Məhkəmədə Eldar Həsənovun durumu pisləşdi: 'Kim nə etsə, qarşısına çıxacaq'

Məhkəmədə Eldar Həsənovun durumu pisləşdi: 'Kim nə etsə, qarşısına çıxacaq'
4 Sentyabr 2021
Mətni dəyiş

Bakı Ağır Cinayətlər Məhkəməsində 1995-2000-ci illərdə Baş prokuror, 2001-2020-ci illərdə isə müxtəlif ölkələrdə səfir olmuş Eldar Həsənovun mühakiməsi başlayıb. Məhkəmənin hazırlıq iclasında bir sıra qalmaqallar yaşanıb - Eldar Həsənovun vəziyyəti pisləşib; hakim onun vəkillərindən birinin məhkəmə zalından çıxarılmasına göstəriş verib və s.

Məhkəmə prosesinə buraxılacaq jurnalistlərin siyahısı öncədən Prezident Administrasiyasında müəyyənləşdirilərək, məhkəməyə göndərilib. Həmin siyahıya uyğun olaraq, “Real TV”, ATV, APA və “Trend” agentliyinin əməkdaşlarından başqa heç bir jurnalist buraxılmayıb.

Vəkillər buna etiraz ediblər. Adəm Məmmədov bildirib ki, müvəkkili telekanalların çəkiliş aparmasına razı deyil. Üstəlik, yalnız hökumətyönlü media orqanları buraxılıb, digərlərinin iştirakına isə icazə verilmir. Bu da məhkəmənin açıqlığı prinsipinin pozulmasıdır.

“Burada nəyin necə olmasına mən qərar verirəm”,- deyən hakim Əfqan Hacıyev vəkil Adəm Məmmədovun məhkəmə zalından çıxarılmasına göstəriş verib. Digər vəkillər də həmkarlarına qarşı bu münasibətə etiraz olaraq, məhkəmə zalını tərk etmək istəyiblər.

“Qoyun çəksinlər. Nə var ki, burada...“, - Eldar Həsənov bildirib. Bundan sonra prosesdə sakitlik yaranıb.

Daha sonra Eldar Həsənovun anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib. Ardınca vəkilləri onun şüşə kabinədən çıxarılması haqda vəsatət qaldırıblar. Vəkillər bildirib ki, havasız yerdə saxlanmaq onun həyatına təhlükədir.

“Eldar Həsənov ağır xəstədi, diaqnozunu bilirsiz. Dayandığı yerdə başı gicəllənir, yıxılır. Belə vəziyyətdə onu orada saxlamaq vəziyyətini pisləşdirə bilər”, - vəkil Cavad Cavadov bildirib.

Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası onun şüşə kabinədən çıxarılıb, vəkillərinin yanında əyləşməsinə icazə verməyib.

Vəkil Cəlil Mirzəyev məhkəmə zalının dəyişməsi haqda vəsatət qaldırıb. O, pandemiya şəraitində daha böyük zalda keçirilməsi, proses iştirakçıları arasında yetərincə məsafə saxlanmasının məqsədəuyğun olduğunu əlavə edib.

“Bir müddət əvvəl bu məhkəmədə ermənilərin işinə böyük, müasir zalda baxılırdı. Eldar Həsənov Baş prokuror olub, generaldır, uzun illər dövlət vəzifəsində işləyib. Amma ermənilər qədər hörmət qoyulmur”, - bunu isə vəkil Adəm Məmmədov deyib.

Cavad Cavadov əlavə edib ki, uzun müddət dövlətə xidmət etmiş ictimai xadimə bu hörmətsizliyin səbəbi anlaşılan deyil.

“Bizim imkanımız bu zala çatır. Başqa zallarda məhkəmə prosesləri gedir”, - deyən hakim bu vəsatəti də təmin etməyib.

Vəkillərin növbəti vəsatəti işin təkrar araşdırma üçün istintaqa qaytarılması olub:

“İstintaq zamanı kobud qanun pozuntularına yol verilib. Bu pozuntularla məhkəmə baxışı mümkün deyil. Eldar Həsənov ötən il həbs olunanda Adil İsmayılovla müqavilə bağladı. Adil müəllim koronavirusdan vəfat etdi. Sonra mənimlə müqavilə bağladı, mən də virusa yoluxmuşdum. Ona görə Adəm Məmmədovla müqavilə bağlandı. Amma ona 18 gün Eldar müəllimlə görüş vermədilər. 18 gün müdafiəsiz qaldı. Eldar Həsənov Baş Prokurora müraciət edəndən sonra görüş verdilər. İstintaqın gedişi barədə təqsirləndirilən şəxsə heç bir məlumat verilməyib. Nədə təqsirləndirildiyini bilməyib. Üzləşmə keçirilməyib. İstintaq başa çatandan sonra da iş materialları ilə tam tanış ola bilməyib. 50 cilddən 44-ü ilə tanış ola bilib. Prokurorluq imkan verməyib. Səhhətində problem olduğu halda, ona iş materialları ilə tanışlıq üçün cəmi 48 saat vaxt verildi. İş materiallarında Eldar Həsənovun, şahidlərin vermədiyi ifadələr, demədiyi sözlər yer alıb. Belqradda bina alınması barədə şahidin ifadəsi təhrif olunub. Şirkətin direktoru binanın 1.3 milyona satılması haqda heç nə deməyib, müstəntiq özündən yazıb. Əmlak sahibinin də ifadəsi saxtalaşdırılıb. Müstəntiq özündən əlavələr eləyib. Mehmet Caner Sunqurun da ifadəsi saxtalaşdırılıb və bu saxta ifadələr də sübut kimi iş materiallarına daxil edilib”.

Prokuror istintaq zamanı heç bir prosessual pozuntuya yol verilmədiyini, işin istintaqa qaytarılması üçün əsas olmadığını deyib.

Eldar Həsənov prokurora belə cavab verib: “Deyəndə ki, “heç bir pozuntuya yol verilməyib”, “heç bir” ifadəsinin ciddiliyini nəzərə almaq lazımdır. O ifadəni işlətməyin. Mənim demədiyim sözləri ifadəm kimi yazıblar, bu, pozuntu deyil?”

Keçmiş səfir cinayət işinə xitam verilməsi və barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb: “Mənim heç bir cinayətim sübuta yetirilməyib. İstintaq Qrupunun rəhbəri konkret “Əliheydər Qarayev” idi. Mən həbs olunana qədər 7 dəfə əməliyyat olunmuşdum. Müayinə və müalicə olunmağım üçün özüm 9, vəkillərim 11 vəsatət qaldırıb. “Əliheydər Qarayev” hamısını rədd elədi. DTX-nın vicdanlı, ləyaqətli əməkdaşlarının köməyilə mən hərəkət edirdim. Məhkəmə-tibb ekspertizası təyin olundu. Məni həkimlər müayinə eləməyə gəldi. İstintaq təcridxanasında tibb otağı olduğu halda, görüş otağında müayinə elədilər. Həkimlərdən soruşdum ki, mənim xəstəliyim, heç olmasa, içdiyim dərmanlar haqda məlumatınız var? Məlum oldu ki, yoxdu. Dedilər ki, xəstəlik tarixçəsilə tanış olub gələcəyik. Getdilər, amma gəlmədilər. Məni müayinə eləmədən rəy verdilər ki, həbsdə saxlamağım həyatım üçün təhlükəli deyil.

Mən 1 il 20 gündür həbsdəyəm. Bundan sonra da nə qədər ömrüm varsa, özümü müdafiə etmək, hakim, prokuror qarşısına çıxmaq üçün mübarizəmi davam etdirəcəyəm. Ölkə başçısından ədalət, məhkəmədən ədalətli qərar gözləyirəm”.

Eldar Həsənov əlavə edib ki, məcburiyyət qarşısında qalaraq, səhhətilə əlaqədar Avropa Məhkəməsinə müraciət etməli olub.

“Mən uzun illər müxtəlif vəzifələrdə işləmişəm. Bu bina əvvəl Ali Məhkəmənin binası idi. Bura müxtəlif statuslarda gəlmişəm. İkinci dəfədir ki, təqsirləndirilən şəxs kimi gəlirəm. Bunu sizə (hakimlərə) deməyi özümə borc bilirəm, heç kim bilmir, başına nə gələcək.

Məni ağır vəziyyətdə DTX-nın hospitalına gətirdilər. Bir gün sonra gəldilər ki, prokurorluq deyir, istintaq materiallarını tanışlıq üçün mənə təqdim eləməlidilər. İstintaq materialları da stasionar şəraitdə təqdim oluna bilməz. Ona görə istintaq təcridxanasına qaytardılar. Vəziyyətim ağır olsa da, tələb elədilər ki, 48 saat ərzində iş materialları ilə tanış olum. 44 cildlə tanış ola bildim, materialları aldılar.

Prosessual qaydaları kənara qoyaq, insanlıq amili var, iman amili var. Kim nə edirsə, qarşısına çıxacaq...”

Eldar Həsənov danışanda hakim Əfqan Hacıyev zalda olan media nümayəndələrinin də çıxmasına göstəriş verib.

Məhkəmə prosesində Eldar Həsənovun vəziyyəti pisləşib, ona tibbi yardım göstərmək üçün təxminən 15 dəqiqəlik fasilə verilib.

Çıxışının davamında sabiq Baş prokuror bildirib ki, onunla bağlı cinayət işinin materiallarında ölkənin xarici siyasət kursuna zidd məsələlər yer alıb:

“Bu işi görənlər prezidentin yürütdüyü xarici siyasət kursuna zidd addım atıblar. Bu istiqamətdə görülən işlərin üstündən xətt çəkirlər. Xarici ölkələrin keçmiş vəzifəli şəxslərinin, indi vəzifədə olan siyasi liderlərinin adlarını hallandırıblar. Prokurorluq bunları bilərəkdən edib, yoxsa bilməyərəkdən...”

Prokurorlar Eldar Həsənovun çıxışına etiraz ediblər.

Məhkəmə Eldar Həsənovun özü və vəkillərinin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib.

Məhkəmə baxışı sentyabrın 9-na təyin edilib. Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun