Vilyam Hacıyev: "Dövlət başçısından xahiş edirəm, normal müalicəmə şərait yaradılsın" - [yenilənib]

Vilyam Hacıyev: "Dövlət başçısından xahiş edirəm, normal müalicəmə şərait yaradılsın" - [yenilənib]
20 Avqust 2021
Mətni dəyiş
16 il müxtəlif rayonların icra başçısı olmuş, 2020-ci ilin mayında İmişlidə bu vəzifədə çalışarkən öz kabinetində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Vilyam Hacıyevin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılıb. Avqustun 20-də məhkəmənin hazırlıq iclasında Vilyam Hacıyevin anket məlumatları dəqiqləşdirilib, ona təqsirləndirilən şəxs kimi, məhkəmədə iştirakla bağlı hüquq və vəzifələri izah olunub. Məhkəmə zalında prosesi jurnalistlərin də izlədiyini bilən sabiq icra başçısı buna etiraz edib. Onun vəkili Elmar Kərimov media nümayəndələrinin məhkəmə zalından çıxarılması haqda vəsatət qaldırıb. Vəsatətini əsaslandırarkən deyib ki, müvəkkili öz məhkəməsində jurnalistlərin iştirak etməsini istəmir. Hakimlər bu vəsatətə “yox” deyib. Qərarı əsaslandıran hakim Azər Paşayev bildirib ki, açıq məhkəmə prosesi keçirilir və hər kəs, o cümlədən media nümayəndələri də iştirak edə bilər. Vilyam Hacıyevin vəkilləri onun məhkəmənin hökmü çıxarılana qədər ev dustaqlığına buraxılması haqda da vəsatət qaldırıblar. Vəkil bu vəsatəti əsaslandırarkən onun Qarabağ müharibəsi veteranı olmasını, səhhətindəki ciddi problemlərdən əziyyət çəkməsini vurğulayıb: “Hüquqlarını müdafiə etdiyim şəxs uzun illər müxtəlif dövlət vəzifələrində çalışıb. Birinci Qarabağ Müharibəsində iştirak edib, müharibə veteranıdır. Səhhətində kifayət qədər ciddi problemlər var. Onun gələcəkdə məhkəmədən yayınmaq niyyəti yoxdur”. Lakin Azər Paşayevin sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatəti də təmin etməyib. Vəkillərin daha bir vəsatəti isə Vilyam Hacıyevin həbsdə saxlanma yerinin dəyişdirilməsi haqda olub. O, 2020-ci ilin mayında həbs olunandan DTX-nın istintaq təcridxanasında saxlanılır. Müdafiəçiləri sabiq icra başçısının Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyiblər. Hakim bildirib ki, məhkəmənin bu məsələ ilə bağlı qərarı növbəti iclasda açıqlanacaq. Məhkəmədə məlum olub ki, vəkillər cinayət işinin materialları ilə tanış deyil. Onlar bundan ötrü vaxt istəyib. Bu üzdən məhkəmənin hazırlıq iclası sentyabrın 3-nə qədər təxirə salınıb. Məhkəmə iclasının sonunda Vilyam Hacıyev üzünü zalda olan jurnalistlərə tutaraq, media vasitəsilə dövlət başçısından müalicəsinə şərait yaradılmasını istəyib: “Mən vaxtilə Naxçıvanda Heydər Əliyevlə birlikdə işləmişəm. Naxçıvanın fəxri vətəndaşıyam. Ölkə başçısından xahiş edirəm, normal müalicə olunmağım üçün şərait yaradılsın”. *****

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə bir neçə vəsatətə baxılıb.

İclas zamanı təqsirləndirilən şəxsin vəkilləri media nümayəndələrinin zaldan çıxarılması üçün vəsatət veriblər. Vəsatət təmin olunmayıb.

Daha sonra müdafiəçilər V.Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər. Hakim vəsatəti təmin etməyib.

Vəkilləri V.Hacıyevin səhhətində problemlər olduğunu deyərək onun Bakı şəhər 1 saylı İstintaq Təcridxanasına köçürülməsini istəyiblər.

Dövlət ittihamçısı ölkə üzrə bütün istintaq təcridxanalarında şəraitin eyni olduğunu və yerdəyişmə üçün lüzum olmadığını bildirib.

Hakim bu vəsatətə gələn iclasda baxılacağını elan edib.

V.Hacıyevin vəkilləri iş materialları ilə ətraflı tanış olmaq üçün hazırlıq iclasının təxirə salınmasını istəyiblər.

İclas sentyabrın 3-ə təyin olunub.

Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib. Eyni zamanda işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib. Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun