Əfqanıstandakı etnik azərbaycanlılar Bakıdan xilas gözləyir

Əfqanıstandakı etnik azərbaycanlılar Bakıdan xilas gözləyir
17 Avqust 2021
Mətni dəyiş

"Bütün azərbaycanlıların və türklərin adları xüsusi siyahılara daxil edilib, indi onların həyatı böyük təhlükə altındadır"

Əfqanıstandakı Azərbaycan diasporunun nümayəndəsi Fərid Şabanpur ölkənin üçüncü böyük şəhəri Heratda "taliblər"in təhdid və hücum təhlükəsi altında yaşayan azərbaycanlıların vəziyyətindən danışıb.

Fərid Şabanpur "Sputnik Azərbaycan"a bildirib ki, "Taliban" tərəfindən işğal olunmuş Heratda təxminən 16 min etnik azərbaycanlı yaşayır.

O bildirib ki, onlardan 500 nəfərinin həyatı xüsusi təhlükə altındadır. Çünki bunlar vaxtilə yerlərdə məmur olmuş şəxslər və onların ailə üzvləridir. Diaspor Əfqanıstanda vəziyyət sabitləşənə qədər bu insanların ölkədən müvəqqəti olaraq çıxarılmasını Azərbaycandan xahiş edib.

Üç gün bundan əvvəl "taliblər" Herata daxil olublar. Etnik azlıqların orada necə və hansı şəraitdə yaşadığı haqda danışmaq çox çətindir. "Taliban" türklərin yaşamaq üçün Türkiyəyə, azərbaycanlıların - Azərbaycana, taciklərin isə Tacikistana getmələrini tələb edib. Yəni, onların fikrincə, Əfqanıstan yalnız əfqanların, puştunların ölkəsidir. İki ay bundan əvvəl taliblər zadəganlarımızın evlərinə giriblər. Onları yerə yıxaraq sorğu-suala tutublar", - Şabanpur qeyd edib.

Azərbaycan diasporunun nümayəndəsi bildirib ki, bütün azərbaycanlıların və türklərin adları xüsusi siyahılara daxil edilib, indi onların həyatı burada böyük təhlükə altındadır.

Onun sözlərinə görə, dördüncü gündür ki, blokadadırlar - işləmək imkanı yoxdur. Şabanpurun özü də Azərbaycandan olan dostlarından kömək istəyib.

Təəssüf ki, Kabildə Azərbaycanın səfirliyi yoxdur ki, etnik azərbaycanlılar müraciət edə bilsinlər. Buna görə də Azərbaycana getmək mümkün deyil. İran və Pakistan da Əfqanıstandan olan miqrantları qəbul etmək istəmirlər. Türkiyə bu günlərdə Əfqanıstan vətəndaşlarına viza vermir, çünki çox sayda insan onun ərazisinə daxil olmaq istəyir. Belə ağır günlərdə Əfqanıstan azərbaycanlıları Azərbaycandan etnik azərbaycanlıların müdafiəsinə qalxmağı və onları tarixi vətənlərinə aparmağı xahiş edirlər.

"Kömək istəyəcək başqa heç kimimiz yoxdur", - deyə Şabanpur bildirib.

Bazar ertəsi, avqustun 16-da Azərbaycan Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Abdullayeva deyib ki, hazırda Əfqanıstanda Azərbaycan vətəndaşları yoxdur. Ancaq sülhməramlı kontingentimiz hələ də Əfqanıstandadır.

XİN onu da qeyd edib ki, etnik azərbaycanlıların Əfqanıstandan çıxarılması hələ planlaşdırılmır.

Avqustun 15-də "Taliban" bütün Əfqanıstan ərazisində hakimiyyəti ələ keçirdiyini bəyan edib. Hazırda ölkədə hakimiyyət Müvəqqəti Şuraya verilib, sonra Şura hakimiyyəti "Taliban"a ötürəcək. Əfqanıstan prezidenti Əşrəf Qəni istefa verərək ölkəni tərk edib. O, qırğının qarşısını almaq üçün bu addımı atdığını deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun