Sevinc Məhərrəmovanı qətlə aparan yol: Dövlət qatili himayə edib?

Sevinc Məhərrəmovanı qətlə aparan yol: Dövlət qatili himayə edib?
6 Avqust 2021
Mətni dəyiş

Avqustun 3-də səhərimizi Sevinc Məhərrəmovanın əri tərəfindən amansızcasına qətlə yetirilməsi xəbəri ilə açdıq. O Sevinc Məhərrəmova ki, cəmi bir neçə ay əvvəl az qala dövlətin bütün strukturlarına müraciət edib, kömək istəyirdi.

Məhərrəmova əri Füzuli Qarayev tərəfindən dəhşətli işgəncələrə məruz qaldığını, öldürüləcəyini deyirdi. Ancaq dövlət bu dəfə də bir qadını ölümə tərk etdi. Sizə Sevinc Məhərrəmovanı qətlə aparan yoldan və qatilin dövlət tərəfindən himayə edilməsindən yazacağıq.

2016-cı il

Sevinc Məhərrəmova Füzuli Qarayevlə 2016-cı ildə ailə həyatı qurub. Bu nikahdan onların iki uşağı dünyaya gəlib. Sevinc Məhərrəmova izahatlarında yazırdı ki, nə onun, nə də uşaqlarının sənədləri olmayıb. Əri Füzuli Qarayev onların şəxsiyyət vəsiqəsi almasına mane olub.

Ailə həyatı qurduqdan bir müddət sonra artıq ailədaxili işgəncələrin əsası qoyulub. Məhərrəmova deyirdi ki, o, ard-arda və dəfələrlə Füzuli Qarayev tərəfindən döyülüb və bu da uşaqlarının gözü qarşısında baş verib.

Vilayət Eyvazova çatmayan məktub...

Sevinc Məhərrəmova daxili işlər naziri Vilayət Eyvazova yazdığı, ancaq sənədlərinin düzgün olmadığına görə göndərə bilmədiyi məktubunda deyirdi:

"Mən döyülməyimlə bağlı dəfələrlə polis idarəsinə şikayət etməyimə baxmayaraq, hər dəfə Füzuli Qarayev mənə təzyiq edərək ərizəmi geri götürməyimi tələb edib. Götürməyəcəyim təqdirdə məni öldürməklə hədələyib. Növbəti dəfə 2020-ci ilin 3 dekabr tarixində Füzuli Qarayev tərəfindən döyülmüşdüm və buna görə polisə şikayət etmişdim. Bundan sonra, Füzuli Qarayevlə Xəzər Rayon Polis İdarəsinin baş müstəntiqi Neman Şirinov əlbir olaraq məni ərizəmi geri götürməyə sövq etdilər. Neman Şirinov və Füzuli Qarayev polis idarəsində mənə təzyiq edərək izahatımda mənim guya epilepsiya xəstəsi olduğumu, yıxılaraq xəsarət aldığımı və polisə yalandan həyat yoldaşımdan şikayətçi olduğumu yazdırdılar. Bu səbəbdən də hər dəfə mən döyülməyimlə bağlı şikayət etdiyim zaman Füzuli Qarayev Neman Şirinovla əlbir olaraq mənim şikayətlərimin araşdırılmasının qarşısını aldılar".

Mərhum Məhərrəmova Vilayət Eyvazova məktubunda deyir ki, o, növbəti dəfə 2020-ci ilin martında döyülüb.

Onun sözlərinə görə, o, bu dəfə uşaqlarının gözü qabağında gilas ağacının çubuğu ilə döyülüb.

"Hörmətli Nazir!

Göstərilənləri nəzərə alaraq sizdən Qarayev Füzuli Qara oğlu barəsində müvafiq tədbirlərin görülməsi və mənim təhlükəsizliyimin təmin olunması istiqamətində göstəriş verməyinizi xahiş edirəm", - deyə o, məktubunu sonlandırır.

Polisə sonuncu müraciət...

Sevinc Məhərrəmova növbəti dəfə 2021-ci ilin mart ayının 19-da işgəncə görür. O, vəkili ilə birlikdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edir və ərazi üzrə Xəzər Rayon Polis İdarəsinə gedib izahat yazır.

Ancaq polis ayın 22-si verilən izahatı 23 mart tarixinə qeyd edir. Xəsarətlərin müəyyən edilməsi üçün nəzərdə tutulan ekspertiza isə bundan 1 həftə sonraya təyin edilir. Ancaq zərərçəkənlərin xəsarətlərin bəzilərinin itə biləcəyini deyib etiraz etdiyinə görə, ekspertiza 2 gün sonraya təyin edilir.

Bundan sonra isə ana övladlarını zorakı atadan almaq üçün ictimai fəallarla birlikdə evlərinə yola düşür. Onları qapıda qarşılayan Füzuli Qarayev uşaqları verməyəcəyini deyir və qadını döydüyünü açıq şəkildə təsdiqləyir. Baxmayaraq ki, bütün bunlar polisin və digər dövlət orqanlarının gözü qarşısında baş verir, heç bir qurum zorakı atadan uşaqları almaq istəmir. Bunun əvəzində isə Füzuli Qarayev və Sevinc Məhərrəmova arasında barışıq əldə etməyə çalışırlar.

Bütün bu proseslər baş verən zaman, həm Xəzər Rayon İcra Hakimiyyəti, həm Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həm də polis bayramı bəhanə edərək işə təyinatlarına uyğun şəkildə müdaxilə etməyiblər. Polis işgəncə verdiyini hətta mətbuata da açıq şəkildə deyən Füzuli Qarayevi izahat alaraq sərbəst buraxıb, eyni zamanda uşaqların ondan alınması üçün proseduru başlatmayıb. Bununla bərabər, qadının həyatının təhlükədə olduğunu bilə-bilə, onun qorunması üçün mühafizə orderi çıxarmayıb.

Bundan sonra isə uşaqlarından ayrı qala bilməyəcəyinə görə, Sevinc Məhərrəmova məcbur olaraq evinə, uşaqlarının yanına qayıdıb.

Nəticədə...

Məhərrəmova Sevinc Yalçın qızı əri Qarayev Füzuli Qara oğlu tərəfindən amansızcasına qətlə yetirilib.

Hüquqşünaslar və feminist aktivistlər deyirlər ki, bu cür hallarda qadının mühafizə edilməsi üçün əlavə alətlər verən İstanbul Konvensiyasının qəbul edilməməsi də zorakılıqları qətlə aparan əsas səbəblərdən biridir. Azərbaycan isə hələlik İstanbul Konvensiyasına qoşulmağı düşünmür. Artıq bir neçə ildir ki, martın 8-də Bakıda bu tələblərlə aksiyalar keçirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun