Əfqanıstanda iki jurnalist taliblər tərəfindən döyülüb, ölümlə hədələniblər [Fotolar]

Əfqanıstanda iki jurnalist taliblər tərəfindən döyülüb, ölümlə hədələniblər [Fotolar]
10 Sentyabr 2021
Mətni dəyiş

Əfqanıstanın "Etilaatroz" qəzetinin jurnalistləri Kabildə etiraz aksiyalarını işıqlandırdıqlarına görə Taliban silahlıları tərəfindən saxlanıldıqlarını və vəhşicəsinə döyüldüklərini bildiriblər.

BBC-nin verdiyi məlumata görə, fotoqraf Nemətullah Nəqdi və müxbir Tağı Dəryabi çərşənbə günü qadın haqları ilə bağlı etirazları lentə alarkən tutularaq paytaxtın polis bölmələrindən birinə aparılıblar.

Jurnalistlər elektrik kabelləri, qamçı və dəyənəklərlə döyüldükdən sonra heç bir izahat verilmədən sərbəst buraxılıblar.

"Talibanlardan biri ayağını başıma qoydu, üzümü betona çırpdı. Başıma təpik vurdular. Düşünürdüm ki, məni öldürəcəklər", Nəqdi AFP-yə müsahibəsində deyib.

Nəqdi niyə döyüldüyünü soruşanda döyüşçülərdən biri "Şükür et ki, başını kəsmirəm" deyib.

Dəryabi AFP-yə deyib ki, hiss etdikləri ağrılar o qədər dəhşətli idi ki, hətta hərəkət eləyə bilmirdilər və nəticədə heç bir izahat verilmədən sərbəst buraxılanda silahlılar onları təhqiredici adlarla çağırıblar.

"The Telegraph" xəbər verir ki, jurnalistlər döyülmə zamanı ən azı dörd dəfə huşlarını itiriblər.

"The Independent" həm Nəqdi, həm də Dəryabinin bel və üz nahiyələrindən xəsarət alaraq xəstəxanada müalicə olunduqlarını bildirib.

Nəqdi deyib ki, Taliban silahlıları nümayişləri çəkmək üçün telefon istifadə edən insanları tutublar. BBC də öz jurnalistlərinə digərləri ilə birlikdə çərşənbə günü Kabildə çəkilişlərdə maneə törədildiyini söyləyib.

ABŞ-da qlobal mətbuat azadlığını dəstəkləyən Jurnalistləri Qoruma Komitəsi çərşənbə günü bəyanat yayaraq, Talibana jurnalistləri həbs etməyi dayandırmaları və cəza qorxusu olmadan azad işləmələrinə icazə vermələri barədə çağırış edib.

[caption id="attachment_108127" align="alignnone" width="800"] Steven Batler[/caption]

"Taliban Əfqanıstanın müstəqil mətbuatının sərbəst və təhlükəsiz şəkildə fəaliyyətini davam etdirməsinə icazə verilməsi ilə bağlı əvvəlki vədlərinin dəyərsiz olduğunu qısa zamanda sübut etdi. Biz Talibanı verdiyi vədlərinə əməl etməyə, işlərini görən müxbirləri döyməyi və saxlamağı dayandırmağa və medianın həbsdən qorxmadan sərbəst işləməsinə icazə verməyə çağırırıq" - CPJ-nin Asiya proqram koordinatoru Steven Batler bildirib.

Həftənin əvvəlindən başlayaraq Kabildə etiraz aksiyalarını işıqlandıran 14 jurnalist taliblər tərəfindən saxlanılıb və daha sonra sərbəst buraxılıb. Təşkilat qeyd edib ki, onlardan ən az altısı zorakılığa məruz qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun