Rusiya Ədliyyə Nazirliyi: “Dojd” TV Aİ-dən 130 min avrodan çox pul aldığına görə “xarici agent” elan edilib”

Rusiya Ədliyyə Nazirliyi: “Dojd” TV Aİ-dən 130 min avrodan çox pul aldığına görə “xarici agent” elan edilib”
25 Avqust 2021
Mətni dəyiş
Rusiyanın Ədliyyə Nazirliyi bildirib ki, “Dojd” telekanalı “Aİ ilə Rusiya arasında əlaqələrin işıqlandırılması üçün” Avropa Komissiyası ilə razılıq əsasında Avropa İttifaqından 130 min avrodan çox pul aldığına görə “xarici agent KİV” reyestrinə daxil edilib. “Həmçinin Rosfinmonitorinq “Dojd Telekanalı” MMC-nin Rusiya fondları vasitəsi ilə dolayı yolla xarici maliyyələşmə aldığını təsbit edib", Ədliyyə Nazirliyinin məlumatında qeyd edilib. “Dojd” TV Aİ tərəfindən maliyyələşmə haqda məlumatları şərh edərək bildirib ki, telekanal 137 min avronu “Rusiya Avropadır” layihəsi çərçivəsində silsilə tərəfdaşlıq proqramları hazırlamaq üçün alıb. Aİ 2005-ci ildən bəri müxtəlif Rusiya KİV-də bənzər materialların hazırlanmasını maliyyələşdirib. Bura “Rossiyskaya qazeta”, “İzvestiya” və “Kommersant” daxildir. “Dojd” qeyd edib ki, Roskomnadzorun 2015-ci ildən bəri tərtib etdiyi xaricdən maliyyələşən mətbuat orqanlarının siyahısında RT telekanalı və TASS agentliyinin də adı var. Avqustun 23-də Ədliyyə Nazirliyinin sözçüsü İnsan Hüquqları Şurası ilə görüşdə bildirib ki, “Dojd” Roskomnadzor və Rosfinmonitorinqin müraciətindən sonra “xarici agentlər” reyestrinə daxil edilib. Qurumlardan birincisi “Dojd”-un digər “xarici agentlər”in materiallarını yaydığı, ikincisi isə əcnəbi maliyyə aldığı haqda məlumat verib. Roskomnadzor özü isə Ədliyyə Nazirliyini bu qurumun öz sorğusuna cavab olaraq məlumatlandırdıqlarını bildirib. Avqustun 20-də Rusiyanın Ədliyyə Nazirliyi “Dojd” telekanalı və “Vajnıye istorii” qəzetini “xarici agent KİV” elan edib. Siyahıda həmçinin “Vajnıye istorii” qəzetinin baş redaktoru Roman Anin, jurnalist Roman Şleynov, Alesya Maroxovskaya, İrina Dolinina, Dmitriy Velikovskiy, Olesya Şmaqun və Stepan Petrovun da adları var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun