The Wall Street Journal: Facebook Instagramın yeniyetmələrə zərəri haqda məlumatları gizlədir

The Wall Street Journal: Facebook Instagramın yeniyetmələrə zərəri haqda məlumatları gizlədir
16 Sentyabr 2021
Mətni dəyiş
Instagram öz gənc istifadəçilərinin böyük qismi, xüsusilə yeniyetmə qızlar üçün zərərlidir. Bunu Instagramın sahibi Facebook-un apardığı daxili araşdırmalar sübut edir. The Wall Street Journal (WSJ) qəzeti sözügedən araşdırmaların nəticələrini əldə edib. Facebook Instagramı 2012-ci ildə milyard dollara alıb. O zaman şirkət sadəcə 13 nəfər işçisi olan kiçik, amma artıq məşhur startap idi. Elə həmin il Facebook öz sosial şəbəkəsində gənc auditoriyanın azalması ilə üzləşdi və Instagramı yeniyetmələri cəlb etmək üçün bir vasitə olaraq gördü. Facebook trendə uyğun maskalar və kiçik videolar əlavə edərək Instagramın gənclər arasında aktual qalmasına xüsusi diqqət ayırırdı. Bu cəhdlər öz bəhrəsini verdi. ABŞ-da Instagram istifadəçilərinin 40%-dən çoxu 23 yaşdan kiçik şəxslərdir. Hər gün sosial şəbəkəyə 22 milyonadək amerikalı yeniyetmə daxil olur. Gənclərin payı 10 ildir artmayan Facebook-a ABŞ-da gündəlik olaraq sadəcə 5 milyon yeniyetmə daxil olur. Üstəlik bu cür istifadəçilər Instagramda Facebook-dan 50% çox vaxt keçirirlər. WSJ Facebook-un daxili sənədləri əsasında yazıb. 2019-2021-ci illərdə Facebook Instagramın yeniyetmələrin psixikasına təsirini araşdırıb. Sorğularda sosial şəbəkənin on minlərlə istifadəçisi iştirak edib. Onların reaksiyaları bir çoxlarının psixologiya, informatika və məlumat analizi sferalarında təcrübəsi olan data təhlili, marketinq və məhsul istehsalı sahələrində Facebook əməkdaşları tərəfindən öyrənilib. WSJ müəlliflərin "Yeniyetmə Psixoloji Sağlamlığına Dərin Dalış" adlandırdıqları beş araşdırma təqdimatına istinad edir. Araşdırmalar göstərib ki, Instagram birmənalı olaraq zərərli adlandırıla bilməz. Sosial şəbəkədən istifadə edərkən bir çox gənc "mənfi sosial müqayisə" təsiri ilə üzləşir (Instagramda bu, Facebook, TikTok və Snapchat-dan daha güclüdür). Bir çoxları bunun öhtəsindən gələ bilir və Instagramı özünüifadə və ünsiyyət vasitəsi kimi görür. Amma bəzi yeniyetmələr, xüsusilə qızlar və xüsusilə də özünüdərketmə ilə problemi olanlar “neqativ sosial müqayisə”yə qarşı daha həssasdırlar. Qızların 32%-i bədənləri üçün narahat olduqları zaman Instagramın onları daha da pis hiss etdirdiyini söyləyib. Oğlanların da 14%-i özgüvən azalması ilə üzləşib. Sorğulardan birində respondentlərin özünü cəlbedici hesab etməyən 40 faizi deyib ki, bu hiss Instagrama görə yaranıb. Suisidal istəkləri haqda məlumat verən ABŞ və Böyük Britaniyadakı yeniyetmələr arasında 13% britaniyalı və 6% amerikalı intihar arzularını Instagramla əlaqələndirib. Gənc insanlar sosial şəbəkəni narahatlığın və depressiyanın artmasında ittiham edirlər. Onlardan bir çoxu Instagramda daha az “oturmaq” istəyərdi, amma bunun üçün özünüidarə bacarıqları kifayət etmir. “Yeniyetmələr deyirlər ki, tətbiqdə çox vaxt keçirməkdən xoşları gəlmir, amma hiss edirlər ki, orada qalmalıdırlar. Hərdən özlərini “asılı” hiss edirlər və başa düşürlər ki, Instagram onların psixoloji rifahına pis təsir edir, amma özlərini dayandıra bilmirlər”, Facebook-un araşdırmaçıları bildiriblər. Instagram istifadəçilərinin ən yaxşı anlarını bölüşmək və mükəmməl görünmək cəhdləri, həmçinin sosial şəbəkənin asılılıq yaratma faktı yeniyetmələri qida pozğunluğuna, qeyri-sağlam bədən qavrayışı və depressiyaya sövq edə bilər. 2020-ci ilin mart ayı üçün edilən araşdırmada deyilir. WSJ-nin əldə etdiyi sənədlərə görə, bu araşdırmaların nəticələrini Facebook-un top menecerləri, o cümlədən şirkətin təsisçisi Mark Zukerberq də görüb. Qərbdə uzun müddətdir Instagramın öz istifadəçilərinin psixoloji vəziyyətinə təsiri müzakirə edilir. Bu mübahisələrin fonunda Facebook Instagramda bəyənmə sayının gizlədilməsi funksiyasını aktivləşdirib və qeydiyyatdan keçərkən doğum tarixinin əlavə edilməsini tələb edib (13 yaşdan kiçik şəxslər qeydiyyatdan keçə bilməz). Eyni zamanda Facebook Instagramın yeniyetmələrin psixologiyasına təsiri haqda araşdırmalarının nəticələrini ictimaiyyətə təqdim etməyib və bu təsirin mənfi tərəflərini kiçildib. “Araşdırmalarımız göstərir ki, tətbiqdən başqa insanlarla ünsiyyət üçün istifadə psixoloji sağlamlığa müsbət təsir edə bilər”, Mark Zukerberq 2021-ci ilin mart ayında ABŞ Konqresində keçirilən dinləmələrdə uşaqların psixoloji rifahı haqda suala cavab verərkən bildirib. Avqust ayında senatorlar Riçard Blyumental və Marşa Blekbern Facebookdan platformaları ilə gənclərin qarşılıqlı əlaqəsi haqda araşdırmaların nəticələrini göstərmələri istədilər. Facebook cavab olaraq “şirkət daxilində səmimi və açıq dialoqu təşviq etmək üçün” məlumatları gizli saxladığını deyib. “Facebook tütün korporasiyalarının yolunu davam etdirir - potensial təhlükəli bir məhsulla gəncləri hədəf alır və elmi məlumatları ictimaiyyətdən gizlədir” – Blyumental “The Wall Street Journal”-a bildirib. Nəşrin Facebook-un daxili araşdırmalarının nəticələrini ortaya çıxarmasından sonra Blyumental və Blekbern Senatın istehlakçıların hüquqlarının müdafiəsi, məhsul təhlükəsizliyi və informasiyaların bütövlüyü üzrə alt komitəsinin WSJ məqaləsindəki məlumatlara baxış keçirəcəyini söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun