Çin Kanada vətəndaşına verilən ölüm hökmünü qüvvədə saxladı

Çin Kanada vətəndaşına verilən ölüm hökmünü qüvvədə saxladı
10 Avqust 2021
Mətni dəyiş
Avqustun 10-da Çin məhkəməsi narkotik qaçaqçılığında ittiham olunan kanadalı Robert Şellenberqə qarşı ölüm hökmünü qüvvədə saxlayıb. İş baxılmaq üçün ali məhkəməyə göndərilib. Ölüm hökmlərində qanunvericiliyin tələbi belədir. Şellenberq işi “Huawei” şirkətinin baş maliyyə direktoru Menq Vanjounun 2018-ci ildə Vankuverdə saxlanması ilə əlaqələndirilir. ABŞ onu İran sanksiyalarını pozmaqda suçlayır. “Huawei”nin qurucusu Ren Jenqfeyin qızı olan Menq Birləşmiş Ştatlara ekstradisiya olunmamağa, ev dustaqlığına buraxılmağa çalışır. Tezliklə Kanadada onun ekstradisiya üzrə qərar verilməlidir. Şellenberq 2014-cü ilin dekabrında Çində saxlanıb, 2015-ci ilin yanvarında ona narkotik qaçaqçılığı ittihamı irəli sürülüb, 2018-ci ildə 15 illik həbsə məhkum edilib. Amma Menq saxlanandan sonra onun cəzası ölüm hökmüylə əvəzlənib və görünür, məqsəd Kanada hökumətinə təzyiq etməkdir. Bu ilin əvvəlində daha iki kanadalının Çində məhkəməsi keçirilib, hələ həmin işlər üzrə hökm çıxarılmayıb. Onların hər ikisi casusluqda ittiham olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun