Time jurnalı Aleksey Navalnını "2021-ci ilin ən nüfuzlu 100 adamı" siyahısına daxil edib

Time jurnalı Aleksey Navalnını "2021-ci ilin ən nüfuzlu 100 adamı" siyahısına daxil edib
16 Sentyabr 2021
Mətni dəyiş
Time jurnalı həbsdə olan rusiyalı müxalifət lideri Aleksey Navalnını "2021-ci ilin ən nüfuzlu 100 adamı" siyahısına daxil edib. Navalnı Britaniya Şahzadəsi Harri və onun həyat yoldaşı Meqan, amerikalı pop ulduz Britni Spirs, iranlı hüquqşünas və hüquq müdafiəçisi Nəsrin Sütudə və koreyalı-amerikalı şair Kati Park Honqla birlikdə ikonik şəxslər siyahısında yer alır. Jurnalda Navalnı haqqında məqaləni şahmat üzrə qrossmeyster və Rusiyadan didərgin düşən rus müxalifətçi Qarri Kasparov yazıb. O, Navalnını avtoritar prezident Vladimir Putinin göstərişi ilə Rusiya təhlükəsizlik agentləri tərəfindən zəhərələndikdən sonra müalicə almaq üçün aparıldığı Almaniyadan yanvar ayında Rusiyaya geri dönməklə "bu il təsəvvür edilə bilməz" hərəkət etdiyinə görə alqışlayıb. Navalnı geri döndüyü zaman hava limanında həbs edilib və şərti cəza qanunlarını pozmaq ittihamı ilə 2 il yarım həbs cəzası alıb. "Navalnı indi Rusiyanın ən pis həbsxanalarından birindədir, həyatı diktatorun əlindədir və bütün sübutlar deyir ki, rejim onu dəhşətli korrupsiyanı ifşa etdiyinə görə artıq bir dəfə öldürməyə çalışıb", deyə Kasparov yazır. "Navalnı ölkəsində dəyişiklik etmək üçün hər şeyi riskə atmaqdan başqa alternativ görmədi” deyən Kasparov onu "qorxmaz tək adam" adlandırıb. Bu il ən nüfuzlu adamlar siyahısına daxil olmayan Putin, 2007-ci ildə Time jurnalı tərəfindən İlin adamı seçilmişdi. "O yaxşı adam deyil, amma qeyri-adi işlər görüb" deyə Time jurnalının icraçı redaktoru Riçard Stenqel bildirib. O həmçinin əlavə edib ki, "O, Rusiyanın yeni çarıdır və vətəndaş azadlıqlarına əhəmiyyət verməməsi baxımından təhlükəlidir." Hökumət Navalnını həbsdə atdıqdan sonra onun Korrupsiyaya Qarşı Mübarizə Fondunu və regional ofislər şəbəkəsini "ekstremist təşkilatlar" elan edib. Eləcə də təşkilatlarla əlaqəli bir çox fəalın 17-19 sentyabr tarixlərində Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasına seçkilərə qatılması qadağan edilib. Navalnının bir çox yüksək səviyyəli həmkarları cinayət təqibi təhlükəsi səbəbindən ölkəni tərk etmək məcburiyyətində qalıb. Navalnı həbsxanada onunla olan rəftarın işgəncəyə bərabər olduğunu bildirir, çünki o, "firar etmək riski" olan məhbus olaraq təyin edildiyinə görə, gözətçilər onu gecə boyu bir saatdan bir yuxudan oyandırırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun