Belarusda müxalifət liderlərinin məhkəməsi başlayıb

Belarusda müxalifət liderlərinin məhkəməsi başlayıb
5 Avqust 2021
Mətni dəyiş
Belarusda müxalifət liderləri Mariya Kalesnikova və Maksim Znakın məhkəməsi başlayıb.
Onların ikisi də 2020-ci ilin avqustunda Belarusda keçirilmiş mübahisəli prezident seçkisi və ardınca ölkəni bürüyən etiraz aksiyalarından sonra həbs olunublar. Prokurorluq müxalifət liderlərini hakimiyyəti zəbt etməyə cəhddə və ölkənin təhlükəsizliyini pozan bəyanatlar verməkdə ittiham edir. Əgər onlar bu maddələrlə təqsirli bilinsələr, 12 ilədək azadlıqdan məhrum oluna bilərlər. Prosesdən əvvəl məhkəmənin qapalı olacağı bildirilib. Belarus hakimiyyəti son günlər qeyri-hökumət təşkilatları və müstəqil jurnalistlərin ofisləri və evlərində reydlər keçirib. Hakimiyyət seçkidən sonra ölkəni bürüyən etirazları yatırmaq üçün kütləvi repressiyalara başlayıb, yüzlərlə müxalifət fəalı həbsə atılıb, müstəqil media orqanları və hüquq-müdafiə təşkilatları bağlanıb.
İyulun ortasından bu yana məhkəmə qərarı olmadan bu ölkədə qapadılan QHT-lərin sayı 65-i keçib. Əsas müxalifət lideri və prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya hazırda xaricdə mühacir həyatı yaşayır. O, bir gün öncə Londonda Böyük Britaniyanın baş naziri Boris Consonla, bundan əvvəlsə Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşüb.
Qərb ölkələri, ötən il Belarusda keçirilmiş prezident seçkisinin nəticələrini və həmin seçkidə qalib elan edilmiş Aleksandr Lukaşenkonun legitimliyini tanımırlar.
ABŞ və Avropa Birliyi başda olmaqla bir sıra dünya ölkələri Lukaşenko rejiminə qarşı sanksiyalar tətbiq ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun