İrandan Azərbaycana gətirilən kartofda zərərvericilər aşkarlanıb, gətirənlər məsuliyyətə cəlb oluna bilər

İrandan Azərbaycana gətirilən kartofda zərərvericilər aşkarlanıb, gətirənlər məsuliyyətə cəlb oluna bilər
21 Sentyabr 2021
Mətni dəyiş

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri zamanı aşkar olunub ki, İrandan Azərbaycana gətirilən kartofda zərərvericilər var. 

Bu barədə Agentlik məlumat yayıb.

Məlumatda deyilir ki, İrandan fiziki şəxs Yalçın Nemət Oqtay oğlu tərəfindən сari ilin 6 və 10 sentyabr tarixlərində idxal edilən ümumi çəkisi 47600 kq, hüquqi şəxs “Salamoğlu-2020” MMC tərəfindən isə 7, 8 və 14 sentyabr tarixlərində idxal edilən ümumi çəkisi 70800 kq olan ərzaqlıq kartof məhsul partiyalarına Agentliyin müfəttişləri baxış keçirib.

Aparılmış ekspertizanın nəticələrinə əsasən, qeyd edilən beş idxal partiyasının hər birində ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilmiş zərərverici (Phthorimaea operculella – kartof güvəsi tırtıl mərhələsində) aşkar edilib.

Qanunvericiliyə əsasən, hər hansı məhsul partiyasının zərərli orqanizmlərlə sirayətlənməsi müəyyən edildiyi halda həmin məhsul partiyasının məhv edilməsi və ya zərərsizləşdirilməsi zəruridir. Həmçinin müvafiq qanunvericiliyə görə, karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq və ya məhdudlaşdırmaq üçün lazımi fitosanitar tədbirlərin yerinə yetirilməsi hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində başlıca vəzifə və öhdəliklərindəndir. Lakin ekspertizanın nəticələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsi üçün yüklərin saxlandığı anbarlara Agentliyin əməkdaşları tərəfindən təkrar baxış zamanı yuxarıda qeyd edilən şəxslərdən iltizamnamənin alınmasına baxmayaraq yük partiyalarının satıldığı faktı aşkar olunmuş və bununla da qanuni yazılı tələblərin yerinə yetirilmədiyi müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülməsinə başlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun