ABŞ Səfirliyi Baş Prokurorluğun məişət zorakılığının aradan qaldırılması ilə bağlı müraciətini alqışlayır

ABŞ Səfirliyi Baş Prokurorluğun məişət zorakılığının aradan qaldırılması ilə bağlı müraciətini alqışlayır
13 Avqust 2021
Mətni dəyiş
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi Baş Prokurorluğun Azərbaycanda məişət zorakılığının aradan qaldırılmasının vacibliyini vurğulamasını alqışlayır. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliynin açılamasında deyilir. Səfirlik qeyd edir ki, “dünyada milyonlarla qadın məişət zorakılığının qurbanı olub və Azərbaycanda 2021-ci ilin birinci yarısında 33 qadının bu dəhşətli cinayət nəticəsində həyatını itirməsi xəbəri bizi dərindən kədərləndirir”. “Məişət zorakılığı və qadınlara qarşı digər zorakılıq növlərinin aradan qaldırılmasına kömək etmək üçün Azərbaycan hökuməti və Azərbaycan vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməkdən qürur duyacağıq,” - ABŞ Səfirliyi qeyd edir. Ötən gün - avqustun 12-də Baş Prokurorluq qadınlara qarşı zorakılıq halları ilə bağlı video müraciət edib. Rəsmi qrumun müraciətində deyilir ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır. “Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində baş vermiş qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib. Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır! Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun "961" Çağrı Mərkəzinə müraciət et! #qadınzorakılığınasusma” deyə müraciətdə deyilir. [embed]https://www.youtube.com/watch?v=Ebw7u6gjy5I[/embed] Yerli qadın hüquqları müdafiəçiləri hesab edir ki, Azərbaycanda qadınların tənqidi səsləri eşidilmir. Onlar hesab edir ki, cəzasızlıq davam etdikcə, insanlar hüquqi qaydada cəza görməyincə qadın qətlləri artmaqda davam edəcək. Yerli ekspertlər Azərbaycanın İstanbul konvensiyasına qoşulmasını labüd sayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun