Mingəçevir bələdiyyəsinin sabiq sədri ilə bağlı cinayət işi üzrə məhkəmə başlayır

Mingəçevir bələdiyyəsinin sabiq sədri ilə bağlı cinayət işi üzrə məhkəmə başlayır
2 Avqust 2021
Mətni dəyiş
Mingəçevir bələdiyyəsinin sədri Coşqun Abdullayevə cinayət işi açılıb. Mingəçevir şəhər prokurorluğunun verilən məlumata görə, aparılmış istintaqla Coşqun Abdullayevin bələdiyyənin sədri vəzifəsində işlədiyi 2013-cü ildən 2020-ci il tarixədək olan müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlar arasında nüfuz qazanmaq və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə bələdiyyə adından şəhər sakinlərinin istifadələrinə torpaq sahələrinin ayrılmasına dair saxta bələdiyyə qərarları tərtib etməsi, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı etməsi müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Coşqun Abdullayevə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham elan edilib, hazırda istintaq tamamlanaraq cinayət işi baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilib. Məhkəmə prosesində Mingəçevir bələdiyyəsi zərərçəkmiş qismində çıxış edəcək. Sözügedən əməli törədən şəxslər iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun