AXCP fəalı təcridxanaya köçürüləcək

AXCP fəalı təcridxanaya köçürüləcək
13 Avqust 2021
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətov bu gün - avqustun13-də  Şüvəlan qəsəbəsindəki 3 saylı istintaq təcridxanasına köçürüləcək. Bu barədə Turan-a onun xanımı Aygün Hümbətova bildirib. “Aqili Xəzər Rayon Polis İdarəsində saxlayırlar. Dünən ona paltar və yemək apardım. Özü ilə görüşə imkan vermədilər. Müstəntiq ilə görüşdüm. Dedi ki, Aqil “konkret cinayət əməli”nə görə saxlanılıb. Bu gün onu Şüvəlan təcridxanasına göndərəcəklər” , Hümbətova qeyd edib. Bundan öncə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Aqil Hümbətov avqustun 11-də Zirə qəsəbəsində şəxsi münaqişə zəminində qəsəbə sakini Yamən Məmmədova bıçaq xəsarətləri yetirdiyinə görə saxlanılıb. Lakin Hümbətovun xanımı onun kiməsə xəsarət yetirməsinə inanmır. O qeyd edib ki, həyat yoldaşı əvvəllər də şərlənərək həbs edilib. Belə ki, ötən il bir qadının yalançı şahidliyinə görə Aqili psixiatriya xəstəxanasına yerləşdiriblər. Aqil Hümbətov iqtidarın tənqidçisi kimi tanınır. Ötən il Azərbaycan rəhbərliyinin ünvanına tənqidi videoçarx ilə əlaqədar  iki dəfə psixiatriya xəstəxanasına yerləşdirilib.  2019-cu il martında analoji videonun yayılmasına görə onu 30 sutka inzibati həbsə məhkum ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun