HRW: "Livan rəsmiləri limanda partlayıcı maddə saxlandığından xəbərdar idi"

HRW: "Livan rəsmiləri limanda partlayıcı maddə saxlandığından xəbərdar idi"
4 Avqust 2021
Mətni dəyiş

Livanın bəzi yüksək səviyyəli rəsmiləri keçən il onlarla insanın ölümü ilə nəticələnən partlayışdan əvvəl Beyrut limanında təhlükəli partlayıcı maddə saxlamağın törədə biləcəyi riskdən xəbərdar olub. Bu barədə 'Human Rights Watch' təşkilatınınun hesabatında deyilir.

Hesabat Livan rəsmilərinin ötən il avqustun 4-də şəhərin mərkəzindəki Beyrut Limanında altı il ərzində qanunsuz şəkildə saxlanılan 2750 ton ammonium nitratın partlamasından bir il sonra açıqlanıb.

Partlayış nəticəsində 214 nəfər ölüb, minlərlə insan yaralanıb və paytaxtın böyük ərazisi dağılıb.

Human Rights Watch müvəqqəti Baş nazir Həsən Diab və dövlət təhlükəsizlik xidmətinin başçısı Toni Saliba da daxil olmaqla, çox sayda Livan rəsmisinin ölkə qanunlarına əsasən, cinayətə səbəb olan səhlənkarlıq etdiklərinə dair sübutlar olduğu qənaətinə gəldikdən sonra BMT-ni partlayışla əlaqədar araşdırma aparmağa çağırıb.

Qrup hazırda davam edən istintaqa mane olmağa çalışdıqları deyilən rəsmilərə qarşı sanksiyalar tətbiq edilməsini də istəyib.

Bir il araşdırma aparan müstəntiqlər kimyəvi maddələrin kim tərəfindən sifariş edildiyini və məmurların təhlükə ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadıqlarını hələ müəyyənləşdirməyib.

Baş nazir Diab heç bir şərh verməyib. Lakin Saliba agentliyinin rəsmilərə xəbərdarlıq edən hesabatların verilməsi də daxil olmaqla, qanuni olaraq əlindən gələni etdiyini bildirib.

Agentlik Salibanın partlayışdan bir neçə ay əvvəl limanda bir ofis açdığını da qeyd edib.

Digər rəsmilər isə kimyəvi maddələri limanın yurisdiksiyasına daxil olmadığı üçün çıxarılmasını istəmədiklərini deyib.

"Livan rəsmilərinin hərəkəti və ya hərəkətsizliyi ağılsız bir həyat riski yaratdı" deyə, hesabatda bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun