Bakı Apellyasiya Məhkəməsi “Tovuz işi” üzrə təqsirləndirilənlərin şikayətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsi “Tovuz işi” üzrə təqsirləndirilənlərin şikayətini təmin etməyib
10 Avqust 2021
Mətni dəyiş

Avqustun 10-da Bakı Apellyasiya Məhkəməsinin hakim İlqar Murğuzovun sədrliyi ilə “Tovuz işi” üzrə təqsirləndirilən şəxslər barədə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Vəkil Elçin Sadıqov bildirib ki, Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin qanunsuz hökmünü qüvvədə saxlayıb.

“Bakı Apellyasiya Məhkəməsinin qərarı da qanunsuz və əsassızdır. Məhkəmənin qərarından kassasiya şikayəti verəcəyik,” vəkil qeyd edib.

Sadıqovun sözlərinə görə, məhkum edilmiş şəxslər aclığı davam etdirir.

“Onlar artıq üç gündən quru aclıq edir. Səhhətləri çox pisdir. Onlar ayaq üstə dura bilmədiyindən, oturaraq danışırdı,” o deyib.

Bu gün “Tovuz işi” üzrə təqsirləndirilənlərin ailə üzvləri etiraz olaraq Bakının Paralment prospektində avtomobil yolunu bağlamağa cəhd edib. Onlar hesab edir ki, məhkəmələrin qərarları sifarişlidir, övladları günahsızdır.

Bu iş üzrə keçənlər: Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli bir neçə il öncə Suriyada müharibədə qanunsuz silahlı birləşmələrin tərkibində iştirak ittihamı ilə həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatın istehsalı, idxalı, yayılması), 167-3.1-ci (dini ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi), 214 (terrorçuluq) və 218-ci (cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsi onların barəsində 2 il 6 aydan 8 ilə kimi hökm çıxarıb.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir və qurama kimi qiymətləndirir.

Bu səbəbdən təqsirləndirilən şəxslər iyulun 27-də məhkəmənin hökmünə etiraz olaraq aclığa başladıqlarını bildirib. Avqustun 5-dən isə sudan da imtina edərək quru aclığa başladıqlarını bəyan ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun