Tiflisdə Mahatma Qandinin heykəlindən eynək oğurlanıb

Tiflisdə Mahatma Qandinin heykəlindən eynək oğurlanıb
10 Avqust 2021
Mətni dəyiş

Tiflisdə Hindistan hökuməti tərəfindən bu şəhərə hədiyyə edilən Mahatma Qandinin heykəlinə zərər verilib. Bu barədə Tiflis meri Kaxa Kaladze məlumat verib.

Hindistanın görkəmli dövlət xadimi və filosofunun heykəli iyulun 10-da Tiflisətrafı rayonlardan biri Varketilidəki xiyabanda ucaldılıb.

“Təəssüf ki, heykəl artıq zədələnib. Daha doğrusu, onun eynəyi çıxarılıb. Heykəldən eynək oğurlanıb. Bu barədə nə deyəcəyimi bilmirəm”, - Kaladze şəhər rəhbərliyinin iclasında bildirib.

Mer deyib ki, şəhərdə başqa təəssüfedici vandalizm aktları da həyata keçirilir və o, böyüklərin şəhər infrastrukturunu korlayan yeniyetmələrin belə hərəkətlərini adətən səssiz müşahidə etməsini qınayıb.

Tiflisdə abidənin qoyulması Qandinin anadan olmasının 150 illiyinə həsr edilib. Heykəlin müəllifi hind heykəltaraş Qautama Palidir.

Açılış mərasimində Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar və onun gürcü həmkarı David Zalkaliani iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun