“Tovuz işi" üzrə fiqurantların valideynləri Parlament prospektini bağlamağa cəhd ediblər

“Tovuz işi" üzrə fiqurantların valideynləri Parlament prospektini bağlamağa cəhd ediblər
9 Avqust 2021
Mətni dəyiş
"Tovuz işi" (terrorizmin maliyyələşdirilməsi) üzrə məhkum edilənlərin valideynləri və yaxınları avqustun 9-da səhər Parlament prospektini bağlayaraq etiraz aksiyası keçirməyə cəhd ediblər. Valideynlər hesab edirlər ki, onların övladları ədalətsiz olaraq mühakimə olunublar və onların azad edilməsini tələb edirlər. Bir müddət etirazçılar nəqliyyatın hərəkətinə mane ola biliblər. Lakin hadisə yerinə gələn polis dəstələri vətəndaşları yolun hərəkət hissəsindən uzaqlaşdırıb. Hazırda Bakı Apellyasiya Məhkəməsində hökmdən şikayətlərə baxılır. İyulun 27-də məhkumlar aclıq elan ediblər. Valideynlər öz övladlarının sağlamlığı və həyatı üçün narahatlıqlarını ifadə ediblər. "Məhkəmədə onlar işgəncə haqda danışdılar, hər kəs ağladı, amma heç kim buna hüquqi qiymət vermədi. Onlara əsirlərdən daha pis davranırlar", - etirazçılardan biri deyib. Bu işin fiqurantları bir neçə il öncə Suriyada müharibədə qanunsuz silahlı birləşmələrin tərkibində iştirak ittihamı ilə həbs edilib. Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatın istehsalı, idxalı, yayılması), 167-3.1-ci (dini ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi), 214 (terrorçuluq) və 218-ci (cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirləndirilir. Lakin pandemiyaya görə proses uzun müddət dayanıb. Proses bu il bərpa olunub və iclasların birində müttəhimlər əsassız həbsə etiraz edərək özlərinə xəsarət yetiriblər. Müttəhimlər hər hansı formada İŞİD-ə bağlı olmadıqlarını bildiriblər. Mayın 4-də məhkəmə fiqurantları 2,5 ildən 8 ilə qədər azadlıqdan məhrum edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun