AB-nin maliyyəsini itirmək təhlükəsi anti-LGBT qərarının ləğvinə səbəb olub

AB-nin maliyyəsini itirmək təhlükəsi anti-LGBT qərarının ləğvinə səbəb olub
23 Sentyabr 2021
Mətni dəyiş

Polşanın cənubundakı bir bölgə Avropa Birliyindən gələn maliyyəni itirmək təhlükəsi altında LGBT əleyhinə qətnaməni ləğv edib.

Sventokşisk regional məclisi çərşənbə günü çağırdığı xüsusi iclasda ilk olaraq 2019-cu ildə onlarla Polşa bələdiyyəsi tərəfindən qəbul edilən qətnamənin ləğvinə səs verib.

Polşadakı hər hansısa bir bölgənin "LGBT-dən azad zonalar" qərarından imtina etməsi ilk belə haldır.

Polşa hökuməti bir çox bölgələrdə yerli hakimiyyət orqanlarından LGBT əleyhinə əsasən simvolik məna daşıyan qərarlarının ləğv edilməsini istəmişdi.

Polşanın hakim Qanun və Ədalət partiyasının üzvləri yerli ictimaiyyətin ənənəvi kişi və qadından ibarət ailə strukturunu qorumaq məqsədi daşıdığını söylədiyi qətnamələri dəstəkləmişdilər.

Mühafizəkar hökumət üçün dönüş nöqtəsi

Lakin Avropa İttifaqının bölgələrə milyonlarla avro maliyyəni dayandırması mühafizəkar hökumət üçün dönüş nöqtəsi olub.

Hüquq müdafiəçiləri LGBT əleyhinə qətnamələri pisləyərkən bildirirdilər ki, "LGBT-dən azad" ifadələri gey və lezbiyanların özlərini həmin bölgələrdə pis hiss etmələrinə səbəb olur.

Sventokşisk tərəfindən 2019-cu ildə atılan bu addım “LGBT ideologiyasının yerli hökumət icmalarına tanıdılması cəhdlərinə və bu ideologiyanın ictimai həyatda təbliğinə qarşı olmaları" ilə izah edilib.

Həmçinin bildirilirdi ki, "liberal siyasi və sosial dairələrin LGBT-ni təsdiqə əsaslanan ideologiyanı təbliğ etmək cəhdlərinə qəti şəkildə etiraz edirlər və şiddətlə buna müxalifdirlər”.

Bölgə yekdilliklə qərar qəbul edib

Sventokşisk bu cür cəhdlərin "yalnız bölgənin deyil, həm də Polşa və Avropanın mədəni irsinə və çoxəsrlik xristian ənənələrinə açıq şəkildə zidd olduğunu" söyləyib.

Avropa Birliyi liderləri Polşada bölgələrin verdiyi qərarı diskriminasiya kimi dəyərləndiriblər və bu ilin başlanğıcında Avropa Birliyi Parlament Assambleyası etiraz olaraq qətnamə qəbul edərək 27 üzv ölkədən ibarət bütün Avropa Birliyi ərazisini LGBT üçün “azad zona” elan edib.

Brüssel də yenidənqurmaya dəstək proqramından vəsaitlərin ödənilməsi ilə bağlı beş bölgə ilə danışıqları dayandırıb.

Çərşənbə günü keçirilən xüsusi regional iclasda 25 müşavir mübahisəli bəyannamədən çıxma qərarını təsdiqləyib, heç kim qərarın əleyhinə səs verməyib, üç müşavir bitərəf qalıb.

Krakovun da oxşar qərar verəcəyi gözlənilir

Yerli KİV bildirir ki, Sventokşisk Polşa Konstitusiyasının valideynlərə uşaqlarını inanclarına və baxışlarına uyğun olaraq böyütmək hüququ verilən, eyni zamanda "hamı üçün bərabərlik və ədalətli yanaşma" təmin edən yeni qərar qəbul edib.

LGBT hüquq müdafiəçiləri Avropa Şurasını ayrı-seçkilikdən qorumaq üçün daha güclü təzyiqlər etməyə çağırırıblar və çərşənbə günü qəbul edilən qərarı alqışlayıblar.

Aktivist Bart Staşevskiy bu günü “Polşa üçün böyük gün və fəalların, vətəndaş cəmiyyətinin böyük uğuru” adlandırıb. “Həqiqətən də təsirlənmişəm”.

Bu arada liberal “Gazeta Wyborcza” qəzeti bölgənin bu qərarını “ayrı-seçkiliklə mübarizədə yaxşı bir gün” olaraq qeyd edib.

Bazar ertəsi Krakov bölgəsinin də buna bənzər bir addım atacağı bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun