AXCP fəalı barədə həbs qətimkan tədbiri seçilib

AXCP fəalı barədə həbs qətimkan tədbiri seçilib
16 Avqust 2021
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətova qarşı Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə (qəsdən bədənə ağır xəsarət yetirmə) ittiham irəli sürülüb. Xəzər Rayon Məhkəməsi onun barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib. Fəal Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasına yerləşdirilib. Bu barədə Aqil Hümbətovun həyat yoldaşı Aygün Hümbətova Turana bildirib. Aqil Hümbətov ötən gün təcridxanadan telefonla ailəsi ilə əlaqə saxlayıb. “O dedi ki, heç kimə bıçaqla xəsarət yetirməyib. Dedi ki, zibil yığdığı zaman bir nəfər kişi qışqıra-qışqıra ona yaxınlaşıb ki, guya Aqil onun ailə üzvünə nalayiq söz deyib. Aqil təəccüb içində onun ailə üzvlərini tanımadığını bildirib. Bu zaman həmin şəxs cibindən bir bıçaq çıxarıb və qışqıra-qışqıra guya Aqilin onu bıçaqladığını bildirib. Onun hər hansı bıçaq xəsarəti yoxdur və olmayıb. Elə bil polislər hazır durublarmış. Həmin kişi qışqıran an polislər dərhal Aqili saxlayıb,” Aqil Hümbətovun həyat yoldaşı telefon danışıqından sonra Amerikanın Səsinə bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti Hümbətovun Zirə kənd sakini Yamən Məmmədovu bıçaqladığı üçün saxlanıldığını bildirib. Hadisə avqustun 11-də baş verib. Aygün Hümbətova həyat yoldaşının bir qəsəbə sakinini bıçaqladığı üçün saxlanılması barədə polisin iddiasına inanmır. O hesab edir ki, həyat yoldaşı sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün təqib olunur. "Həbs ərəfəsində Aqilin Facebook səhifəsi sındırılıb və uşaq müavinətlərinin təyin edilməsini tələb etdiyi video müraciət silinib," o qeyd edib. Hümbətova qeyd edib ki, həyat yoldaşı əvvəllər böhtan atılaraq həbs edilib. Belə ki, keçən il bir qadının yalan ifadəsinə əsasən, Aqil psixiatrik xəstəxanaya yerləşdirilib. Belə ki, Hümbətov 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib. Yaxınları bildirir ki, A.Hümbətov habelə deyib ki, fiziki təzyiq yolu ilə ondan etirafedici ifadələr də alınıb. Yaxınlarının bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma sözügedən nazirlik, bir qayda olaraq, insanlardan fiziki təzyiq yolu ilə etirafedici ifadələr alınması ilə bağlı şikayətləri əsassız sayır. Nazirliyin mətbuat xidmətindən bundan əvvəl deyilib ki, A.Hümbətov Zirə kənd sakini Yamən Məmmədovu bıçaqladığı üçün saxlanıb. Hadisənin bu il avqustun 11-də baş verdiyi qeyd edilib. AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb olduğunu bildirib. Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir. Bundan sonra Hümbətov 2020-ci ilin aprelində və iyununda Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun