Taliban hökumətə yeni şəxslər əlavə etdi – Siyahıda hələ də qadınlar yoxdur

Taliban hökumətə yeni şəxslər əlavə etdi – Siyahıda hələ də qadınlar yoxdur
21 Sentyabr 2021
Mətni dəyiş
Taliban çərşənbə axşamı günü hökumətə təyin edilən yeni üzvlərin adlarını açıqlayıb. Siyahıda heç bir qadının olmaması diqqəti çəkib. Müvəqqəti hökumətin nümayəndəsi Zabihullah Mücahid son təyinatları müdafiə edib və siyahıya Əfqanıstanın 9 faizini təşkil edən hazaralar kimi etnik azlıqların da daxil edildiyini deyib. Mətbuat konfransında çıxış edən Z.Mücahid qadınların daha sonra təyin edilə biləcəyini deyib. Taliban hakimiyyəti ələ keçirdikdən sonra mülayim və inklüziv dövlət quracağına vəd verib və beynəlxalq ictimaiyyət dəfələrlə yeni hakimiyyəti bərabər hüquqları təmin etməyə çağırıb. Amma bazar ertəsi Əfqanıstanın TOLOnews telekanalına müsahibə verən Mücahid bildirib ki, Taliban bu narahatlıqları yalnız beynəlxalq səviyyədə tanındıqdan sonra həll edəcək. "Bizə məsuliyyətlə yanaşsalar və indiki hökumətimizi legitim hakimiyyət olaraq tanısalar yaxşı olar. Daha sonra narahatlıqlarını qanuni olaraq bizimlə bölüşə bilərlər və biz də nəticədə onların narahatlıqlarını həll edərik", o deyib. Gənc qızlar hələ də məktəbə buraxılmır Mətbuat konfransında Mücahidə son olaraq qızlara və qadınlara tətbiq olunan məhdudiyyətlər, o cümlədən 6-12-ci siniflərdə qızların məktəblərə qayıtmasına icazə verilməməsi barədə də sual verilib. O, bunun müvəqqəti bir qərar olduğunu və qızların məktəbə gedə biləcəkləri zamanın tezliklə açıqlanacağını bildirib. 6-12-ci siniflərdə oxuyan oğlanlar həftəsonu yenidən təhsillərinə davam ediblər. Taliban Əfqanıstanda bundan əvvəl 1996-2001-ci illərdəki hakimiyyəti dövründə qızları və qadınları məktəbə, işə və ictimai həyata buraxmamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun