neçə saat sonra buraxılıb, Taqanova isə həbsdə qalıb, Türkiyə hökuməti onu Türkmənistana deportasiya etmək istəyib. Fəal həmin ilin oktyabrında buraxılıb. Bundan öncə 11 insan haqları təşkilatı Türkiyə hakimiyyətini onu deportasiya etməməyə çağırmışdı. Xəbərdarlıq Taqanova apreldə Türkiyə immiqrasiya idarəsinə çağırıldığını, ona siyasi fəaliyyətini dayandırmazsa, rezidentliyi ilə bağlı problemlərlə üzləşəcəyi haqda xəbərdarlıq olunduğunu deyib. Fəalın sözlərinə görə, Türkiyə rəsmiləri ona aydın şəkildə bildiriblər ki, digər blogerlərlə yazışmaları və Türkmənistan hökumətinin tənqid olunduğu onlayn presentasiyaları izlənilir. Ötən il Türkiyədə, Birləşmiş Ştatlarda və Şimali Kiprdə yaşayan türkmənlər Berdiməhəmmədova qarşı aylarla etirazlar keçiriblər. Memorial-ın məlumatına görə, etirazlara qatılmış digər fəalların da tezliklə Türkiyədən deportasiya oluna biləcəyi haqda məlumatlar var. Bəzi fəallar isə Türkmənistanda yaşayan qohumlarına təzyiqlərin artdığını deyirlər. Türkmənistan dünyada ən repressiv ölkələrdən hesab olunur. Berdiməhəmmədov 2006-cı ildə avtokrat Saparmurad Niyazovun ölümündən sonra hakimiyyətə gəlib, o vaxtdan narazıları təzyiq altında saxlayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun