“Gəncə işi” üzrə təqsirləndirilən şəxslərin yaxınları etiraz aksiyası keçirib

“Gəncə işi” üzrə təqsirləndirilən şəxslərin yaxınları etiraz aksiyası keçirib
12 Avqust 2021
Mətni dəyiş

Avqustun 12-i “Gəncə işi” üzrə həbs olunanların yaxınları Prezident Administrasiyasının binası qarşısında  “Gəncə məhbuslarına azadlıq!”, “Sifarişli məhkəmələrə son!” şüarları ilə etiraz aksiyası keçirib. Onlar övladlarının günahsız həbs edildiyini bildirib və bəraət verilməsini tələb edib.

Polis aksiyaya müdaxilə edib, qarşıdurma olmayıb. Polis rəsmiləri aksiya iştirakçılarına pandemiya ilə əlaqədar Prezident Administrasiyasına qəbul edilməyəcəklərini bildirib.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Yunis Səfərov və digər 11 nəfərin məhkəmə prosesi  davam etdirlir. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərə 19 ildən 28 ilədək, Yunis Səfərova isə  ömürlük həbs cəzası istəyib.

2018-ci  il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıb.

Rəsmi məlumata görə, bundan sonra, həmin il iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Səfərov və onunla birlikdə mühakimə olunanlar Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun