Belarusda daha bir jurnalist 18 ay azadlıqdan məhrum edildi

Belarusda daha bir jurnalist 18 ay azadlıqdan məhrum edildi
3 Avqust 2021
Mətni dəyiş
Belarus polisi təkcə iyulda jurnalistlər və fəalların mənzilləri və ofislərində 200-dən çox reyd keçirib. Onlarla jurnalistə həbs cəzası kəsilib.
Belaruslu jurnalist Sergey Xardziyeviç 18 ay azadlıqdan məhrum edilib. O, avtoritar lider Aleksandr Lukaşenkonu təhqir etməkdə və 2 polisə böhtan atmaqda ittiham olunur. 50 yaşlı Xardziyeviç son vaxtlar Belarusda kütləvi informasiya vasitələri və hüquq müdafiəçilərinə qarşı aparılan repressiyalar çərçivəsində həbs edilib. Belarus jurnalistlər Assosiasiyasının avqustun 2-də verdiyi məlumata görə, Drahiçin şəhərindən olan jurnalist həmçinin 1600 ABŞ dolları məbləğində cərimə olunub. Bu şəhər paytaxt Minskin 300 kilometrliyində yerləşir. O, əsasən ötən il Telegram saytında yaydığı və sonradan çıxarılmış məlumatlara görə ittiham olunub. “Pervıy region” regional xəbər agentliyində çalışmış jurnalist bütün ittihamları rədd edir. “Vesna” hüquq-müdafiə təşkilatı Sergey Xardziyeviçi siyasi məhbus elan edib. Mənbənin məlumatına görə, Belarus polisi təkcə iyulda jurnalistlər və fəalların mənzilləri və ofislərində 200-dən çox reyd keçirib. Onlarla jurnalistə həbs kəsilib və ya məhkəməni gözləyirlər. Belarus hakimiyyəti 2020-ci ilin avqustundakı mübahisəli prezident seçkisinin nəticələrinə etiraz edən qeyri-hökumət təşkilatları və müstəqil kütləvi informasiya vasitələrinə (KİV) qarşı təzyiqləri daha da artırıb. Həmin seçkidə Lukaşenkonun qalib gəldiyi elan edilsə də müxalifət və Qərb ölkələri onun legitimliyini tanımırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun