“Nevermind” albomunun üz qabığındakı körpə "Nirvana"nı uşaq pornosu yaymaq ittihamı ilə məhkəməyə verib - 30 il sonra

“Nevermind” albomunun üz qabığındakı körpə "Nirvana"nı uşaq pornosu yaymaq ittihamı ilə məhkəməyə verib - 30 il sonra
25 Avqust 2021
Mətni dəyiş
Nirvana”nın "Nevermind" albomunun məşhur üz qabığında yer alan 30 yaşlı Los Angeles sakini Spenser Elden qrupun keçmiş üzvlərini uşaq pornoqrafiyası yaydığı üçün məhkəməyə verib. "Pitchfork"-un yaydığı sənədlərə görə, iddia Kaliforniyanın Mərkəzi Bölgəsində məhkəməyə təqdim edilib. İş üzrə Kurt Kobeyn (Kurt Cobain), bas gitaraçı Kris Novoselic (Christ Novoselic), barabançılar Deyv Qrol (Dave Grohl) və Çad Çanninq (Chad Channing), üz qabığının müəllifi Kirk Ueddl (Kirk Weddle), dizayner Robert Fişerin (Robert Fisher) varisləri və Universal, Geffen, Warner və MCA səsyazma kompaniyaları ittiham olunan tərəf kimi çıxış edəcəklər. Elden ittiham olunanların hər birinin açıq cinsi məzmunlu şəxsi materialların yayılması və 18 yaşına çatmamış şəxsin kommersiya məqsədilə seksual aktlara məcbur edilməsinə görə 150 min dollar təzminat ödəməsini tələb edib. “Nevermind” albomu 1991-ci ilin sentyabrında işıq üzü görüb və tarixin ən çox satılan musiqi albomlarından biri olub. Üz qabığında üzgüçülük hovuzundakı çılpaq körpə balıq tilovunun üstündəki bir dollar əskinasına əl atır. Fotoqraf Kirk Ueddl üz qabığı çəkilişinə dostlarını, Elden ailəsini və onların dörd aylıq oğlu Spenseri dəvət edib. Onlar çəkilişdə iştirak etdikləri üçün 200 dollar alıblar. "Nevermind"-ın üz qabığı pop mədəniyyətində ən çox tanınanlardan biri olaraq qalır, o dəfələrlə kopyalanıb və parodiya edilib. Spenser Elden iddia edir ki, valideynləri bu fotoşəklin kommersiya məqsədi ilə istifadəsinə heç vaxt razı olmayıb. Zərərlərin təzmin edilməsindən əlavə, iddiaçı məsələyə münsiflər heyəti tərəfindən baxılmasını və bütün məhkəmə xərclərinin ödənilməsini tələb edir. Elden daha əvvəl "Nevermind"-ın növbəti ildönümlərindən biri münasibətilə hovuzdakı şəklini yenidən yaradıb və hətta albomun adını sinəsinə döymə etdirib. Ancaq 2016-cı ildə o, bir sıra müsahibələrində üz qabığı ilə tanınmaqdan bezdiyini söyləyib. O həmçinin bundan əvvəl üz qabığı üçün ona düşən məbləği almaq məqsədilə “Nirvana” üzvləri ilə əlaqə saxlamağa çalışdığını, amma heç bir cavab almadığını iddia edib. [embed]https://twitter.com/nypost/status/779894151462674432?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E779894151462674432%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun